İkonalar, cəlladlar və imperiyanın süqutu: Çar taxtı və ya sovet liderlərinin ədalətibackend

İkonalar, cəlladlar və imperiyanın süqutu: Çar taxtı və ya sovet liderlərinin ədaləti

“Əgər çara yas tutmaq lazımdırsa, niyə yalnız II Nikolaya? Axı tarixdə faciəli taleyi ilə xatırlanmağa layiq başqa hökmdarlar da az olmayıb. Romanovlar sülaləsinin hakimiyyəti üç yaşlı uşağın amansız şəkildə edam edilməsi ilə başladı… I Pyotr öz doğma oğlu Alekseyi işgəncə ilə öldürdü… II Yekaterina isə bu baxımdan, demək olar ki, rekordçudur: o, iki qanuni imperatorun ölümündə rol oynayıb. Amma nədənsə yalnız vətəndaş Romanova yas tuturuq. Niyə? Çünki yeni Rusiya əxlaqına görə, zadəganlara, xüsusilə də tac sahiblərinə hər şeyə icazə verilir. Sadə xalq isə – yəni avam kütlə – cənablara əl qaldırmamalıdır…”.

Oxucuların müzakirələrindən götürülmüş bu iki fikir müasir Rusiyanın ideoloji mənzərəsindəki ən ağrılı ziddiyyətlərdən birinə toxunur. Son onilliklər ərzində II Nikolayın ətrafında az qala müqəddəslik kultu formalaşdırılıb. O, itirilmiş imperiyanın, monarxiya ənənələrinin və tarixi Rusiyanın simvolu kimi təqdim olunur. Lakin görünür, bu ideoloji layihə gözlənilən nəticəni verməyib. Cəmiyyətdə suallar artır, təklif olunan cavablar isə getdikcə daha çox mübahisə doğurur.

“Çar-şəhidlərə” ehtiram fonunda maraqlı bir tendensiya meydana çıxır: aşağıdan gələn tarixi yenidənqiymətləndirmə. İctimai rəyin müəyyən hissəsi diqqətini başqa tarixi şəxsiyyətlərə – “dövlətin banisi” kimi təqdim edilən Leninə və diktator Stalinə yönəldir.

“TAXT-TACDAN İMTİNA EDƏN MÜQƏDDƏS”: MONARXİYA İLLÜZİYASININ ÇÖKÜŞÜ

II Nikolayı müasir vətənpərvərliyin əsas simvollarından birinə çevirmək cəhdi tarixi reallıqlarla toqquşur. Oxuculardan birinin qeyd etdiyi kimi, Korçevnikov ölkəni çar büstləri ilə doldurub. Lakin təbliğatın həddindən artıq intensivliyi bəzən əks effekt yaradır. Müəyyən məqamdan sonra təkrar-təkrar təqdim edilən obraz insanlarda rəğbət deyil, qıcıq doğurmağa başlayır.

Ancaq əsas məsələ abidələrin sayı deyil, həmin tarixi şəxsiyyətin siyasi fəaliyyətidir. Cəmiyyət hökmdarı, ilk növbədə, hakimiyyəti dövründə əldə etdiyi nəticələrə görə qiymətləndirir.

II Nikolayın hakimiyyəti Rusiyanın iki böyük müharibədə ağır məğlubiyyətləri, qanlı faciələr, inqilablar və dövlət böhranı ilə yadda qalıb. 1917-ci ildə ölkənin ən ağır böhranı zamanı taxtdan imtina etməsi də onun siyasi irsinin mübahisəli məqamlarından biridir. Tənqidçiləri bunu dövlətçilik məsuliyyətindən geri çəkilmək kimi qiymətləndirirlər.

Beləliklə, onun faciəli sonluğu avtomatik olaraq güclü hökmdar obrazı yaratmır. Bir çox insan üçün II Nikolay xalqın əzablarına şərik olan müqəddəs şəxsiyyətdən daha çox, imperiyanın süqutunun qarşısını ala bilməyən zəif monarx kimi görünür.

Oxucuların qaldırdığı digər sual da maraqlıdır: niyə yalnız II Nikolayın faciəli taleyinə diqqət yetirilir? Bəs Şlisselburq qalasında uzun illər həbsdə saxlanılan və öldürülən VI İoann? Bəs sui-qəsd nəticəsində həyatını itirən I Pavel?

