Yay mövsümündə havaların qeyri-sabit keçməsi bir çoxlarında günvurma təhlükəsinin azaldığı düşüncəsini yaratsa da, mütəxəssislər bunun yanlış təsəvvür olduğunu bildirirlər. Buludlu və küləkli hava günəş şüalarının təsirini tam aradan qaldırmır, bəzi saatlarda isə ultrabənövşəyi şüaların intensivliyi sağlamlıq üçün ciddi risk yarada bilir. Belə şəraitdə açıq havada uzun müddət qalmaq xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan şəxslər üçün təhlükəli hesab olunur.
Bəs qeyri-sabit hava şəraitində də günvurma və istilik vurması riski yarana bilərmi?
KONKRET.az-a danışan həkim-terapevt Günay Lətifova bildirib ki, son günlər hava şəraitinin qeyri-sabit keçməsi insan orqanizminə mənfi təsir göstərir və günvurma hallarında artım müşahidə olunur.

Günay Lətifova
Onun sözlərinə görə, xüsusilə günorta saatlarında günəş şüalarının təsiri kifayət qədər güclü olduğundan ehtiyatlı olmaq vacibdir:
“İnsanlar xüsusilə saat 12:00-dan 15:00-dək birbaşa günəş şüaları altında uzun müddət qalmamalıdırlar. Havanın küləkli və ya buludlu olması günəşin ultrabənövşəyi şüalarının təsirini tam aradan qaldırmır. Buna görə də günvurma riski hər zaman mövcuddur.”
Həkim qeyd edib ki, vətəndaşlar günvurmanı qrip və ya digər virus infeksiyaları ilə qarışdırmamalıdırlar.
“Günvurma adətən qısa müddətdə inkişaf edir və vaxtında tədbir görüldükdə əlamətlər 1-2 gün ərzində aradan qalxa bilər.
Bu dövrdə açıq rəngli və yüngül geyimlərə üstünlük verilməli, bol maye qəbul edilməli, zərurət olmadıqca günün ən isti saatlarında çölə çıxılmamalıdır. Eyni zamanda, dərinin ultrabənövşəyi şüalardan qorunması üçün mütləq günəşdən qoruyucu kremlərdən istifadə edilməlidir”.
Mütəxəssis əlavə edib ki, başgicəllənmə, güclü halsızlıq, ürəkbulanma, baş ağrısı və bədən hərarətinin yüksəlməsi kimi əlamətlər müşahidə olunduqda şəxs dərhal sərin mühitə keçirilməli, maye qəbul etməli, vəziyyəti ağırlaşarsa isə vaxt itirmədən həkim müayinəsindən keçməlidir.
Aynurə İsmayıl
KONKRET.az
