“Müharibənin nəticələri döyüş meydanındakı itkilərlə ölçülmür” – ÖZƏL AÇIQLAMAbackend

“Müharibənin nəticələri döyüş meydanındakı itkilərlə ölçülmür” – ÖZƏL AÇIQLAMA

Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, martın 18-də Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının işğal etdiyi Xerson vilayətinin Çernobaevka aerodromuna yenidən hücum edib. Hava zərbəsi nəticəsində qvardiya general-leytenantı Andrey Mordviçev, eləcə də bir neçə digər rus generalı həlak olub. Müharibə başlayandan artıq 10-a yaxın rus generalının döyüş əməliyyatalarında öldürüldüyü söylənilir. Bəs görəsən ordu generallarının ölümü Rusiyanın məğlubiyyətindən xəbər verirmi?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, bəzən bu məlumatlar yanlış ola bilir: “Müharibənin getdiyi dövrdə tərəflər qarşılıqlı olaraq informasiya mübadiləsi aparır. Rusiya silahlı qüvvələrinin general-leytenantının həqiqətən də ölüb-ölmədiyi bəlli deyil. Digər tərəfdən itkilərin sayı barədə də dəqiq məlumat yoxdur. Müxtəlif mənbələr fərqli rəqəmlər səsləndirir. İzlədiyimiz video və foto kadrlar bəzən bir tərəfin mövqeyini ifadə edir. Amma qarşı tərəf öz telekanallarında və informasiya resurslarında Ukrayna tərəfinin daha çox itkiyə məruz qalması ilə bağlı faktlar təqdim edir. Onların nə dərcədə reallığı əks etdirdiyini müəyyənləşdirmək çox çətindir”.

Mirzəbəyli: “İraq ordusu sadəcə Kərküklə kifayətlənməyəcək” - 17.10.2017,  Sputnik Azərbaycan

Politoloq əlavə edib ki, bu müharibədə kiminsə qalib gələcəyi gözlənilmir: “Döyüş əməliyyatları və müharibə hazırda davam edir. Lakin bu müharibədə kiminsə qalib gələcəyi gözlənilmir. Çünki iki qardaş xalqın bir-birinə əbədi düşmən olması müharibənin yaratdığı acı nəticədir. Bu, rus və ukrayna xalqlarının maraqlarına cavab vermir. Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatlar fonunda qarşılaşdığı problemlər qalib gəlmək üçün heç bir əsasın olmadığını göstərir. Müharibənin nəticələri sadəcə döyüş meydanındakı itkilərlə ölçülmür. Rusiya üçün müharibənin nəticələri bu itkilərdən dəfələrlə ağırdı. Təbii ki, Ukrayana da nəticədən asılı olmayaraq öz ərazilərini bərpa etməli və uzun illər müharibənin ağır nəticələrinə qatlanmalı olacaq. Müharibədə sadəcə geosiyasi reallıqlarla barışmayan bir iddialı qüvvə var. Qarşı tərəf isə öz ərazi bütövlüyünü, maraqlarını qorumağa çalışır. Qərb müharibənin gedişindən öz maraqları üçün istifadə etməyə çalışır və Ukraynaya verilən vədlər qarşısında öz missiyasını icra etmir. Əslində bütün bunlar dünyadakı acı mənzərəni ortaya qoydu. Hesab edirəm ki, bundan sonrakı proseslər bütün geosiyasi reallıqları dəyişəcək. Bunun müsbətə və ya mənfiyə doğru olacağını proqnoz etmək çətindir”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*