Merkel və Makronun ölüm ayağında olan müxalifət lideri ilə bağlı müdhiş planı – ANALİTİKAbackend

Merkel və Makronun ölüm ayağında olan müxalifət lideri ilə bağlı müdhiş planı - ANALİTİKA

Mirzə Rəşad Bakuvi

Navalnının həyatı təhlükədədir

Rusiyalı rəsmilər əsl səbəbləri üzə çıxar deyə Navalnının müalicəsi üçün ölkədən kənara aparılmasına isti baxmırlar

Merkel və Makronun ölüm ayağında olan müxalifət lideri ilə bağlı müdhiş planı

20 avqust 2020 təqvimi Rusiya ictimai-siyasi tarixində daha bir müxalifət liderinin zəhərlənməsi ilə xatırlanacaq. RF prezidenti Vladimir Putinin amansız rəqibi və ölkədə korrupsiyaya qarşı mübarizədə qətiyyət nümayiş etdirən, baş alıb gedən korrupsiya əməllərinin ifşa olunmasında müstəsna xidmətləri olan müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi xəbəri gündəmə bomba kimi düşdü.

Öncə qeyd edək ki, zəhərləndikdən sonra vəziyyəti ağırlaşan tanınmış müxalifət liderini Almaniyaya aparmağa gələn təyyarə artıq Rusiyadadır. Ancaq həkim briqadası bildirir ki, Navalnının səhhəti ağırdır və onu tərpətmək olmaz. İlkin diaqnoz kimi ona “naməlum psixodisleptiklə zəhərlənmə” qoyulub (halüsinogen). Məlumatlar var ki, Aleksey Navalnının halı kəskin pisləşdikdən dərhal sonra yerləşdirildiyi Omsk Xəstəxanasının baş həkiminin müavini Anatoliy Kaliniçenko ehtiyatla bildirib ki, müxalifət liderinin zəhərlənmə ehtimalı az inandırıcıdır.

Müxalifət liderinin mətbuat katibi Kira Yarmış isə bəyan edib ki, Omsk xəstəxanasının rəsmiləri tanınmış Kreml tənqidçisini ehtimal olunan zəhərlənmədən müalicə almaq üçün ölkədən xaricə aparılmasına əməlli başlı əngəl yaradırlar. Almaniyadan gələn təyyarə artıq Omsk şəhərinə eniş edib. Lakin iki sutkadır ki, təyyarə Navalnını götürüb apara bilmir.

Məlumat verək ki, RF prezidenti Vladimir Putinin ən kəskin tənqidçisi olan A.Navalnı Sibir şəhərinin hava limanında bir fincan qara çay içdikdən sonra, uçuş zamanı qəfil özünü çox pis hiss etməyə başlayıb, ağrılardan artıq huşunu itirmək dərəcəsinə çatanda, təyyarə Omsk hava limanına eniş etmək məcburiyyətində qalıb və onu şəhər xəstəxanasına yerləşdiriblər. Xəstaxanaya çatdırılanda müxalifət liderinin artıq huşu özündə olmayıb. Kira Yarmış “Tvitter”ə yazdığı açıqlamasında bildirib ki, Sibir Şəhər Xəstəxanasının baş həkimi xəstənin vəziyyətinin ağır olmasını əsas gətirərək, onun köçürülməsinə izn vermir. Yarmış, bunun artıq siyasi qərar olmasına şübhə etmir.

Bir gün əvvəl bölgənin səhiyyə idarələri Moskvanın ən nüfuzlu tibb müəssisələrindən bir qrup rus həkiminin cənab Navalnının müalicəsinə kömək etmək üçün Sibirə getdiyini söylədilər, ancaq müxalifət liderinin ailəsi və tərəfdarları onun müalicəsi üçün xaricə göndərilməsini israr edirlər.

Xanım Yarmışın sözlərinə görə, Navalnının ölkə xaricinə çıxarılmasına yaradılan bu əngəl, “bu saat burada olan həkimlər və yalançı hakimiyyət yetkililəri tərəfindən müxalifət liderinin həyatına bir sui-qəsdin sanksiyalaşdırılmasından” başqa bir şey deyil.

