Kanadanın bu avtomobili dünyanı heyrətləndirdi – Çinin həsəd apardığı dizaynbackend

Kanadanın bu avtomobili dünyanı heyrətləndirdi - Çinin həsəd apardığı dizayn

ABŞ Prezidenti Donald Trampın Kanada ilə iqtisadi qarşıdurmanı gücləndirdiyi bir vaxtda Ottava öz sənaye potensialını nümayiş etdirməyə hazırlaşır.

KONKRET.az xəbər verir ki, Kanadanın “Project Arrow” adlı avtomobil layihəsi ölkənin avtomobil istehsalı sahəsində yeni mərhələyə qədəm qoymaq niyyətini ortaya qoyur.

“Project Arrow” Kanadanın 80-dən çox yerli istehsalçısını, mühəndisini, universitetini və texnologiya şirkətini bir araya gətirən innovativ təşəbbüsdür. Layihə çərçivəsində 2026-cı ildə “Vector” və “Borealis” adlı iki avtomobil prototipi təqdim edilib.

VECTOR – 650 AT GÜCÜ VƏ 550 KİLOMETR MƏSAFƏ

“Vector” elektrik mühərriki ilə təchiz olunub. Avtomobilin mühərrik gücü 650 at qüvvəsi, nəzərdə tutulan yürüş məsafəsi isə təxminən 550 kilometrdir. Modeldə üçüncü səviyyəli avtonom idarəetmə texnologiyalarının tətbiqi nəzərdə tutulur.

Avtomobilin hazırlanmasında yüngül alüminium və polimer konstruksiyalardan, üçölçülü çap texnologiyasından və süni intellekt əsaslı dizayn həllərindən istifadə edilib.

BOREALIS – SÜKAN VƏ PEDALLAR OLMADAN AVTOMOBİL

“Borealis” isə daha cəsarətli texnoloji konsepsiya kimi təqdim olunur. Bu modeldə beşinci səviyyəli tam avtonom idarəetmə nəzərdə tutulub. Belə avtomobildə ənənəvi sükan və pedallara ehtiyac qalmır.

Konsepsiya yol infrastrukturu və digər avtomobillərlə qarşılıqlı əlaqə, eləcə də təxminən 1500 kilometrlik nəzərdə tutulan yürüş məsafəsi ilə diqqət çəkir.

Layihənin növbəti mərhələlərində akkumulyator sistemlərinin təkmilləşdirilməsi, enerjinin ağıllı idarə olunması, sensorlar, radarlar, lazer ölçmə texnologiyaları, kibertəhlükəsizlik və rabitə sistemlərinin inkişafı planlaşdırılır.

Kanadanın sərt qış şəraiti baxımından bu texnologiyaların xüsusi əhəmiyyəti var. Söhbət yollarda görünməyən buz qatının – “qara buz”un vaxtında müəyyən edilməsi, avtomobilin dartma qabiliyyətinə nəzarət və çətin hava şəraitində təhlükəsizliyin artırılmasından gedir.

“Project Arrow” adı da təsadüfi seçilməyib. Bu ad Kanadanın mühəndislik tarixinin əfsanəvi nümunələrindən biri olan “Avro Arrow” səsdən iti hərbi təyyarəsinə ehtiramın ifadəsidir. Vaxtilə ölkənin texnoloji ambisiyalarının simvoluna çevrilmiş həmin təyyarənin adı indi yeni avtomobil layihəsində yaşadılır.

Bir məqamı xüsusi vurğulamaq lazımdır: “Vector” və “Borealis” kütləvi istehsala hazır avtomobillər deyil. Bunlar Kanadanın mühəndislik imkanlarını, texnoloji potensialını və gələcək avtomobil sənayesinin istiqamətlərini nümayiş etdirən prototiplər və konseptual işləmələrdir.

Bununla belə, layihənin əsas mesajı kifayət qədər aydındır: Kanada yalnız avtomobil ehtiyat hissələri istehsal edən ölkə olmaqla kifayətlənmək istəmir. Ottava özünün müstəqil avtomobil texnologiyalarını, mühəndislik həllərini və gələcəyin nəqliyyat vasitələrini yaratmaq potensialına malik olduğunu nümayiş etdirir.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*