İsrail İranla müharibə etməyəcək – Politoloqdan AÇIQLAMAbackend

İsrail İranla müharibə etməyəcək – Politoloqdan AÇIQLAMA   

Rusiya Ukrayna müharibəsi müxtəlif dövlətlər arasındakı gərginlikləri su üzünə çıxardı. Müharibənin gətirdiyi fəlakət növbəti hərbi toqquşmalar üçün zəmin yaradıb.

Bu günlərdə İsrail və İran arasında münasibətlər yenidən gərginləşib. Belə ki, İsrailin İranla genişmiqyaslı müharibəyə hazırlaşması ilə bağlı fikirlər səsləndirilir.
İsrailin “Maariv” xəbər agentliyi yazır ki, İsrail Müdafiə Qüvvələri (ÇAXAL) ilk dəfə olaraq İran və onun müttəfiqlərinə qarşı genişmiqyaslı hərbi əməliyyat keçirmək üçün təlimlər keçirir. “Atəş arabaları” təlimi çərçivəsində İDF İrana hücuma hazırlaşacaq. Manevrlərdə İsrailin şimal hissəsində gərginliyin artması halında iştirak edə biləcək bütün bölmələr iştirak edəcək.

Maraqlıdır, İsrail İrana həqiqətən də müharibə elan edə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Zaur Məmmədov cavablandırıb. O bildirib ki, hər bir dövlət daima müharibəyə hazır olmalıdır:

“İsrail ilə İran arasında müharibə ehtimalı region ölkələri üçün olduqca vacib və maraqlı məsələlərdən biridir. İki ölkənin geosiyasi baxış bucaqları üst-üstə düşmür və tərəflər arasında bir çox mövzularla bağlı qaranlıq məqamlar var. Eyni zamanda hər iki dövlət digərini öz milli təhlükəsizliyinə qarşı təhdid olaraq görür. Lakin istənilən ölkə hərbi təlim keçirə bilər. Dünyada baş verən proseslər bir daha onu göstərir ki, hər bir dövlət daima müharibəyə hazır olmalıdır. Bu mənada İsrailin hərbi təlimlərə başlamasında qəbahət görmürəm”.

Politoloq fikirlərinə belə davam edib:

“İsrail-İran arasında müharibənin baş verəcəyini düşünmürəm. Hazırda Qərblə İran arasında danışıqlar gedir. Danışıqlarda tərəflərin müxtəlif mövzularda ortaq məxrəcə gəlməsi də istisna deyil. Əlbəttə də, İsrail Qərb və İran arasında razılıq əldə olunmasını istəmir və buna etiraz edir. Avropa İttifaqı İran bazarında maraqlıdır. Ukrayna müharibəsi fonunda İranın Qərbin müəyyən dairələri üçün lazımlılığı ilə bağlı müxtəlif fikirlər gündəmdədir. Bütün bunlara rəğmən İsrail ilə İran arasında müharibənin olacağını gözləmirəm. İsrail də digər dövlətlər kimi hərbi təlimlər keçirir. Burada heç bir təhlükə yoxdur”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*