Örtülü salonda Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatına yekun vurulub.
KONKRET.az xəbər verir ki, Azərbaycanın müxtəlif bölgələrindən olan 60-a yaxın kişi və qadın idmançının qatıldığı yarışlarda üç yaş kateqoriyası üzrə (16 yaşa qədər yeniyetmələr, 16-18 yaşlı gənclər və böyüklər) mükafatçılar müəyyən edilib.
Örtülü salonda 18 metrlik məsafədən hədəfi nişan alan yeniyetmə qızlar arasında 1-ci, 2-ci, 3-cü yerləri müvafiq olaraq Sümeyya Bədəlli, Zəhra Carçılı və Dəniz Hüseynli bölüşüblər. Kişilərin yarışında isə birinciliyi Zahid Kazımzadə qazanıb. Anar Cavadzadə ilə Sərdar Vəliyev gümüş və bürünc medallara sahib olublar.
Gənc qadın oxatanların mübarizəsində Nülufər Ağaməmmədli bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Leyla Əfəndiyeva ilə Leyla Məmmədli isə yarışı gümüş və bürünc medallarla başa vurublar.
Eyni yaş kateqoriyasında çıxış edən kişilər arasında Məhəmməd İsmayılov, Cəmil Növruzov və Ümid Nağıyev finalda müvafiq olaraq 1, 2 və 3-cü yerə yiyələniblər.
Olimpiya təmsilçimiz Yaylagül Ramazanova Azərbaycan çempionu adını qazanıb. Ən yüksək nəticə göstərən idmançımız yarışdan qızıl medalla ayrılıb. Digər finalçı Fatimə Hüseynli rəqibinə iki xal fərqi ilə uduzaraq yarışı ikinci pillədə tərk edib. Çempionatın bürünc medalına isə Svetlana Simonova yiyələnib.
Bu yaş kateqoriyası üzrə kişilər arasında Məhəmmədəli Əliyev bütün rəqiblərinə qalib gələrək, qızıl medalı təmin edib. Əhməd Hüseynov və Roman Venqerov isə 2-ci və 3-cü yerdə qərarlaşıblar.
Çempionat qaliblərin mükafatlandırılması ilə başa çatıb.