Suriyada uzunluğu 145, eni 30 km olan təhlükəsiz bölgə terrorçulardan təmizlənib.
KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə məlumatı Müdafiə Naziri Hulusi Akar açıqlamasında bildirib.
“145 km uzunluğunda və 30 km enində olan təhlükəsiz bölgə təmin edilib. Əməliyyatların aparıldığı bölgənin şərq və qərbindən təzyiqlər gəlir. Rusiya və ABŞ-la danışıqlar gedir”, Hulusi Akar qeyd edib.
Bundan başqa o açıqlamasında tərəflər arasında tam razılığın əldə edilmədiyini və işlərin davam etdiyini bildirib:
“ABŞ və Rusiya ilə olan razılaşmalar tam şəkildə yerinə yetirilməyib. Türk Silahlı Qüvvələri İŞİD ilə üz-üzə savaşan yeganə ordu olub. 3 mindən çox radikal İŞİD-çi Suriyanın şimalında zərəsizləşdirilib.
Biz beynəlxalq hüquq və razılıq çərçivəsində qadağan olunmuş heç bir silah-sursatdan və ya kimyəvi silahlardan istifadə etmədik və etmərik də.
Bu günə qədər 1200 terrorçu məhv edilib”.
Hazırladı: Firuzə ALİMOVA
