Şor qızının əfsanəsi – Bir pişiyin ölümü ilə başlanan ömürbackend

Şor qızının əfsanəsi - Bir pişiyin ölümü ilə başlanan ömür

Bu gün bir qadından danışacağam. Ömrünün böyük hissəsini başqa bir coğrafiyada yaşasa da, taleyi Azərbaycanla, Qarabağla, Kəlbəcərlə, Vidadi Salahovla bağlanan bir qadından. Adı Marina Salahovadır. Milliyyətcə şordur. Rusiyanın ucqar bölgələrində yaşayan, sayı çox az olan türk xalqlarından birinin nümayəndəsi idi. Amma Marina xanımı yalnız milliyyəti ilə təqdim etmək, məncə, onun həyatını anlatmağa kifayət etməz. O, həm də Vidadi Salahovun həyat yoldaşı idi. Qazaxıstanda tanınmış diaspor rəhbərlərindən biri olmuş bir azərbaycanlının ömür-gün yoldaşı. Vidadi müəllimi tanıyanlar bilirlər: ziddiyyətli xarakteri vardı. Bəzən sərt, bəzən çılğın, bəzən adamı heyrətləndirəcək qədər cəsarətli, bəzən də heç kimin gözləmədiyi qədər kövrək… Amma bir şeyi dəqiq bilirdim: Vidadi müəllim Marina xanıma çox bağlı idi. O, həyat yoldaşı haqqında danışanda bir ifadə işlədirdi: “Marina yıxılı evin dirəyidir”.

fadil Paşayev
Fadil Paşayev, əməkdar jurnalist

Gəlin bir qədər əvvələ gedək. Elə kişinin öz dili ilə başlayaq. Vidadi müəllim Rusiyanın ucqar çöllərində Marina ilə necə tanış olduğunu dostlarına , o cümlədən bizə də dəfələrlə danışmışdı. Bir az yumorla, bir az da qətiyyəti ilə. Kişi nəql edirdi ki, o vaxt Marina hələ gənc idi və orta məktəbdə ibtidai sinif müəlliməsi işləyirdi. Kəlbəcərli balası onun xasiyyətinə tam bələd deyildi. Deyirdi ki, istəyirdim, Marina məni həm sevsin, həm də məndən qorxsun.

Bu sözün ardınca elə bir əhvalat danışmışdı ki, indi də xatırlayanda adamın içi titrəyir. Marinanın çox sevdiyi bir pişiyi varmış. Vidadi müəllim günlərin bir günündə əsəbiləşərək həmin pişiyi öldürüb qapının ağzından asıb. Elə bu hadisədən sonra Marina ondan çox qorxmuşdu. Zaman göstərdi ki, haqqında həvəslə danışdığım qadın, xanım-xatın bir insan Vidadinin həyatındakı bütün çətinliklərə dözdü. Onun sərtliyinə, çılğınlığına, ziddiyyətli xarakterinə, bəzən anlaşılması çətin olan davranışlarına baxmayaraq, mərdanə şəkildə ərinin arxasında dayandı. Vidadi haraya gedirdisə, Marina da onunla idi. Ağır günlərdə də, yaxşı günlərdə də. Və nəhayət, onlar birlikdə Astanada “Atayurd” istirahət mərkəzini və kafeni yaratdılar.

Qısası, Vidadi müəllim dünyasını dəyişəndə mən onun ölümünün Marinanı necə sarsıdacağını düşünürdüm. Amma sonradan Marina özü deyirdi ki, ilk vaxtlar ərinin ölümünün dəhşətini isti-isti hiss etməmişdi… Çox sonralar bir nüans aydın oldu mənə. Belə ki, günlərin bir günündə Astanadan Marina xanım zəng etdi və Bakıya gəlmək istədiyini dedi. Hələ məni titrədən bir ifadə də işlətdi ki, Vidadi müəllimlə görüşəcək. Məni qarşılayarsan”. Bu cümləni heç vaxt unutmadım. Aeroportda onu qarşıladım. Məni görən kimi çox ağladı. Sonra üzümə baxıb dedi: “Fadil, Vidadinin səni sevdiyini indi başa düşürəm. Bir yaxın qohum, doğma adam kimi sizə gəlməkdə səhv etməmişəm”. Bu sözlər mənim üçün sadəcə bir təşəkkür deyildi. Vidadinin ölümündən sonra Marina özünü tək hiss etmirdi. O, ərinin dostlarını, onun yaxın bildiyi insanları özünün də doğmaları hesab edirdi.

