Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) katibliyi Qırğızıstan və Tacikistan sərhədində baş verən toqquşmalar zamanı insanların həlak olması ilə bağlı başsağlığı verib.
KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, KTMT mübahisəli məsələlərin həlli üçün güc tətbiq etmək cəhdlərini qəbuledilməz adlandırıb.
Təşkilat siyasi və diplomatik yanaşmalara alternativ olmadığını, davamlı kompromis əldə etmək üçün vasitəçilik səylərini artırmağa hazır olduğunu vurğulayıb.
“Qırğızıstan və Tacikistan KTMT-nin məsuliyyət zonasında sülhün və sabitliyin təmin edilməsinə böyük töhfə verir. Buna görə də Bişkek və Düşənbə arasında konstruktiv dialoq təkcə bu iki ölkə üçün deyil, təşkilata üzv olan bütün dövlətlərə lazımdır”, – KTMT-nin saytında dərc olunan bəyanatda deyilir.
Qeyd edək ki, sentyabrın 14-də Qırğızıstan-Tacikistan sərhəddində atışmalar yenidən başlayıb. Təkcə Qırğızıstan tərəfdən 59 nəfər həlak olub, 140 nəfər yaralanıb. Sentyabrın 18-də tərəflər sərhəddə birgə patrul xidməti haqqında razılığa gəliblər.
İqbal Rzayev,
KONKRET.az