Milli Məclis və YAP Milonovun cavabını niyə vermir?backend

Milli Məclis və YAP Milonovun cavabını niyə vermir?

Cəmi bir həftə öncə hörmətli deputatlarımız haqqında yazmışdım, iradımı bildirmişdim. Demişdim ki, bizim deputatlarımız efir sevdalısıdırlar, gündəm azarına tutulublar. Yazmışdım ki, insan bir sahənin mütəxəssisi olar. Uzaqbaşı digər bir sahədən də müəyyən bilgisi olar. Amma bizim bu deputat tayfası hər zadı bilir. Xarici siyasətdən deyirsən, danışırlar, beynəlxalq münasibətdən deyirsən, bakılılar demiş, “nəgi var” xırdalayırlar, iqtisadiyyat deyirsən, türklər demiş, bunların “göbək adıdır”. Çünki hamısı kommersantdır. Sosial məsələ deyirsən, bunların əzbər bildiyi şeydir. Erməni-türk münasibəti deyirsən, ona da tarixçidən yaxşı izah verməyə çalışırlar. Hələ Azərbaycan tarixini “voobşe su kimi içirlər”. Ona görə də harda aş, orda başdırlar. Çağırsalar da, gedirlər, çağırmasalar da, özlərini “yuxarıdan” tapşırtdırırlar. Bir sözlə, bizim deputatlarımızın analoqu yoxdur. Onlar təkcə “savadlı” və “natiq” deyillər, həm də hazırlıqlıdırlar. Sən sadəcə qafiyəni tut, dalını özləri gətirəcək.

Hə, bir də onu demişdim ki, adamı adətən pul danışdırır. Kefin kök olandan sonra danışmağa nə var ki! Özü də bilirsən ki, televizorun qarşısındakının sənə əli çatmır. Deyə bilmir ki, “ay insan, filan şeyi düz demirsən, filan məsələ o cür olmayıb”. Bu günsə bir daha əmin oldum ki, deputatlarımız gülləni boşa atmırlar. Onların bütün çıxışları korporativ maraqlar üzərində qurulub. Məsələn, ölkə rəhbərliyinin uğurlu siyasəti haqqında nə qədər desən danışarlar, yoruldum deməzlər. Üzdə olan bəzi məmurlarımız haqqında da danışmağa həvəslidirlər. Lakin təşəbbüskarlığa gələndə and içmək üçün bir deputatımızın adı yada düşmür. Hələ demirəm ki, dünyada baş verən proseslərə də çox laqeyddirlər. Heç Azərbaycanla bağlı məsələləri də izləmirlər. Baxmayaraq ki, özlərini hər zaman vətənpərvər və siyasi cəhətdən ayıq insanlar kimi göstərməyə çalışırlar.

Ola bilsin ki, hansısa deputat fikirlərimə etiraz etsin. Onda deyirəm: “Ay qardaş, neçə gündür bütün Rusiya bir-birinə dəyib. Dövlət Dumasının deputatı, hakim “Vahid Rusiya” partiyasının fəallarından biri Vitali Milonov xalqımızı təhqir edib, başından yekə qələt edib. Bəs siz deputatlar niyə o şərəfsizin cavabını vermirsiniz?”.

KONKRET.az olaraq son günlər bu məsələ ilə bağlı Rusiya gündəmini izləyirik. Dövlət Dumasının komitə sədri Leonid Kalaşnikovun, tanınmış jurnalist, aktivist Maksim Şevçenkonun və digər rus ziyalıların fikirlərini öyrənib, oxucularımıza təqdim etmişik. Amma çox təəssüf ki, 121 deputatımızdan bircəciyi Milonovun hədyanlarına münasibət bildirməyib. Çünki məsələdən xəbərləri yoxdur. Ona görə ki, ancaq ölkə gündəmini izləyirlər. Onlar üçün ölkə gündəmi daha maraqladır. Amma millətin vəkili olan şəxs istənilən ümummilli məsələdə öndə getməli, nümunə göstərməlidir. Bəli, Vitali Milonov azərbaycanlılar, ümumilikdə türklər haqqında ermənilərin belə deməyə cəsarət edə bilmədiyi sözləri deyib. Bəs bu erməni ətəyindən düşən şərəfsizin cavabı niyə verilmir? Axı bu gədə sıradan biri deyil, Dövlət Dumasının deputatıdır.

Məhz buna görə Milli Məclis fövqəladə iclas çağırmalı, müzakirələr aparmalı, Dövlət Dumasından izahat və Milonovun mandatdan məhrum edilməsini tələb etməlidir. Bəli, bunun başqa yolu yoxdur. Amma neyləyək ki, Milli Məclis rəsmiləri də, deputatlarımız da hələ ki, susur. Niyə susur? Başadüşülən deyil… Hələ hakim partiyamız olan YAP-ı demirəm. Axı bu şərəfsiz Milonov Rusiyanın hakim “Vahid Rusiya” partiyasının fəallarından biridir. Bəs elə isə Əli Əhmədov, Əli Həsənov, Siyavuş Novruzov, Mübariz Qurbanlı və digərləri niyə susur? Göz görə-görə ermənilərin “tırkası” ilə bir “rus ayısı” ən ağır şəkildə xalqımızı təhqir edir, milli kimliyimiz haqqında hədyanlar danışır. Bəs hakim partiyamız hara baxır?

Deyək ki, deputatlarımızın vaxtı olmadığı üçün Rusiya gündəmini izləmirlər. Bəs YAP-ın 700 mindən artıq üzvu hara baxır? Niyə qəti münasibət göstərilmir? Nəzərə alaq ki, bu il Rusiyada parlament seçkiləri keçiriləcək. Ona görə də çalışmalıyıq ki, növbəti seçkilərdə Milonov, Zatulin kimilər mandata həsrət qalsın. Əks təqdirdə bu cür şərəfsizlər xalqımızın heysiyyatı ilə hələ çox oynayacaq. Ona görə də Milli Məclis də, YAP da ən qısa zamanda qətiyyətli mövqe nümayiş etdirməlidir. Əks təqdirdə sonra gec olacaq.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*