Omsk Xəstəxanasının baş həkiminin müavini Anatoliy Kaliniçenko isə cümə günü jurnalistlərə verdiyi açıqlamada bildirib ki, həkim briqadası cənab Navalnının zəhərlənmə versiyasını təsdiq edən heç bir əlamət aşkar etməyib. Bununla belə, o, 44 yaşlı sağlam bir adamın niyə qəfil və çox ağır bir şəkildə səhhətinin pisləşməsinin səbəbləri barədə bir kəlmə danışmayıb. Məhz bundan sonra Navalnının yaxınları şübhələnməyə başlayıblar ki, Rusiya hökuməti ona görə müxalifət liderinin ölkədən çıxmasını istəmir ki, alman həkimlər onun qəfil belə kəskin şəkildə xəstələnməsinin əsl səbəblərini tapıb üzə çıxara bilərlər. Bu isə rəsmi Moskvaya sərf etmir.

Cümə axşamı Moskvaya uçan təyyarənin bortundan lentə alınaraq sosial mediada paylaşılan videodan da aydın şəkildə görünürdü ki, huşunu itirməzdən əvvəl Navalnı kəskin mədə ağrısından inildəyirdi və elə buna görə də təyyarə Omska təcili eniş edib. Onu xərəyə uzanmış vəziyyətdə uçuş zolağında gözləyən təcili tibbi maşına yerləşdirib aparıblar.

Omsk şəhərindəki 1 saylı Klinik Xəstəxanasının həkimləri əvvəlcə cənab Navalnının ciyərləri tutulduğu üçün ağır vəziyyətdə süni ventilyasiyaya qoşulduğunu söyləyiblər, daha sonra isə məlumat veriblər ki, vəziyyətinin ağır olmasına baxmayaraq, durumu stabilləşməkdədir.

Siyasi liderin arxasıyca Almaniyadan təyyarənin gəlməsi mövzusu isə daha maraqlıdır. Belə ki, Navalnının ailəsinin xahişi ilə, Berlində fəaliyyət göstərən bir film vəqfinin rejissoru Jaka Bizilj Omska bir hava yolu ambulansı göndərdiyini və can üstə olan müxalifət liderini Berlin şəhərində yerləşən “Charite” adlı xəstəxanaya götürüləcəyinə ümid etdiyini ifadə edib. Jaka Bizilj bugün verdiyi müsahibədə təyyarənin həmin gün Omska endiyini və hələ də cənab Navalnını təyyarəyə mindirib Berlinə gətirmək şansını gözlədiyini deyib: “Təyyarə ekipajına orada qalmağı və Navalnını təyyarəyə mindirmədən geri gəlməmələrini bildirmişəm”, deyərək, bununla bağlı Rusiya rəsmilərilə danışıqları davam etdirdiklərini sözlərinə əlavə edib. “Bu saata kimi olan durum həyatı təhdid altında olan birini xilas etmək üçün insani bir təşəbbüs idisə, ancaq indi siyasi çalarlar hiss olunmağa başlanıb”, – deyə tanınmış film rejissoru bildirib.

Məlumat verək ki, hələ 2018-ci ildə, rus musiqi qrupu “Pussy Riot” haqqında sənədli bir filmin çəkilişinə kömək etmiş “Sülh Üçün Kino” vəqfinin sahibi cənab Bizilj, qrupun üzvü olan Pyotr Verzilovun zəhərləndiyini bilən kimi, Berlindəki xəstəxanalardan birinə köçürülməsini təşkil etmişdi. P.Verzilov 20 avqust tarixində rejissor Biziljə zəng vuraraq ondan xahiş edib ki, oxşar bir transferib Aleksey Navalnı üçün də təşkil etməyə öz köməkliyini göstərə bilərmi?! Rejissorun cavabı özünü çox gözlətməyib və əlavə olaraq narahat olduğunu bildirib ki, görəsən, cənab Navalnının səhhəti beş saatlıq uçuşa dözmək üçün kifayət qədər stabildirmi.

