Məşhur aktrisa: “Onların sayəsində ailə qurdum, Şəms roluna çəkilmək üçün gecikmişdim…” – FOTOLARbackend

Məşhur aktrisa: "Onların sayəsində ailə qurdum, Şəms roluna çəkilmək üçün gecikmişdim..." - FOTOLAR

“Aktrisa olduğum üçün məni nə həyat yoldaşım, nə də ki, onun ailəsi qəbul etmək istəmirdi. İndi aktrisa olmağa nə var ki? Valideynlər öz uşaqlarının əlindən tutub rəqsə, incəsənətə aparır. Amma o vaxt hər şey tamam başqa idi. Seçmə ailələr var idi ki, bu sahəyə yaxşı baxırdılar. O ailələrdən biri də bizim ailəmiz idi. Anam məni və qardaşımı incəsənətə həvəsli böyütmüşdü. Qardaşımı musiqiyə, məni isə rəqsə qoymuşdu. Bizim kursa Əminə Dilbazi, Qəmər Almaszadə kimi nəhəng sənətkarlar dərs deyirdilər. Hətta o vaxt qonşular kinayə ilə  deyirdilər ki, buna bax, qızı rəqs edir, oğlu isə caz ifa edir”

KONKRET.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında məşhur aktrisa Rəna Səlimova deyib. Aktrisa daha sonra çəkildiyi  və məşhurlaşdığı “Sən niyə susursan?” və “Cazibə qüvvəsi” filmlərindən danışıb.

“O vaxt mənimlə birgə Leyla Şıxlınskaya da rəqs məktəbində oxuyurdu. Bilirsiz ki, gözəl qızları rəqs məktəblərindən, özfəaliyyət dərnəklərindən film üçün seçirdilər. İndi amma yoldan keçəni də filmə, seriala çəkirlər. Mənimlə Leyla Şıxlınskayanı seçdilər. Rasim Ocaqov dahi rejissor idi, heç vaxt seçimində yanılmırdı. “Cazibə qüvvəsi” filminin ikinci rejissoru Rasim Ocaqov, əsas rejissoru isə Həsən Seyidbəyli idi. Məni işarə edib, öz aralarında bir-birinə pıçıldayırlar ki, bizə lazım olan qız budur. Onların sayəsində mən həm də ailə həyatı qurdum. Çünki Xəyal Axundzadə ilə iki filmdə baş rola çəkildim və sonra aramızda sevgi yarandı. Xəyalla evlənəndən iki il sonra ayrıldım. O vaxt çox gənc idim, həyatı o qədər də dərk etmirdim. İkinci dəfə yenə də ailə həyatı qurdum. Amma yoldaşım mənim filmlərdə çəkilməyimə razı deyildi. Buna görə də sənətdən müvəqqəti uzaqlaşıb, övladlarımı böyütdüm. Həm teatrdan, həm də filmdən gələn təkliflərə “yox” deyirdim. Amma taleyimiz barışmadı, biz ayrıldıq. Həyat yoldaşımla evli olduğum müddətdə Həsən Seyidbəyli “Nəsimi” filmində məni Şəms roluna dəvət etmişdi, amma yoldaşım icazə vermirdi. Ondan ayrılandan sonra Həsən Seyidbəylinin yanına gedib, filmdə çəkilmək istəyimi ona bildirdim. Çox təəssüf ki, Şəms roluna artıq başqa aktrisa çəkilmişdi. Ona görə də filmdə rəqqasə roluna çəkildim” deyə aktrisa bildirib.

Rəna Səlimova hal-hazırda filmlərdə çəkilməməsinin səbəbini də açıqlayıb.

“Mənim o illərdə çəkildiyim bütün bu gün filmlər tarixdə yaşayır. Ona görə də bu gün serial və filmlərdə çəkilmədiyimə görə heç də peşman deyiləm. İndi Həsən Seyidbəyli, Rasim Ocaqov kimi rejissorlar yoxdur, olmayacaq da. Bu gün ssenarilər çəkiliş meydançalarında, set arası yazılır. Vallah biz belə hallarla rastlaşmamışıq. Ssenari bizə 3 ay əvvəl göndərilirdi, biz tanış olurduq daha sonra məşq olurdu və çəkilirdik. İndi tamam fərqlidir” deyə aktrisa bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*