Silivri həbsxanasında 2011-ci ildə vəfat edən MİT-in Xarici Əməliyyatlar Departamentinin keçmiş rəisi Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı aparılan təhqiqatda dəhşətli xəbər daxil olub.
KONKRET.az xəbər verir ki, təhqiqat çərçivəsində saxlanıldıqdan sonra azadlığa buraxılan keçmiş məhkəmə-tibb eksperti Turgay Tamer Böyükçəkməcədəki evində ölü tapılıb.
Həyat yoldaşı tərəfindən evdə hərəkətsiz vəziyyətdə tapılan Tamerin nəşi dəqiq ölüm səbəbinin müəyyən edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza Qurumuna göndərilib. Tamerin dəqiq ölüm səbəbi otopsiya (meyitin yarılması) nəticəsində bəlli olacaq. Qeyd edək ki, Tamer sentyabrın 10-da saxlanılmış, sentyabrın 14-də isə sərbəst buraxılmışdı.
Ədliyyə naziri Akın Gürlek “NSosyal” hesabında Kozinoğlunun ölümü ilə bağlı aparılan təhqiqat barədə açıqlama verib. Nazir Gürlek Faili Məchul Cinayətlərin Araşdırılması Departamentinin işi yenidən araşdırdığını bildirərək, yeni təhqiqat çərçivəsində məxfilik qərarının alındığını, xüsusi istintaq qrupu yaradılaraq hadisənin bütün təfərrüatları ilə yenidən aydınlaşdırılması üçün hərtərəfli işlərə başlanıldığını qeyd edib.
Təhqiqat çərçivəsindəki ilk əməliyyatda hadisə tarixində cəzaçəkmə müəssisəsində çalışan 10 şübhəli saxlanılıb, 1 şübhəlinin isə Fətullahçı Terror Təşkilatı (FETÖ) çərçivəsində fərari olaraq xaricdə olduğu müəyyən edilib. Saxlanılan 10 şübhəlidən 1-i həbs olunub, 7-si məhkəmə nəzarəti şərtilə olmaqla 9 nəfər sərbəst buraxılıb.
İstintaq çərçivəsində aparılan işlər zamanı müxbir, operator və 7 səhiyyə işçisi olmaqla daha 9 şübhəli saxlanılıb. Məhkəmə müxbirin də aralarında olduğu 3 şübhəlinin həbs edilməsinə, operatorun da daxil olduğu 6 şübhəli barəsində isə məhkəmə nəzarəti tədbirinin tətbiq olunmasına qərar verib.
Baş Prokurorluğun tələbi ilə Kozinoğlunun qəbrinin açılması (fəthi-qəbir) prosesi həyata keçirilib.
Təhqiqat çərçivəsində “Kurtlar Vadisi” serialının ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan “məlumatlı şəxs” qismində prokurorluğa ifadə veriblər və “Kurtlar Vadisi Pusu” serialı ilə bağlı araşdırmaya başlanılıb.
Təhqiqatda hadisə tarixində vəzifədə olan Silivri Respublika Baş prokuroru Ali İşgören ilə həbsxana prokuroru Necip Doğan həbs olunub. Kozinoğlunun kamera yoldaşları — təqaüddə olan dənizçi kapitan Hasan Ataman Yıldırım və jandarma polkovniki Hasan Atilla Uğur barəsində məhkəmə nəzarəti tədbiri tətbiq edilib.
Keçmiş jurnalist Osman Arslan həbs edilib, dövrün həbsxana rəisi Ömer Vatan və növbə rəisi Kazım Beyke barəsində məhkəmə nəzarəti tədbiri tətbiq olunub, təcili yardım sürücüsü Süleyman Kaba isə jandarmadakı dindirilmə prosedurundan sonra sərbəst bırakılıb.
Təhqiqat çərçivəsində “Kurtlar Vadisi” serialında “Ömer Baba” obrazını canlandıran aktyor Emin Olcay və “Kazım Kaşifoğlu” obrazını canlandıran aktyor Sedat Savtakın “şahid” qismində dindirilməsi həyata keçirilib.
İstintaq çərçivəsində Vətən Partiyasının sədri Doğu Perinçekin “məlumatlı şəxs” qismində ifadəsi alınıb.
FETÖ çərçivəsində mühakimə olunduğu məhkəmə işində məkum edilən Enver Altaylı da həbs olunub.
Bundan əlavə, Silivri Respublika Baş Prokurorluğu Kaşif Kozinoğlunun ölümü ilə bağlı yenidən başladılan təhqiqat çərçivəsində “Kurtlar Vadisi” ssenarisində əli olduğu müəyyən edilən keçmiş polis rəisi Bayram Özbekin həbs olunduğunu bildirib.
Musavat.com
