Rusiya Ukraynaya qarşı müharibədə istifadə etmək üçün hərbi pilotsuz uçuş aparatlarının istehsalına Şimali Koreyadan olan işçiləri getdikcə daha fəal cəlb edir. Bununla da beynəlxalq sanksiyalara məhəl qoymur.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ, Almaniya, Cənubi Koreya, Yaponiya və digər ölkələrin yaratdığı Çoxtərəfli Sanksiyaların Monitorinq Qrupunun hesabatında bildirilir.
Qrupun məlumatına görə, Rusiyanın pilotsuz uçuş aparatlarının istehsalı sektorunda, o cümlədən Tatarıstandakı “Alabuqa” xüsusi iqtisadi zonasının müəssisələrində 25 minədək Şimali Koreya vətəndaşı çalışır. Hesabatda qeyd olunur ki, sanksiyalardan yayınmaq məqsədilə Şimali Koreya vətəndaşları Rusiyaya tələbə adı ilə daxil olurlar. Onların orta illik qazancı isə 7 500 dollar təşkil edir.
Hesabat müəllifləri yazırlar ki, qazanılan vəsaitin böyük hissəsi Şimali Koreya hakimiyyəti tərəfindən müsadirə olunur. Bəzi hallarda isə götürülən məbləğ həmin şəxslərin faktiki qazancını belə üstələyib.
Məlumata əsasən, xaricdə çalışan Şimali Koreya mütəxəssisləri 2025-ci ildə Kim Çen In rejiminə 800 milyon dollaradək gəlir gətirib. Hesabatda vurğulanır ki, bu vəsait Şimali Koreyanın BMT
Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq inkişaf etdirdiyi nüvə və raket proqramlarının maliyyələşdirilməsinə yönəldilib.
Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə, artıq bu ölkədən Rusiyaya gələn miqrantların sayı milyonu ötüb.
Ağagül Mürsəlov,
KONKRET.az
