Mavi balinanın çəkisi 150 tondan çoxdur, amma o, barmaq boyda canlılarla – krillərlə qidalanır.
İlk baxışdan bu, kifayət qədər səmərəsiz strategiya kimi görünür. Təxminən karxana yük maşınını pipetlə yanacaqla doldurmaq kimi…
Amma təbii ki, burada təkamülün hansısa “səhvindən” söhbət getmir. Sadəcə, enerji baxımından belə qidalanmaq daha sərfəlidir.
Mavi balina iri balıqların arxasınca qaçmır. Çünki bu, çox enerji və hərəkət tələb edir, əldə olunan fayda isə o qədər də böyük deyil.
Orta ölçülü balıqlar da nəhəng balina üçün o qədər də əlverişli ov sayılmır. Balıqlar sürətlidir. Balıq sürüsü yırtıcını görən kimi bir anda dağılır.
Antarktika krilləri isə nəhəng və sıx dəstələr halında toplanır. Bəzən sular milyonlarla xırda xərçəngkimidən ibarət dəstələrə görə sözün əsl mənasında narıncı-bordo rənginə boyanır. Yəni balinanın qarşısında sıx və zəngin bir “qida buludu” yaranır.
Mavi balina sürət yığır, ağzını təxminən 90 dərəcə açır, boğazındakı xüsusi dəri qırışlarını genişləndirir və bir hərəkətlə 120 kubmetrə qədər suyu ağzına alır.
Daha sonra suyu balina bığlarının arasından süzərək çıxarır, krill isə ağız boşluğunda qalır.
Belə uğurlu bir “hücum” balinaya təxminən 500 kiloqram qida qazandıra bilər.
Əsas məqam isə budur: belə bir hərəkət balinadan nisbətən az enerji tələb edir, qarşılığında isə çox böyük enerji qazancı verir.
Bir dəfəlik uğurlu qidalanma zamanı balina 500 mindən çox kilokalori əldə edə bilər, bunun üçün hücumun özünə sərf etdiyi enerji isə 1000 kilokaloridən az ola bilər.
Bu baxımdan təbiətdə bundan daha səmərəli ov strategiyası tapmaq çətindir.
Mavi balina sadə bir həqiqəti nümayiş etdirir: təbiətdə qalib gələn həmişə ən böyük və ən yağlı ovu yeyən deyil.
Əsas məsələ ən sərfəli ruzini asan və əlçatan etməkdir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
