“İranla sərhəd kəndlərinin boşalmasına imkan vermək olmaz” – Millət vəkili həyəcan TƏBİLİ ÇALDIbackend

“İranla sərhəd kəndlərinin boşalmasına imkan vermək olmaz” – Millət vəkili həyəcan TƏBİLİ ÇALDI

“Mən çox istərdim ki, mövcud imkanlar araşdırılsın və bizim hərbi xərclərimiz bir az da artırılsın. Bunu təsadüfən söyləmirəm. Çünki Ermənistanla sərhəddə vəziyyət gərgindir, hərbi əməliyyatlar gedir. Bu baxımdan hesab edirəm ki, yüksək olan hərbi büdcəmizin bir az da artırılmasına ehtiyac var”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında çıxışı zamanı millət vəkili Elman Nəsirov səsləndirib. Millət vəkili sərhədyanı rayonlara xüsusi diqqət ayrılmasının vacibliyinə diqqət çəkib: “Cəlilabad rayonu İranla sərhəddə yerləşir. İranla sərhədboyu kəndlərimizə və yaşayış məntəqələrimizə daha böyük diqqət və qayğı göstərməyə ehtiyac var. Bu gün Cəlilabadın Qarakazımlı, Məlikqasımlı, Təklə, Mikayıllı və digər kəndlərini insanlar tərk edirlər. Onları həmin kəndlərdən heç kim köçürmür, özləri tərk edirlər. Cəlilabad, Bakı və digər şəhərlərə axın edirlər. İranla sərhəd kəndlərinin boşalmasına imkan vermək olmaz. Bu təkcə iqtisadi və demoqrafik məsələ deyil, həm də böyük siyasətdir. O kəndlərə xüsusi diqqət ayrılmalıdır”.

Millət vəkili əlavə edib ki, bir il öncə Boyxanlı kəndinin işıq problemi ilə bağlı qaldırdığı məsələ öz həllini tapıb: “İranla sərhəd kəndlərinin qaz problemi ilə bağlı “Azəriqaz” qarşısında məsələ qaldırmışdım. Bu yaxınlarda əldə etdiyim məlumata görə, Cəlilabadın İnili, Məmmədcanlı və Cəfərli kəndlərinə qaz çəkilib. Digər kəndlərdə də bu istiqamətdə iş aparılır. Amma yollar çox bərbad vəziyyətdədir. Bakıdan Cəlilabada, rayondan isə həmin kəndlərə 2 saata gedib çıxmaq olur. Bu baxımdan çox istərdim ki, Təklə-Bayxanlı, Təklə-Məlikqasımlı kəndlərinin yenidən qurulmasına diqqət ayrılsın”.

Müşviq Tofiqoğlu

KONKRET.az   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*