Rusiya monarxiyasının tarixi hakimiyyət uğrunda mübarizələr, saray çevrilişləri, sui-qəsdlər və amansız repressiyalarla doludur. Əgər öldürülmüş hökmdarların hamısına eyni meyarla yanaşılacaqsa, bu siyahı kifayət qədər uzun olacaq. Bu baxımdan, II Nikolayın xüsusi olaraq seçilməsi tarixi ədalətdən daha çox, müasir siyasi və ideoloji ehtiyaclarla əlaqələndirilir.

İnternet və informasiya əlçatanlığı da bu prosesə təsir göstərir. Artıq insanlar yalnız televiziya verilişlərində səsləndirilən fikirlərlə kifayətlənmirlər. Bir neçə dəqiqə ərzində Xodınka faciəsi, 1905-ci il Qanlı bazar hadisələri və Lena qızıl mədənlərində fəhlələrin güllələnməsi barədə məlumat əldə etmək mümkündür.

Nəticədə tarixi şəxsiyyətlərin fəaliyyəti müqayisəli şəkildə qiymətləndirilir. II Nikolayın hakimiyyəti dövründə baş verən faciələr xatırlandıqca, onun idealizə olunmuş obrazı da müəyyən mənada kölgədə qalır.

“CƏNABLARA ƏL QALDIRMAQ OLMAZ”: SİNİFİ ƏXLAQA QARŞI ETİRAZ

İkinci fikirdə daha ciddi və elita üçün təhlükəli hesab edilə biləcək bir məqam var. Söhbət Rusiya cəmiyyətində dərin kök salmış sosial ədalətsizlik hissindən gedir. “Cənablara hər şey olar, sadə xalq isə onlara əl qaldıra bilməz”.

Bu yanaşma Rusiyanın tarixi yaddaşında mühüm yer tutan sinfi qarşıdurmanın müasir ifadəsidir. Romanovlar sülaləsinin tarixinə tənqidi nəzərlə baxanlar hakimiyyət uğrunda mübarizədə hökmdarların bir-birinə qarşı törətdikləri qəddarlığı xatırladırlar.

Oxucu bu tarixi hadisələri sadalayaraq belə bir sual qoyur:

– Mixail Fyodoroviç Romanovun hakimiyyətinin ilk illərində üç yaşlı İvan Dmitriyeviçin – İvaşka Vorenok kimi tanınan, Marina Mnişek və Yalançı Dmitrinin oğlunun edam edilməsi;
– I Pyotrun öz oğlu, taxtın varisi Aleksey Petroviçə qarşı işgəncələrə yol verilməsi və onun ölümündə məsuliyyəti;
– Yelizaveta Petrovnanın hakimiyyətə gəlişindən sonra körpə imperator VI İoannın taxtdan salınaraq uzunmüddətli həbsə məhkum edilməsi;
– II Yekaterinanın hakimiyyəti dövründə III Pyotrun müəmmalı ölümü və VI İoannın öldürülməsi;
– I Aleksandrın atası I Pavelə qarşı saray çevrilişində iştirakı və ya bu hadisədən xəbərdar olması ilə bağlı tarixi mübahisələr.

Müəllifin əsas arqumenti budur: əsrlər boyu hakimiyyət uğrunda mübarizədə qan töküləndə, sui-qəsdlər və saray çevrilişləri baş verəndə bu hadisələr dövlət tarixinin bir hissəsi kimi təqdim edilir.

Lakin 1917-ci il inqilabından sonra xalqın hakimiyyətə qarşı üsyanı tamamilə başqa mənəvi və siyasi meyarlarla qiymətləndirilir.

Bu yanaşmanın arxasında sinfi ədalətsizlik hissi dayanır. Belə düşünənlər üçün bolşevik inqilabı yalnız faciə və dağıntı deyil, həm də əsrlərlə davam etmiş sosial bərabərsizliyə qarşı üsyan kimi görünür.

Bu baxımdan Lenin və Stalin obrazları həmin ictimai şüurda təkcə sovet rəhbərləri deyil, həm də köhnə zadəgan və aristokratik quruluşa qarşı mübarizənin simvollarına çevrilir.

Bəli, müasir Rusiyada korrupsiya, bürokratiya, sosial bərabərsizlik və “öz adamlarına hər şey, digərlərinə isə qanun” prinsipi ilə bağlı narazılıqlar fonunda Stalin obrazı müəyyən dairələr üçün nizam-intizamın və cəzanın qaçılmazlığının simvoluna çevrilib.

