Prezident İlham Əliyev bugünkü təhdidlərin təkcə fiziki deyil, həm də ideoloji xarakter daşıdığını və hamının bunu çox yaxşı bildiyini deyib.
KONKRET.az bildirir ki, Prezident bunu TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib.
“Bugünkü təhdidlərin təkcə fiziki deyil, həm də ideoloji xarakter daşımasına gəldikdə isə hesab edirəm ki, bu barədə danışmağa ehtiyac yoxdur, hamımız bunu çox yaxşı bilirik. Ölkələrimizin ardıcıl inkişafını və konstitusiya quruluşunun qorunmasını təmin etmək üçün ölkələrimizə və xalqlarımıza zidd hər cür ideoloji təxribatlara qarşı birgə mübarizə aparmaq lazımdır. O cümlədən adətən ölkələrimizin hüdudlarından çox uzaqda yerləşən, lakin nədənsə məlum mərkəzlərdən maliyyələşən müxtəlif media strukturları vasitəsilə həyata keçirilən təxribatlara qarşı. Bu maliyyələşdirmə ölkələrimizin dövlət quruluşunun sarsıdılmasına, ictimai həmrəyliyin pozulmasına, yad narrativlərin və dəyərlərin aşılanmasına yönəlib. Biz buna qarşı Azərbaycanda çox fəal mübarizə aparırıq və deməliyəm ki, böyük uğurlar əldə etmişik”, – deyə dövlət başçısı vurğulayıb.