Yaxşı yadımdadır, əziz dostum Faiq Hüsiyevlə birlikdə onu və rus qadından olan qızını Bərdəyə apardıq. Marina məzarı görəndə sanki bütün yol boyu içində saxladığı ağrı birdən üzə çıxdı. Bizə baxdı. Hıçqırtı ilə dedi:

“Məni onunla tək buraxın. Sözüm var ona…”. Heç nə demədik. Hamımız kənara çəkildik. Marina Vidadinin məzarının başında tək qaldı. Yarım saata yaxın orada nə isə pıçıldadı. Nə danışdığını bilmədik. Bəlkə illərlə ürəyində yığılan sözləri deyirdi. Bəlkə Astanadan Bərdəyə qədər gətirdiyi bütün xatirələri onunla bölüşürdü. Bunu heç vaxt bilməyəcəyik. Marina yanımıza qayıdanda gözləri ağlamaqdan şişmişdi. Amma qəribədir, həmin gün onun simasında yalnız kədər görmədim. Sanki içində bir rahatlıq da vardı. Bəlkə də bu şor qızı uzun müddətdir getmək istədiyi bir ünvana gəlib çıxmışdı.

Elə həmin gün Bakıya qayıtdıq. Yol boyu Marina gələcək planlarından danışırdı. Deyirdi ki, Vidadi Salahovun adına fond yaradacaq. Onun şeirlərini, xatirələrini toplayacaq. Azərbaycan və qazax dillərində kitab nəşr etdirəcək. Vidadinin adını yaşadacaq.

Mən onu dinləyirdim və düşünürdüm ki, deməli, bu qadın həyat yoldaşının ölümündən sonra da onun yarımçıq qalan işlərini öz üzərinə götürmək niyyətindədir. İnsan bəzən sevdiyi adamı yaşatmaq üçün onun əşyalarını deyil, xatirələrini qoruyur.

Marina da bunu etmək istəyirdi. Amma… Bir neçə gün sonra dostumuz Pərviz zəng etdi. Marinanın qəfildən dünyasını dəyişdiyini dedi. O an keçirdiyim hissi sözlə ifadə etmək çətindir. Axı biz onu yenicə Bərdədən gətirmişdik. Bir neçə gün əvvəl Vidadinin məzarının başında dayanmışdı. Gələcək planlarından danışmışdı. Fond yaradacağını demişdi. Kitab çap etdirəcəyini söyləmişdi. Həyat isə onun bütün planlarını bir neçə günün içində yarımçıq qoydu.

Yaxşı yadımdadır, Vidadi müəllim həyat yoldaşını əzizləyəndə ona “Maça” deyə müraciət edirdi. Bu söz onun dilində xüsusi bir sevgi ifadəsi idi. Vidadinin Marina ilə bağlı başqa bir sözü də yadımdadır: “Maça, mən səndən qabaq ölsəm, səni özümlə aparacağam. Mütləq aparacağam”. Bu sözləri deyəndə Marinanın üzündə qəribə bir ifadə yaranırdı. Dəhşətli, qorxmuş bir ifadə… Çünki Marina ərinin dediyi hər sözə uşaq kimi inanırdı.

Bax belə, insan həyatda çox adam tanıyır, bəziləri yaddaşımızda bir ad kimi qalır, bəziləri bir hadisə kimi. Elələri də var ki, həyatımıza toxunub gedir və illər keçsə də, onların səsi, baxışı, bir cümləsi yadımızdan çıxmır. Marina Salahova da mənim yaddaşımda belə qalıb. Mən onu Vidadi Salahovun həyat yoldaşı kimi tanımışdım. Sonra anladım ki, o, sadəcə Vidadinin həyat yoldaşı deyilmiş. O, Vidadinin həyatının səssiz dayağı, çətin günlərinin sirdaşı, həsrətlərinin şahidi, xatirələrinin qoruyucusu imiş.

Etiraf edim ki, mənim üçün Marina Salahovanın hekayəsi bitməyib. Çünki Marina Vidadinin xatirəsinə çevrilmiş bir qadın kimi yox, Vidadinin xatirəsini özü ilə daşıyan xanım olaraq onu tanıyanların yaddaşında bir əfsanəyə çevrildi.

Allah sizə rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*