Mətbuat Şurasının “ı əməliyyatı” – Yaxud Rəşad Məcid kimləri mediadan qorumaq istəyir?backend

Mətbuat Şurasının “ı əməliyyatı” – Yaxud Rəşad Məcid kimləri mediadan qorumaq istəyir?

“Dünyanın hər yerində Mətbuat Şuralarının başlıca missiyası cəmiyyəti medianın hücumlarından qorumaqdır”.

İnanmayacaqsınız, amma bu açıqlamanın müəllifi yerli və şanlı Mətbuat Şuramızın (MŞ) sədri Rəşad Məciddir. O, Toplum TV-nin işi üzrə jurnalistlərin həbs olunmasını şərh edərkən belə deyib.

Toplum TV işi ilə bağlı məsələni qoyuruq bir kənara, çünki hazırda istintaq gedir və onun nəticələrini gözləmək lazımdır.

Amma adında “mətbuat” sözü olan qurum rəhbərinin “medianın hücumu” ifadəsini işlətməsi çox əcaib durumdur. Sanki söhbət mediadan deyil, hansısa “quduz it”dən gedir.

Rəşad Məcidin açıqlamasından sonra bəzi ölkələrin, o cümlədən Böyük Britaniya və Almaniya MŞ-nin saytlarına nəzər saldıq. Gördük ki, özünütənzimləmə dedikdə, söhbət yalnız Media Məcəlləsinə uyğun olaraq jurnalistikada etik qaydaların qorunmasından gedir. Burada cəmiyyətin “mətbuatın hücumu”ndan qorunmasına dair bir söz belə yoxdur.

Məsələn, Almaniya MŞ-si yerli mətbuatın azadlığını qorumaqla yanaşı, onun nüfuzunun qorunmasına da cavabdehdir. Almaniya Mətbuat Şurası jurnalistlərin xəbər mənbələrinə maneəsiz çıxışını dəstəkləyir, redaksiya məlumatlarının qorunması və maliyyə bazarı hesabatları ilə bağlı özünütənzimləməni təmin edir.

Bizim MŞ-nin hansısa media quruluşunun nüfuzunu qorumağa cəhd göstərdiyini görmüşükmü?! Xeyr. Əslində, MŞ vəzifəsini düzgün yerinə yetrsəydi, bu, jurnalistikanın inkişafına, jurnalist peşəsinin nüfuzunun artmasına gətirib çıxarardı. O zaman jurnalistlərin sosial durumunun, məişət qayğılarının monitorinqinə belə ehtiyac qalmazdı.

Doğrusu, Rəşad Məcid MŞ sədri seçiləndə, bu, bəlkə də kimlərisə, o cümlədən KONKRET.az-ın kiçik kollektivini də sevindirmişdi. Saf jurnalistlər düşünürdülər ki, sələfi Əflatın Amaşovdan fərqli olaraq “525-ci qəzet”in baş redaktoru medianın problemlərinə daha dərindən bələddir. Ümid edilirdi ki, o, bu sahənin dirçəldilməsi, mətbuatın dövlət orqanları və ictimaiyyətlə əlaqələrinin möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılması, jurnalistlərin peşə vəzifəsini yerinə yetirərkən rastlaşdıqları çətinliklərin operativ surətdə aradan qaldırılması istiqamətində var gücü ilə calışacaq. Zatən bunu Mətbuat Şurasının əsasnaməsi də tələb edir. Amma, təəssüflər olsun ki, belə olmadı. Sən demə, MŞ ölkəmizdə “gözətçi” funksiyasını öz üzərinə götürübmüş və media cameəsində “asayişi” qorumaqla məşğul imiş.

Pardon, MŞ-nin saytına nəzər salsaq, bu funksiyalara “ahıl məclisləri” də daxil imiş. Sanki MŞ-nin yox, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytındasan.

MŞ saytındakı xəbərlərə baxanda daha çox ahıl jurnalistlərin yubileylərinin və ədəbiyyat tədbirlərinin keçirildiyini görürsən: “Xalq qəzeti”nin əməkdaşı Zərifə Hüseynovanın 70 illik yubileyi ilə bağlı toplantı keçirilib”, “Əməkdar jurnalist Əntiqə Qonağın 65 illik yubileyi ilə bağlı toplantı keçirilib”,  “Ziyayi Qafqaziyyə (1880-1884)” kitabının təqdimatı keçirilib” və sair.

Çox təəssüf ki, MŞ vəzifəsi cəmiyyəti düzgün məlumatlandırmaq olan jurnalistlərin müdafiəsinə qalxmağı bacarmır. Bu yaxınlarda ailə qatili Əhmədovun məsələsində olduğu kimi. MŞ özünü cinayətkar şəxsin xalası adlandıran birisinin canlı efirdən hadisəni işıqlandıran media nümayəndələrinin ünvanına “ağızlarına gələni yazırlar” təhqirinin və “onları bir-bir məhkəməyə verəcəyi” təhdidinin qarşısında susqunluq nümayiş etdirir. Bu şəxsə “xanım, siz öz vəzifəsini yerinə yetirən medianı təhqir və təhdid edə bilməzsiniz, peşəkar fəaliyyətə müdaxilə edə bilməzsiniz” deyilmir. MŞ heç Əhmədin narazı qohumları ilə medianı bir araya gətirmək və aralarında etimad yaratmaq cəhdi də göstərmədi.

Görəsən, nə vaxta qədər MŞ əlahiddə bir dəstəni öz tədbirlərinə toplamaqla vəzifəsini bitmiş hesab edəcək? Hanı jurnalistikamızın və ictimaiyyətimizin yeni, perspektivli simaları? MŞ-nin əsas funksiyalarını yerinə yetirməsinin zamanı nə vaxt gələcək? Əgər yerinə yetirə bilmirsə, bu qurumun saxlanılması büdcəyə əlavə yük deyilmi?

Rus kinorejissoru Leonid Qaydayın “I əməliyyatı və Şurikin digər macəraları” komediyasındakı “Tərəfdaş” novellasının anti-qəhrəmanı Fedyanın sadalanan iş yerlərinin hər birinə “Mən” cavabı, yəqin ki, əksəriyyətimizi ürəkdən güldürüb. Cəmiyyətin bəzi tanınmış adamlarının, o cümlədən  Rəşad Məcidin eyni anda bir neçə vəzifə daşıdığını görəndə istər-istəməz həmin epizod yada düşür. Amma bu dəfə gülməyin gəlmir…

KONKRET.az-ın analitik qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*