backend

Lyudmila Bejenaru: “Qazaxıstanda Kamal Abdullanın əsərlərinin təqdimatı keçiriləcək”

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, yazıçı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanını rumın dilinə tərcümə edən alim Lyudmila Bejenaru Qazaxıstanın Nur-Sultan şəhərinə gəlib. Əməkdaşımız İldırım Musayev Lyudmila Bejenaru ilə görüşüb. O, 2013-cü ildə Bakı Slavyan Universitetində Yanus layihəsində 10 ay iştirakçı olduğundan və həmin müddət ərzində Kamal Abdullanın yaradıcılığı ilə tanış olmasından söz açıb. Dəfələrlə Azərbaycanda olduğunu deyən xanım Bejenaru bildirib ki, “Sehrbazlar dərəsi” romanı noyabr ayında Buxarestdə beynəlxalq yarmarkada Avropa nəşriyyat idarələrinin iştirakı ilə təqdim olunub. Tərcümə prosesindən danışan tərcüməçi Rumıniyada bu romanın maraqla qarşılandığını diqqətə çatdırıb. O, “Sehrbazlar dərəsi”nin Kamal Abdullanın yaradıcılığında mühüm rol oynayan əsərlərdən olduğunu deyib. Tərcümə prosesindən danışan ədəbiyyatşünas fərqli mədəniyyətə malik olduqlarına görə tərcümənin asan olmadığını söyləyib.

Ədəbiyyatşünas alim L.Bejenaru yazıçı Kamal Abdullanın yaradıcılığını araşdırdıqdan sonra onun haqqında 2014-cü ildə “Kamal Abdulla: Bütövlüyün fəlsəfəsi” adlı fundamental monoqrafiya yazdığını xatırladıb.

Rumın dilinə tərcümə olunan “Sehrbazlar dərəsi” romanı bu ilin aprel ayında Moldovanın paytaxtı Kişinyovda Roman XXIII beynəlxalq kitab sərgisi çərçivəsində təqdim edilib.

Mistik əhvalatların baş verdiyi, paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının taleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömür edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının görüşündən, Sufi dərvişlərin həyatından bəhs edən mistik roman müxtəlif dillərdə və müxtəlif ölkələrdə çap edilməklə dünya oxucusunun da diqqətini çəkib. Müxtəlif dillərdə çap olunan “Sehrbazlar dərəsi” romanı orta əsrlərdə və sonrakı dövrdə islam mədəniyyətinin mühüm komponentlərindən biri olan sufiliyin təsiri altında yaranmış təxəyyülün məhsuludur.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*