Məhkəmə sistemi dövlətin ən mühüm üç qolundan biridir. Məhkəmə tam azad və şəffaf olmalıdır ki, insanların haqq və hüquqları şəffaf şəkildə təmin edilsin. Lakin təəssüf ki, Azərbaycanda bu sahədə vəziyyət qənaətbəxş deyil. Rüşvətlə işləyən hakimlər vətəndaşların məhkəmə sisteminə olan inamını itirməsinə səbəb olub. Bəs görəsən, bu sahədə hansı işlərin görülməsinə ehtiyac var? Məhkəməyə olan inamı bərpa etmək üçün nələr edilməlidir?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa KONKRET.az-a müsahibə verib. Müsahibəni təqdim edirik:
– Fazil müəllim, sizcə məhkəmə sistemində hansı işlər görülməlidir ki, belə bir vacib sahədə şəffaflıq təmin edilsin?
– Məhkəmə sistemində son dövrlərdə müəyyən islahatlar aparılır. Son üç ildə 70-dək intizam icraatı başlanıb, 60 hakim məhkəmə sistemindən kənarlaşdırılıb. Bütün bunlar görülən işlərdən xəbər verir. Əgər heç bir iş aparılmasaydı həmin hakimlər hələ də öz vəzifələrinə davam edərdi. Neqativ hallara görə bütün hakimlərin fəaliyyətinə qiymət vermək də doğru deyil. Azərbaycanda məhkəmə sahəsindəki mənfi halların aradan qaldırılması üçün çox ciddi işlər aparılır. Nöqsanlar, korrupsiya halları çoxdur. Bunu inkar edə bilmərik. Belə halların qarşısını almaq üçün ilk növbədə hakimlərin əmək haqqı yüksəldilməlidir. Məncə, onların əmək haqqı ən yüksək səviyyəyə qaldırılmalı və daha sonra onlardna şəffaflıq tələb edilməlidir. Əks halda görülən işlər heç bir effekt verməyəcək və korrupsiya halları bu sahədə eyni minvalla davam edəcək.
– Necə düşünürsünüz, insanların məhkəməyə olan inamını bərpa etmək üçün hansı işlərin görülməsinə ehtiyac var?
– Məhkəmə sahəsindəki boşluqlar, korrupsiya halları insanların məhkəməyə olan inamını yerlə bir edib. Bu inamı bərpa etmək çox çətin məsələdir. Vətəndaşların ədalətə inamını tam mənada bərpa edə bilmərik. Bu istiqamətdə müvafiq islahatlar aparılmalıdır ki, kimin nə problemi olarsa, məhkəməyə üz tuta bilsin. İnsanlarımız şikayət etmək üçün məhkəməyə yox, başqa yerlərə gedir. Hakimlərin maddi təminatı yaxşılaşdırılmalıdır ki, onlardan nələrisə tələb edə bilək.
– Sizcə, aparılan islahatlar məhkəmə sistemindəki korrupsiya hallarının qarşısını ala biləcəkmi?
Prezidentin bu məsələ ilə bağlı fərmanı var. Elektron məhkəmə yaradıldı və informasiya azadlığı təmin olunur. Lakin hələ də neqativ hallar qalmaqdadır. Həmin nöqsanların aradan qalxması üçün mərhələli şəkildə iş aparılmalıdır. Məhkəmə sistemində korrupsiya halları bütün dünyada var. Təəssüf ki, bizdə bu hallar nisbətən daha çoxdur. Bunun tam axırına çıxmaq mümkün deyil. Lakin ümumi olaraq belə halların həcmini azalda bilərik.
Şəbnəm Mehdizadə,
KONKRET.az