Azərbaycanda marketlərdə satışa çıxarılan məhsulların və qiymət etiketlərinin foto və ya video çəkilişinin qanuniliyi tez-tez müzakirə olunan mövzulardan biridir. Bəzi ticarət obyektləri bunu daxili qaydalarla məhdudlaşdırmağa çalışsa da, qüvvədə olan qanunvericilik bu məsələyə fərqli yanaşır.
Mövzu ilə bağlı KONKRET.az-a danışan Azərbaycan İstehlakçılar Şurasının sədri, vəkil Roman Qaraşov bildirib ki, Azərbaycan qanunvericiliyində ictimaiyyət üçün açıq fəaliyyət göstərən marketlərdə satışa çıxarılmış məhsulların, onların qablaşdırmasının və qiymət etiketlərinin foto və ya video çəkilişini ümumi qaydada qadağan edən norma mövcud deyil.
![]()
Onun sözlərinə görə, market xüsusi mülkiyyətdə olsa da, qeyri-müəyyən şəxslər dairəsinə pərakəndə satış xidməti göstərdiyi üçün fəaliyyəti “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə tabedir.
“Həmin qanunun 3, 13 və 14-cü maddələrinə əsasən istehlakçının malı və satıcını sərbəst seçmək, məhsulun qiyməti, xüsusiyyətləri və satış şərtləri barədə dolğun və düzgün məlumat almaq, həmçinin malın qiymətini, keyfiyyətini, çəkisini və digər göstəricilərini yoxlamaq hüququ var.”
Roman Qaraşov qeyd edib ki, foto və video çəkilişi qanunda ayrıca istehlakçı hüququ kimi göstərilməsə də, qiymətləri müqayisə etmək, məhsul haqqında məlumatı yadda saxlamaq, ailə üzvləri ilə məsləhətləşmək və ya mümkün hüquq pozuntusunu sənədləşdirmək üçün qanuni vasitə hesab oluna bilər.
“Əgər istehlakçı digər şəxslərin şəxsi həyatına müdaxilə etmir, iş prosesini pozmur və xidməti sahələri lentə almadan yalnız məhsulu və açıq şəkildə nümayiş etdirilən qiymət etiketini çəkirsə, bu hərəkəti qanunsuz hesab etmək olmaz.”
Vəkilin sözlərinə görə, market rəhbərliyi təhlükəsizlik, digər alıcıların rahatlığı, əməkdaşların şəxsi məlumatlarının qorunması və iş prosesinin normal təşkili məqsədilə müəyyən daxili qaydalar müəyyən edə bilər. Lakin bu qaydalar qanunla istehlakçıya verilmiş hüquqları ləğv edə və ya əsassız şəkildə məhdudlaşdıra bilməz.
Roman Qaraşov vurğulayıb ki, satış zalında hamının görməsi üçün nümayiş etdirilən məhsulun adı, tərkibi, çəkisi və qiyməti kommersiya sirri hesab edilə bilməz.
“”Kommersiya sirri haqqında” Qanunun məntiqinə görə, kommersiya sirri ictimaiyyətə məlum olmayan, sərbəst əldə edilməsi mümkün olmayan və məxfiliyinin qorunması üçün tədbirlər görülən məlumatdır. Market məhsulu və qiymətini vitrində nümayiş etdirməklə həmin məlumatları özü qeyri-məhdud şəxslər dairəsinə açıqlamış olur.”
O əlavə edib ki, Mülki Məcəllənin pərakəndə alqı-satqıya dair müddəalarına əsasən, malın vitrində, piştaxtada və ya satış zalında nümayiş etdirilməsi ümumi oferta xarakteri daşıyır. Buna görə də açıq satış qiymətinin “kommersiya sirri” adı altında çəkilişdən qorunması hüquqi baxımdan əsaslı mövqe hesab edilə bilməz.
Ekspertin sözlərinə görə, market yalnız çəkiliş təhlükəsizlik sistemlərini, anbarı, xidməti sənədləri və ya digər şəxslərin görüntülərini əhatə etdikdə müdaxilə edə bilər. Market əməkdaşlarının alıcının mobil telefonunu zorla götürmək, yaddaşına baxmaq və ya görüntüləri sildirmək səlahiyyəti yoxdur.
Roman Qaraşov hesab edir ki, qiymət etiketinin fotoşəklinin çəkilməsi istehlakçının qiymətdə aldadılmadan qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
“Rəfdə göstərilən qiymətlə kassada tətbiq olunan qiymət fərqlənərsə, qiymət etiketinin fotosu və kassa çeki birlikdə hüquq pozuntusunu sübut edən mühüm dəlil ola bilər. Azərbaycan qanunvericiliyi satıcının istehlakçıya düzgün məlumat verməsini tələb edir və qiymətdə, çəkidə, eləcə də hesablaşmada aldadılmaya görə məsuliyyət nəzərdə tutur. Buna görə də qiymət etiketlərinin çəkilişinə qadağa istehlakçının məlumat almaq, müqayisə aparmaq və hüquqlarını müdafiə etmək imkanlarını məhdudlaşdıra bilər.”
Vəkil əlavə edib ki, BMT-nin istehlakçıların müdafiəsi üzrə rəhbər prinsipləri, eləcə də Avropa İttifaqının qiymətlərin göstərilməsi və haqsız kommersiya təcrübələri ilə bağlı qaydaları da istehlakçının aydın, düzgün və müqayisə edilə bilən məlumat əsasında seçim etmək hüququnu əsas prinsiplərdən biri kimi qəbul edir.
Aynurə İsmayıl
KONKRET.az
