NATO ilə əməkdaşlıq genişlənir: Üzvlük mümkündürmü?backend

NATO ilə əməkdaşlıq genişlənir: Üzvlük mümkündürmü?

Azərbaycanın NATO ilə əməkdaşlığının genişlənməsi fonunda ölkənin gələcəkdə alyansa üzv olub-olmayacağı vaxtaşırı müzakirə mövzusuna çevrilir.

Bəs mövcud geosiyasi reallıqlar və Bakının xarici siyasət kursu fonunda Azərbaycanın NATO-ya üzvlüyü real görünürmü?

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Azərbaycan uzun illərdir NATO ilə müxtəlif istiqamətlərdə əməkdaşlıq etsə də, alyansa üzv olmaq niyyətini ortaya qoymayıb.

Oqtay Qasımov

“Azərbaycan artıq 30 ilə yaxındır NATO ilə əməkdaşlıq edir. Lakin ölkənin bu təşkilata üzv olmaq niyyəti yoxdur. Bununla bağlı rəsmi açıqlama verilməyib və bu istiqamətdə hər hansı addımlar da atılmır. Bununla belə, NATO ilə əməkdaşlığımız davam edir və genişlənir. Bu münasibətlər həm Azərbaycan, həm də alyans üçün qarşılıqlı fayda verir”.

Ekspert qeyd edib ki, Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursu və indiyədək tutduğu mövqe də NATO-ya üzvlük məsələsinin gündəmdə olmamasını şərtləndirən əsas amillərdəndir:

“Azərbaycan hərbi bloklara qoşulmamaq siyasətinə üstünlük verən ölkədir. Bu baxımdan hansısa hərbi alyansın üzvünə çevrilməsi indiyədək həyata keçirdiyi xarici siyasət kursu ilə uzlaşmır. Eyni zamanda, Azərbaycanın NATO üzvü olan dövlətlərlə də kifayət qədər normal və qarşılıqlı maraqlara əsaslanan münasibətləri mövcuddur”.

O.Qasımovun fikrincə, yaxın perspektivdə Azərbaycanın NATO-ya üzvlüyü real siyasi gündəm mövzusu deyil. Hazırkı geosiyasi şərait və Azərbaycanın xarici siyasət prioritetlərini nəzərə alsaq, ən azı yaxın 5-10 il ərzində ölkənin NATO-ya üzvlüyü müzakirə edilən məsələ olmayacaq.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*