Mənzil bazarında qiymət artımı bir müddət davam edəcək – AÇIQLAMAbackend

Mənzil bazarında qiymət artımı bir müddət davam edəcək – AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsinin ağır iqtisadi fəsadları bütün dünyada hiss olunur. Rusiyanın ən böyük ticarət tərəfdaşlarından olan Azərbaycan da proseslərdən geri qalmır. İl başlayandan qiymət artımlarını demək olar bütün sahələrdə hiss edirik.

Qiymət artımlarının ən çox hiss olunduğu sahələrdən biri də mənzil bazarıdır. Son dövrlərdə daşınmaz əmlak bazarında ciddi qiymət artımları müşahidə olunur.

Mənzillərin qiyməti niyə artır? Əhalinin alıcılıq qabiliyyəti necədir?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını əmlak eksperti Elnur Fərzəliyev cavablandırıb. O bildirib ki, mənzil bazarında hazırda vəziyyət qaneedici deyil:

“Alıcılar daha çox kreditlə satılan mənzillər almağa üstünlük verir. Əhali daha çox ipoteka kreditləri, sosial layihələr vasitəsilə mənzil alır. Digər tərəfdən bu gün satılan mənzillərin orta qiyməti təxminən 90-200 min manat arasında dəyişir. Tikilməkdə olan binalardan da mənzil alan insanlar var. Bu binalarda da iki-üç illik kreditlə mənzil satışı təşkil edilir. Lakin belə mənzilləri alanların da sayı çox deyil. Pandemiya dövründə satışlar xeyli azaldı. İndi isə Rusiya-Ukrayna müharibəsi bu sektora öz mənfi təsirini göstərir. Çünki Azərbaycanda daşınmaz əmlak bazarına yatırım edənlərin böyük qismi Rusiyada yaşayan azərbaycanlılar idi. Onlar ölkəmizdə əmlak almağa üstünlük verirdi. Belə olan təqdirdə nağd qiymətə satılan mənzillərə olan tələb azalıb. Çünki əhalinin alıcılıq qiyməti aşağıdır”.

Ekspert fikirlərinə belə davam edib:

“İndi hər kəs bazarın tənzimlənməsini gözləyir. Mənzil bazarının canlanması üçün ciddi dəyişikliklər lazımdır. Köhnə binaların yerində tikilən yeni binaların tikintisini dövlət özəl sektora həvalə edib. Binaların tikintisini MTK-lar həyata keçirir. Lakin bu sahəyə olan marağın artması üçün şərait yaradılmalıdır. Vətəndaşlar birdəfəlik ödəniş edib mənzil ala bilmir. Tikilməkdə olan binalara sənəd verilərsə və banklar həmin mənzillərə kredit ayırarsa, söküntü işləri də sürətlənər. Bakının baş planı artıq hazırdır. Paytaxtda köhnə binalar söküləcək. Yəqin ki, bir müddət mənzil bazarında qiymət artımı davam edəcək. Çünki dünya təcrübəsində istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan mənzillər ən ucuz qiymətə təklif edilir. Lakin bizdə isə əks situasiya müşahidə olunur. Köhnə yaşayış binalarının qiyməti hər il artır. Əsas səbəb isə həmin binaların sökülməsi məsələsidir. Sökülən binaların sahiblərinə yeni mənzillər veriləcək. Buna görə də həmin mənzillərə tələb artır”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*