İşdən çıxmaq istəyənlər üçün vacib xəbər: Bir ay öncədən demək şərtdirmi?backend

İşdən çıxmaq istəyənlər üçün vacib xəbər: Bir ay öncədən demək şərtdirmi?

İşdən ayrılmaq istəyən şəxslərin qarşılaşdığı ən geniş yayılmış məsələlərdən biri işəgötürənlərin irəli sürdüyü “bir ay işləməlisən” tələbidir.

Bəs hansı hallarda işçi bir aylıq xəbərdarlıq müddətini gözləmədən əmək müqaviləsinə xitam verə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Turan Abdullazadə bildirib ki, işəgötürənlərin bu məsələ ilə bağlı qanunu yanlış şərh etdiyi hallara tez-tez rast gəlinir.

Turan Abdullazadə

Onun sözlərinə görə, Əmək Məcəlləsində işçinin əmək müqaviləsinə hansı şərtlərlə xitam verə biləcəyi açıq şəkildə müəyyən olunub:

“İşdən ayrılmaq istəyən şəxslərə tez-tez “bir ay işləməlisən” deyilsə də, bu tələb bütün hallarda qanuni hesab olunmur. Bəzi işəgötürənlər işçini bir ay işləməyə məcbur etmək məqsədilə qanunu yanlış izah edir, hətta onu intizam pozuntusuna görə işdən çıxarmaqla hədələyirlər. İşçiyə bildirilir ki, əvvəlcədən bir ay xəbərdarlıq etmədiyi üçün əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin ‘ç’ bəndi ilə ləğv oluna bilər. Halbuki həmin bənd işçinin əmək funksiyalarını və ya əmək müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi hallara aiddir”.

Hüquqşünas qeyd edib ki, Əmək Məcəlləsinin 69.3-cü maddəsi işçiyə müəyyən hallarda bir aylıq xəbərdarlıq müddətini gözləmədən əmək müqaviləsinə xitam vermək hüququ tanıyır.

“Şəxs yaşa və ya əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsil müəssisəsinə qəbul olunduqda, yaşayış yerini dəyişdikdə, başqa işəgötürənlə əmək müqaviləsi bağlamaq barədə razılıq əldə etdikdə, eləcə də seksual qısnamaya məruz qaldıqda ərizəsində göstərdiyi tarixdən əmək müqaviləsinə xitam verə bilər”.

Turan Abdullazadə vurğulayıb ki, sadalanan hallarda işçinin əvvəlcədən bir aylıq xəbərdarlıq etmədən işdən ayrılması qanunvericiliyə tam uyğundur.

“Belə vəziyyətlərdə işəgötürənin işçiyə təzyiq göstərməsi, onu hədələməsi və ya qanunvericiliyi əsas gətirərək bir ay işləməyə məcbur etməsi hüquqi əsas daşımır”, – deyə hüquqşünas əlavə edib.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*