Mediada kriminal xəbərlər dayandırılsa, nə baş verər?backend

Mediada kriminal xəbərlər dayandırılsa, nə baş verər?

Bir media rəhbəri kimi tez-tez rəhbərlik etdiyim informasiya platformasında kriminal xəbərlərin yayımını tam dayandırmaq barədə düşünürəm. Amma apardığım araşdırmalar onu göstərir ki, əslində bu addım tam mümkün deyil. Ümumiyyətlə, neqativ xəbərlərin dərcinin dayandırılması düzgün çıxış yolu deyil. Düzgün həll bu xəbərləri sensasiyadan təmizləmək, ictimai faydanı qorumaq və zərərli təsiri azaltmaqdır.

Buna necə, nail oluruqmu?

Çox təəssüf ki, yox. Çünki kriminal xəbərlər çox diqqət çəkir. Bu mövzu oxucu üçün həmişə “gərgin”, “təcili” və “emosional” görünür. Məhz buna görə bir çox media orqanı kimi biz də bu tip xəbərlərə yer verməyə sanki məhkum edilmişik. Bu isə əksər vaxt cəmiyyətə düzgün mesaj ötürülməməsinə zəmin yaradır. Medianın İnkişafı Agentliyində keçirilən müzakirələrdə də qeyd olunub ki, kriminal xəbərlərin kütləvi tirajlanması cəmiyyətə mənfi təsir göstərir. Bununla belə, kriminal hadisələr cəmiyyətin reallığının bir hissəsidir. İnsanlar baş verən hadisələrdən xəbərdar olmalı, təhlükə yaradan tendensiyalar haqqında məlumat almalıdır. Amma burada bir incə məqam var: məsələ təkcə xəbər verməkdə deyil, xəbəri hansı üslubda və hansı məqsədlə təqdim etməkdədir.

Yaxşı bəs, ümumiyyətlə, deyək ki, bizim saytda kriminal xəbərləri tam dayandırsaq, nə baş verər? Kollektivlə də, peşəkar həmkarlarımla da apardığımız müzakirələrin yekun məntiqi belədir: Kriminal xəbərləri tamamilə dayandırmaq informasiya boşluğu yarada bilər. Belə vəziyyətdə ictimaiyyət hadisələri rəsmi, yoxlanmış mənbələrdən deyil, sosial şəbəkələrdə dolaşan şayiələrdən öyrənməyə başlayır. Bu isə yanlış təsəvvürlərin, panikanın və dezinformasiyanın yayılmasına şərait yaradır.

Tam qadağa həm də medianın xəbərdarlıq funksiyasını zəiflədir. Məsələn, ictimai təhlükə yaradan cinayət sxemləri, dələduzluq üsulları və zorakılıq halları barədə məlumat vermək bəzən insanların özünüqoruma davranışını gücləndirir. Deməli, əsas məsələ xəbəri verməmək yox, onu ictimai məsuliyyətlə işləməkdir.

Amma bütün hallarda bunun tərəfdarıyam ki, kriminal xəbərləri həddindən artıq çox vermək olmaz. Çünki bu, cəmiyyətdə qorxu atmosferini gücləndirir. İnsanlar gündəlik həyatda daha çox risk hiss etməyə başlayır, ictimai etimad azalır, aqressiya və gərginlik artır. Bəzi ekspertlər də məhz bu səbəbdən belə xəbərlərin çoxalmasının cəmiyyətin psixoloji mühitinə mənfi təsir göstərdiyini vurğulayır.

Digər tərəfdən, məsələyə balanslı yanaşma maarifləndirici nəticə də verə bilər. Zorakılıq və cinayət halları haqqında düzgün hazırlanmış materiallar insanlara ayıq olmaq, hüquqlarını bilmək və riskli situasiyalardan yayınmaq üçün məlumat verir. Yəni kriminal xəbər, əgər düzgün yazılıbsa, qorxu yox, şüur yaradır.

Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydalarına dair müzakirələrdə qeyd olunur ki, cinayət, zorakılıq və qəddarlıq halları adekvat şəkildə işıqlandırılmalıdır. Bu, hadisəni reklam etmək deyil, onu kontekstə qoymaq deməkdir. Yenə həmin mətndə deyilir ki, jurnalist sensasiya yaratmaq üçün qurbanı ikinci dəfə zədələməməli, cinayətkarı “qəhrəmanlaşdırmamalı”, zorakılığı isə normallaşdırmamalıdır. Xəbərdə yalnız ictimai əhəmiyyət daşıyan hissə saxlanmalı, lazımsız detallar və şokedici təsvirlərdən çəkinilməlidir. Lazımsız detallar dedikdə isə əsasən qurbanın şəxsi həyatı nəzərdə tutulur. Bütün hallarda şəxsi həyata müdaxilə yolverilməzdir. Eləcə də zorakılıq səhnələri və sensasion detalları dərc etmək qadağan edilməlidir. Bu yaxınlarda Agentliyin açıqladığı kimi başlıqlar oxucunu manipulyasiya etməməli, yalnız məlumatlandırmalıdır.

Amma biz bu prosesə nəzarəti artırsaq da, sosial media başqa “havanı çalır”. Belə ki, bu platformada kriminal xəbərlərin təsiri daha da güclənib. Çünki həmin platformalarda yoxlanmamış məlumat sürətlə yayılır, emosional reaksiya doğurur və çox vaxt faktları arxa plana keçirir. Belə mühitdə klassik medianın rolu daha da artır. Bu baxımdan, biz emosiyanı deyil, etibarlı informasiyanı önə çıxarmalıyıq. Əgər biz geri çəkiləriksə, boşluğu qeyri-peşəkar mənbələr dolduracaq. Bu isə həm cəmiyyətin məlumatlanmasına, həm də ictimai sabitliyə zərər verə bilər. Bir sözlə, bizim vəzifəmiz cinayəti “göstərmək” yox, onu dərk etdirməkdir. Məhz belə olarsa, kriminal xəbər cəmiyyəti sarsıtmaz, əksinə, onu daha ayıq və məlumatlı edər.

Mövzunu daha geniş anlamaq üçün xarici təcrübəyə müraciət etdik. Dünyada inkişaf etmiş mediada kriminal xəbərlər ya tam qadağan edilmir, ya da çox sərt etik çərçivə ilə verilir. Əsas məqsəd hadisəni “şou”ya çevirməməkdir. Xarici ekspertlər də hesab edir ki, məlumatlandırma balansını qorumaq əsas şərtdir. Bu baxımdan bir çox ölkədə media cinayət xəbərlərini verərkən qurbanın kimliyini qorumağa, zorakılığın təfərrüatlarını minimuma endirməyə və hadisəni sensasiyalaşdırmamağa çalışır. Bu, xüsusilə qətl, zorakılıq, intihar və cinsi cinayət kimi həssas mövzular üçün daha sərt tətbiq olunur. Beynəlxalq müzakirələrdə əsas fikir budur: cinayət xəbəri ictimai maraq daşıyırsa, verilməlidir; amma xəbər cəmiyyətdə qorxu, imitasiya və ya mənəvi panika yaratmamalıdır.

Qərb mediasında başlıqlar çox vaxt emosional deyil, informativ xarakter daşıyır. Onlar da diqqət edirlər ki, cinayətdə iştirak edənlər və qurbanların şəxsi həyatı işıqlandırılmasın. Eyni zamanda məlumat və görüntülərdə şokedici elementlər verilmir. Dediyim kimi, zorakılıq hadisələri barədə məlumatı cəmiyyətə ötürərkən cinayət metodu detallı təsvir edilməməlidir. Bunun səbəbi potensial təqlid riskini də azaldır. Çətin nüanslardır, amma öhdəsindən gəlmək olur. Əlbəttə ki, biz belə bir yanaşma ilə etibarımızı möhkəmləndiririk. Çünki oxucu hiss edir ki, xəbər onun diqqətini çəkmək üçün deyil, onu məlumatlandırmaq üçün hazırlanıb.

Yəni bizdə də media “nə baş verdi?” sualına cavab verməli, amma “bunu necə daha şok edici göstərə bilərəm?” sualından uzaq durmalıdır. Bu, həm də ictimai məsuliyyət məsələsidir. Bəli, cənablar, ölçüsüz kriminal axın hər birimizi həssaslaşdırır, normal həyat təsəvvürümüzü pozur və aqressiyanı artırır. Bu səbəbdən ən yaxşı model belədir: kriminal xəbərlər verilsin, amma dəqiq mənbəyə istinad edilsin. Məhz onda xəbər şouya çevrilmir, ictimai maraq qorunur, insan ləyaqəti tapdalanmır.

Fadil Paşayev: “Öldü, gəbərdi, tələf oldu” sözlərini çəkinmədən işlədən  aparıcılarımız var – MÜSAHİBƏ Pravda.az

Fadil Paşayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*