Aleksey Navalnı ilə Sibirə səfər edən xanım Yarmış, müxalifət lideri qəfil xəstələnən kimi, bəyan etdi ki, ola bilsin, Navalnı Tomsk hava limanında içdiyi çaya nəsə atılması nəticəsində zəhərlənib və dərhal da huşunu itirib, çünki uçuşdan öncə onda hansısa xəstəlik və halsızlıq əlamətləri olmayıb.

Tərəfdarlarının dediyinə görə, Navalnı öz canı uğrunda mübarizə apararkən, onlar düzgün oyunun getmədiyini o zaman anlamağa başlayıblar ki, onun şəxsi həkimi və digər müxalif aktivist Anastasiya Vasilyevə Navalnının xəstəlik tarixçələrini və başqa məlumatları əldə etməkdən və müalicəsi üçün yerləşdirildiyi intensiv terapiya palatasına daxil olmağa icazə verməkdən imtina ediblər.

Xanım Yarmış nəhayət bugün məlumat verdi ki, Navalnının həyat yoldaşı xanım Yuliyanı xeyli ləngitdikdən sonra onun yatdığı palataya buraxıblar. Ancaq bununla belə, müxalifət liderinin Omskdan başqa bir xəstəxanaya göndərilməsi üçün tələb olunan müvafiq sənədləri hələ təqdim etməyiblər.

Artıq məsələ o dərəcədə ciddidir ki, Fransa prezidenti Emanuel Makron və Almaniya kansleri Angela Merkel Fransada gerçəkləşdirdikləri görüşdə olayı müzakirə ediblər və mümkün transferin detallarını danışıblar. Onlar belə qənaətə gəliblər ki, Navalnının həyatını xilas etmək üçün onu qaçırmaqdan başqa yol qalmayıb. Artıq bununla bağlı planın hazırlandığı bildirilir. Eyni zamanda müxalifət liderinə mümkün tibbi yardımın olunması və sığınacağın verilməsi ilə bağlı təklif də hazırdır. Çünki Navalnı beş il öncə Putinə ən reytinqli siyasi rəqib olan və qətlə yetirilərək yox edilən Boris Nemtsovdan sonra, son illər Rusiya ictimai-siyasi mühitinin yetişdirdiyi ən uğurlu siyasi fiqurlardan biridir və Putin rejiminə qarşı apardığı mübarizədə qətiyyətli və ardıcıl olduğunu isbat edib. Qərb bunu anlayır və Navalnını qorumağın hesablarını müzakirə edir.

Ancaq görünən odur ki, Navalnının köçürülməsinə ciddi əngəllər var. Əvvəlcə rəsmi Kreml bəyan etdi ki, gərək olacağı halda müxalifət liderinin təhliyə edilməsi işini asanlaşdıracaqlar. Ancaq bəlli olur ki, rəsmi Moskva bundan imtina edib. Çünki Navalnını ondan ötrü gələn təyyarə ilə Almaniyaya göndərmək üçün prezident Putindən əmr gözləyən Omsk şəhər xəstəxanasının həkimləri bugün ayaqlarını başmaqlarına dirəyərək xəstənin uçmasına izn verməyiblər. Rəsmi şəxslərin məsələ ilə bağlı bir-birinə zidd, qarışıq mesajları əlavə şübhələrə rəvac verməkdədir. Belə ki, bəzi rəsmilər cənab Navalnının mümkün zəhərlənməsi durumunda onun bədənindəki hər hansı zəhərli maddənin aşkar olunmaması üçün, xarici həkimlərin onu nəzarətə götürməsinə əngəl olmaq məqsədilə müalicədən ötrü ölkədən çıxmasının qarşısının alınmasını ən düzgün addım hesab edirlər.

Bu arada Aleksey Navalnıya tezliklə sağalıb ayağa qalxmasını arzu edən rəsmi Kreml ilk gündən siyasi liderin səhhətinin pisləşməsinin səbəbləri barədə konkret rəyə gəlməyin hələ çox tez olduğunu bəyan etmişdi.