Bu rəğbət heç də mütləq şəkildə repressiyalara və QULAQ sisteminə nostalji demək deyil. Bir çox hallarda insanlar Stalinin idarəçilik modelinin özlərində yaratdığı güclü dövlət təsəvvürünə, məmurların məsuliyyət daşıması və dövlət əmlakının qorunması ideyasına üstünlük verirlər.

Sovet İttifaqı pulsuz təhsil və səhiyyə sistemi, sosial təminat, eləcə də ucqar kəndlərdən çıxan insanların yüksək vəzifələrə yüksəlməsi üçün müəyyən imkanlar yaradırdı. Müasir Rusiyada isə bir çox insan hesab edir ki, sosial pilləkəndə irəliləmək üçün artıq peşəkarlıqdan daha çox pul və şəxsi əlaqələr vacibdir.

Belə bir şəraitdə sovet dövrü sosial ədalətin və bərabər imkanların mövcud olduğu bir mərhələ kimi xatırlanır. Təbii ki, bu yanaşma sovet tarixinin repressiyalar, siyasi təqiblər və digər faciəli səhifələrini arxa plana keçirir.

BÖYÜK LAYİHƏYƏ VƏ GÜCLÜ DÖVLƏTƏ TƏLƏBAT

Müasir istehlak cəmiyyəti insanların “Nə üçün yaşayırıq?” sualına hər zaman cavab verə bilmir. Maddi rifah, yeni avtomobil və komfortlu həyat insanlarda böyük tarixi missiyanın iştirakçısı olmaq hissini əvəz etmir.

SSRİ isə Rusiya tarixində genişmiqyaslı dövlət layihəsi kimi yadda qalıb. Ölkə kosmosun fəthində ön sıralarda yer aldı, İkinci Dünya müharibəsində qələbə qazandı, nəhəng sənaye müəssisələri və şəhərlər inşa etdi, dünya siyasətində supergüc statusuna yüksəldi.

Sovet liderlərinə rəğbətin artmasının səbəblərindən biri də məhz bu tarixi miqyasla bağlıdır. İnsanlar böyük tikintiləri, zavodları, kosmodromları, elmi nailiyyətləri və beynəlxalq nüfuzu xatırlayırlar.

Bu mənzərədə II Nikolay imperiyanın süqutunun, itirilmiş imkanların və böhran qarşısında aciz qalan hakimiyyətin simvolu kimi təqdim olunur. Lenin və Stalin isə fərqli ideoloji qiymətləndirmələrə baxmayaraq, böyük dövlət layihəsinin rəhbərləri kimi xatırlanırlar.

Əslində, burada söhbət bütün Rusiya cəmiyyətinin kommunist ideologiyasına qayıtmasından getmir. Daha çox tarixi yaddaşın yenidən qiymətləndirilməsi və güclü dövlət, sosial ədalət, bərabər imkanlar tələbinin artmasından söhbət gedir.

İnsanlar tarixə yalnız zadəganların və monarxistlərin gözü ilə baxmaq istəmirlər. Onlar hökmdarları taclarına, faciəli ölümlərinə və sonradan yaradılan müqəddəslik obrazlarına görə deyil, hakimiyyətləri dövründə ölkəyə nə verdiklərinə görə qiymətləndirməyə çalışırlar.

II Nikolayın idealizə olunmuş obrazının cəmiyyətdə birmənalı qəbul edilməməsi də bununla bağlıdır. Lenin və Stalinə rəğbətin müəyyən dairələrdə artması isə keçmişə qayıtmaq istəyindən daha çox, indiki dövrdə çatışmayan ədalət, nizam-intizam və dövlət məsuliyyəti axtarışının ifadəsi ola bilər.

Bir həqiqət də var: cəmiyyətə yalnız keçmişin qəhrəmanlarını təqdim etməklə onun bugünkü problemlərini unutdurmaq mümkün deyil. İnsanlar tarixdən daha çox, bu gün yaşadıqları reallığa cavab axtarırlar.

Dövlət cəmiyyətə ədalətli idarəçilik, sosial təminat, bərabər imkanlar və gələcəyə inam verə bilmədikdə, keçmişin güclü liderləri yenidən ictimai müzakirələrin mərkəzinə qayıdırlar.

Və nə qədər II Nikolayın büstləri ucaldılsa da, cəmiyyətin yaddaşında tarixə dair suallar, müqayisələr və ziddiyyətlər qalmaqda davam edəcək.

Mənbə: “Сказы истории” kanalı.
Tərcümə etdi: Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*