İrana hücum faktoru – Azərbaycan nefti bahalaşır, bəs iqtisadi dividentlər?backend

İrana hücum faktoru - Azərbaycan nefti bahalaşır, bəs iqtisadi dividentlər?

İrana qarşı mümkün hərbi zərbələrin qlobal enerji bazarına təsiri və bunun neft qiymətlərində yaratdığı dəyişikliklər Azərbaycan iqtisadiyyatı üçün həm müsbət, həm də müəyyən riskli nəticələr vəd edir. Regionda artan gərginlik fonunda enerji bazarlarında qeyri-müəyyənlik yüksəlir və bu da neftin qiymətində dalğalanmalara səbəb olur. Belə bir şəraitdə əsas sual budur: neftin bahalaşması Azərbaycan iqtisadiyyatına daha çox fayda gətirəcək, yoxsa yeni iqtisadi risklər yaradacaq?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirib ki, regionda baş verən proseslər neftin bahalaşmasına səbəb olur.

Razi Abbasbəyli deputatlığa namizəd oldu - FOTO

Onun sözlərinə görə, bazarda psixoloji gərginlik yaradan bir neçə amil mövcuddur.

İqtisadçı qeyd edib ki, xüsusilə Hörmüz boğazı vasitəsilə enerji təchizatında mümkün gecikmələr və risklərlə bağlı narahatlıqlar dünya bazarında gərginliyi artırır:

“Hazırda həm neft, həm də qaz təminatı ilə bağlı qlobal narahatlıqlar mövcuddur. Bu faktorlar neft qiymətləri ilə bağlı tərəddüdlər yaradır və nəticədə dünya bazarında qiymətlərin artmasına səbəb olur.
Neftin bahalaşması Azərbaycan iqtisadiyyatı üçün müəyyən müsbət impuls yaratsa da, bunun paralel təsirləri də mövcuddur.
Azərbaycan daha baha qiymətə neft sata bilir. Lakin eyni zamanda ölkə idxal etdiyi ərzaq, sənaye və digər məhsulları da daha yüksək qiymətlərlə almağa məcbur qalır. Bu isə xarici valyuta təzyiqlərinin artmasına və nəticədə daxili bazarda bahalaşmaya səbəb ola bilər”.

Ekspert qeyd edib ki, belə hallarda inflyasiya riskləri də yüksəlir.

Onun fikrincə, bu kimi vəziyyətlərdə hökumət adətən əlavə maliyyə alətlərindən istifadə edərək iqtisadi sabitliyi qorumağa çalışır.

“Azərbaycanın bu sahədə müəyyən təcrübəsi var və əvvəlki illərdə tətbiq edilən mexanizmlərin yenidən istifadə olunacağı gözlənilir.

Qiymət artımı müəyyən mənada əlavə xərclər yaratsa da, bu zərər ciddi hiss olunmayacaq və ümumi mənzərədə Azərbaycan iqtisadiyyatı üçün müsbət nəticələr daha üstün olacaq”, – deyə iqtisadçı əlavə edib.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*