“Dəhşətli mənzərə idi. Mənzilindən çıxa bilməyən insanlar çiy ət yeyirdilər”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu açıqlamanı Rusiyanın Orsk şəhərində insanları və heyvanları su basmış evlərdən çıxaran könüllü Nikita Şevmenko deyib.
Onun sözlərinə görə, həmin epizod gözlərinin önündən getmir: “Bir mənzilə qalxanda gördüm ki, artıq insanların yeməkləri yoxdur. Evdə nə qaz, nə işıq var, ona görə də çiy əti tikə-tikə doğrayıb yeyirdilər, çünki başqa heç nə yox idi…”
Bu arada Rusiyanın təbii sərvətlər və ekologiya naziri Aleksandr Kozlov bildirib ki, Orenburq rəhbərliyi bir ay öncə – martın 5-də vilayətdə daşqınlar olacağı barədə xəbərdarlıq edib.
Son məlumata görə, su 10 mindən çox evi və 18 mindən çox sahəni basıb. 6 minə yaxın insan qohumlarının yanına və müvəqqəti məskunlaşma mərkəzlərinə sığınmaq məcburiyyətində qalıb. Hazırda ümumi zərərin 21 milyard rubl olduğu bildirilir.
Xatirə SADİQ,
KONKRET.az
