Makronu Əliyevə “depeşa” göndərməyə nə vadar edib?backend

Makronu Əliyevə “depeşa” göndərməyə nə vadar edib?

Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində Fransanın Azərbaycana verbal diplomatik depeşa göndərməsi haqda dedikləri Bakı-Paris xəttində baş verənləri, həm də Makron hakimiyyətinin düşdüyü vəziyyəti anlamağa imkan verir.

KONKRET.az xəbər verir ki, Əliyevin müsahibəsindən bir gün öncə Makron səfirlərlə görüşdə Azərbaycanı Fransanın daxili işlərinə qarışmaqda ittiham etdi, paralel olaraq, Ermənistana müsbət mesajlar göndərdi. Bu, Fransanın Afrikadakı məğlubiyyəti “kənar qüvvələrə” bağlamaq və Cənubi Qafqazda İrəvanı dayaq kimi qəbul etmək mövqeyinin Makronun dilindən təkrarlanması idi. Lakin Əliyevin açıqladığı detallar fonunda sual yaranır:

– Bakı ilə münasibətlərin qurulması üçün şifahi siqnallar göndərən Makron niyə Azərbaycanı açıq mətnlə ittiham edir?

Bu sualın cavabı Əliyevin açıqlamasında var. Prezident bildirdi ki, Fransanın təmasların qurulmasına dair müraciətlərinə “Biz hazırıq” cavabını veririk, lakin…

“Bəli, biz elə bu gün hazırıq, amma heç yerə getməyəcəyik, nə Parisə, nə də Brüsselə. Bizimlə görüşmək lazımdırsa, burada, Bakıda mümkündür”.

Görünür, Makron münasibətlərin qurulması üçün Əliyevə minnətçi düşsə də, müzakirələrin Bakıda aparılması şərtini həzm edə bilmir, çünki bu, Fransanın Azərbaycan qarşısında geri addım atdığının əyani nümayişi olacaq. Fransa prezidentinin son çıxışında Azərbaycanı yenidən ittiham etməsində bu amilin də rolu var.

Makronun Əliyedən xahişi şifahi şəkildə etməsi də zəifliyini gizlətmək məqsədi daşıyır. Hərçənd, Fransanın Azərbaycana ciddi şəkildə ehtiyacı yaranıb, diplomatik depeşa da bunu isbatladı.

Birincisi, Paris Afrikada mövqelərinin zəifləməsi prosesini Bakı ilə münasibətlərin yoluna qoyulması ilə tormozlamaq istəyir: “Qara Qitə”nin azadlıq mübarizəsində Azərbaycan platforma rolunu oynasa da, baş verənlər geosiyasi hesablaşmanın tərkib hissəsidir və burada Fransaya qarşı olan maraqlı oyunçuların iştirakı var; Geosiyasi hesablaşmada itirən tərəfə çevrilən Paris hadisələrin inkişafına Bakı üzərindən təsir etmək imkanlarını yoxlayır;

İkincisi, 44 günlük müharibə və sonrasında ermənipərəst mövqeyinə görə Azərbaycan tərəfindən regional proseslərdən uzaqlaşdırılan Fransa Gürcüstanda da itirən tərəfə çevrildi və Paris anlayır ki, təkcə zəif halqa olan Ermənistana ümid etməklə bölgədə iştirakçılıq payını saxlaya bilməyəcək: Bakı ilə təmasların qurulmasına cəhdin səbəblərindən biri də budur./axaraz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*