Xanım Yarmış isə öz “Tvitter” hesabında yazıb ki, Navalnının qurucusu olduğu “Korrupsiyaya Qarşı Fond” təşkilatının direktoru İvan Jdanova, Omsk Kliniki Xəstəxanasında olan milis əməkdaşları bildiriblər ki, Navalnının bədənində gəzən zəhər təkcə onun özünə yox, ətrafdakı insanlar üçün də təhlükəlidir. Yarmışın dediyinə görə, milis əməkdaşları “istintaqın məxfiliyi” (Rusiyada səlahiyyətlilərin utandırıcı və ya böhtan xarakterli məlumatları gizlətmək istədikdə tez-tez istifadə etdikləri bir termindir) səbəbindən zəhərin adını gizli saxlayıblar.

Dövlət informasiya agentliyi olan İTAR-TASS isə təhlükəsizlik orqanlarındakı naməlum mənbəyə istinadən belə bir məlumat yayıb ki, A.Navalnı təyyarəyə minməzdən öncə özü “nə isə bir şeylər götürə bilərdi”. Ancaq çox təəssüfedici bir fakt budur ki, axır ki, Aleksey Navalnı ismi də, adətən məhz çay içdiktən sonra qəfil halı pisləşən və bəzən ölümə aparan təcili tibbi vəziyyətlərdən təsirlənən cənab Putinin müxaliflərinin uzun bir siyahısına düşmüş oldu.

Ən son alınan məlumatlara görə, artıq Avropa İttifaqı da rusiyalı siyasi liderin həyatından narahat olmağa başlayıb. “Aleksey Navalnının səhhəti bizi çox narahat edir. Rusiya hakimiyyətini Avropa İttifaqında onu müalicə almağa icazə verməyə çağırırıq. Şəffaf və hərtərəfli araşdırma gözləyirik”, – deyə “Report” TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət xidmətinin nümayəndəsi Nabilla Massrali bildirib.

Bu arada, müxalifətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnı, ərini təyyarə ilə Almaniyaya daşımaq təhlükəsi ilə bağlı xəbərdar edilib. Bu barədə “RİA Novosti” Omsk vilayətinin Səhiyyə idarəsinə  istinadən məlumat yayıb. Axşam saatlarında bəlli olub ki, Navalnının arvadı onun köçürülməsini həyata keçirmək məqsədilə xahişlə müraciət edib və xüsusi bir arayışa imza atıb, hansı ki orada uçuş zamanı xəstənin vəziyyətinin pisləşməsi ehtimalı barədə xəbərdar edildiyini bildirib.

“Aleksey Navalnının daşınması barədə qərar qəbul edildikdən sonra yaxınlarının istəyi ilə Almaniyada olan klinikalardan birində bütün lazımi sənədlər hazırlanıb”, –  deyə xəbərdə bildirilir. Məlumata görə, alman tibb qrupunun nümayəndəsi, təyyarəyə gətirildikdən sonra xəstənin həyatına görə  məsuliyyət daşımaları haqqında sənəd imzalayıb.

Müxalifətçinin Avropaya  aparılması ilə bağlı hər şey hazırdır, sadəcə Almaniyaya yola düşməsi 22 avqusta kimi təxirə salınıb. Qeyd edək ki, alman həkimlər Navalnının vəziyyəti və tədqiqat nəticələri ilə tanış olmaq üçün daha əvvəl, hələ avqustun 21-dən Omsk şəhərinə gəlmişdilər.

1 saylı şəhər təcili tibbi yardım xəstəxanasının baş həkimi Aleksandr Muraxovski  izah etdi ki, müxalif siyasi liderin vəziyyəti qeyri-sabit və ağır kimi qiymətləndirilir, həyatını təhlükəyə atmamaq üçün nəql edilməməlidir, çünki uçuş və enmə zamanı onun vəziyyəti dəyişə bilər.  Navalnıya verilən əsas diaqnoz “metabolik pozğunluqlar”dır.

Ümid edək ki, Rusiya xalqının Putin siyasi rejimi ilə mübarizədə çox ümid bəslədiyi son illərin ən güclü, qətiyyətli, açıq fikirli, demokrat, adalətli və mətin xarakterə malik müxalifət lideri Aleksey Navalnı bu sınaqdan da üzüağ çıxacaq, yenə mübarizə meydanlarında ön sıralarda olacaq. Demokratik dünya birliyi daha bir azadlıq carçısının diktaturanın qurbanına çevrilməsinə dözməməlidir.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*