“Nezavisimaya qazeta”: İran Bayden üçün İsraildən daha vacibdi – ANALİTİKAbackend

“Nezavisimaya qazeta”: İran Bayden üçün İsraildən daha vacibdi - ANALİTİKA

ABŞ-ın yeni seçilmiş prezidenti İslam Respublikası ilə “nüvə anlaşması” na qayıtmaq niyyətindədir. İranlı fizik Möhsün Fəxrizadənin öldürülməsi Con Baydenin İrana yaxınlaşma planlarına heç bir şəkildə təsir etməyib. ABŞ-ın yeni seçilmiş prezidenti ölkəsini İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planına qaytaracağını təsdiqləyib. Xatırladaq ki, Donald Tramp Amerikanı İran əleyhinə beynəlxalq sanksiyaların ləğvini təmin edən “nüvə anlaşması”ndan çıxarmışdı.

27 noyabrda İranın nüvə proqramının rəhbəri Fəxrizadə Tehran ətrafındakı ərazidə öldürüldükdən sonra ABŞ rəsmiləri bu hadisəni heç bir şəkildə şərh etmədi. Bu cinayətin İsrail tərəfindən törədildiyini birbaşa söyləyən İranın ittihamlarına və ya mənbələrə istinadən “New York Times” qəzetinin suallarına da cavab verilmədi.

İddialara görə, Amerika kəşfiyyatı Fəxrizadənin İsrail xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində öldürülməsindən xəbərdar idi.

Beləliklə, Bayden nəhayət, İran hadisələri ilə bağlı ötəri bir şərh verdi. “New York Times” qəzetinin köşə yazarı, Amerikanın Yaxın Şərq üzrə ən yaxşı jurnalistlərindən biri, Pulitzer mükafatı laureatı Tomas Fridmanın Baydenlə telefon əlaqəsi olub. Jurnalist ondan seçki kampaniyası dövründə elan etdiyi hədəfə – ABŞ-ı “nüvə anlaşmasına” qayıdacağı fikrində olub-olmadığını soruşub? “Bu asan olmayacaq. Amma bəli”, – deyə Bayden cavab verib.

Bunun ardınca özünü deşifrə etməyi lazım bilməyən Ağ evdəki məlumatlı şəxs “Bayden müttəfiqləri və tərəfdaşları ilə birlikdə İranın nüvə proqramı ilə bağlı məhdudiyyətləri gücləndirmək və genişləndirmək, üstəlik  bəzi “əlavə razılaşmalar” hazırlamaq niyyətində olduğunu deyib. Əslində, Birgə Hərtərəfli Fəaliyyət Planı özü də İrana qarşı sanksiyaların zəifləməsi müqabilində bu cür məhdudiyyətlərin tətbiq edilməsini nəzərdə tutur. Vaxtilə Barak Obamanın səyləri ilə ABŞ-ın bağladığı bu razılaşmadan çıxması iranlıların nüvə inkişafını davam etdirməsinə gətirib çıxardı. İndi Fəxrizadənin qətlindən sonra İran parlamenti ölkənin həmin plandan çıxmasını göstərən bir qanun qəbul etdi. Düzdür, qanun prezident tərəfindən hələ təsdiqlənməyib və etibarlı deyil.

Bəlkə də Fridman haqlıdır. O, özünün mənbələrinə istinad edərək, Baydenin Birgə Hərtərəfli Fəaliyyət Planı iştirakçı sayında artım gözlədiyini təklif edib. Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü (Rusiya, Çin, Böyük Britaniya, Fransa və ABŞ), eləcə də Almaniya anlaşmaya imza atıblar. Bu, İran üzərindən sanksiyaların ləğv edilməsinə dair dünyanın aparıcı gücləri tərəfindən zəmanət verildiyi zaman 5 + 1 deyilən formuldur.

Bayden İranın ərəb qonşuları Səudiyyə Ərəbistanı və BƏƏ-nin Birgə Hərtərəfli Fəaliyyət Planına qoşulmasını istəyir. Birincisi, Ərəb dünyasının iqtisadi cəhətdən ən güclü ölkəsi, İslam Respublikasının Orta Şərqdəki geosiyasi və ideoloji rəqibi. BƏƏ bölgədə xüsusi rol oynayır. Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Ərəb və İslam Araşdırmaları Mərkəzinin baş tədqiqatçısı Vladimir İsayevin “NG”-yə verdiyi müsahibəsində qeyd etdiyi kimi, bu ölkə ənənəvi olaraq İran və Səudiyyə Ərəbistanı ilə bərabər münasibətlər qurmağa çalışıb. Və bu yaxınlarda BƏƏ Bəhreynlə birlikdə İbrahim Sazişinin üzvü oldu. Beləliklə, BƏƏ Birgə Hərtərəfli Fəaliyyət Planına üzv olarsa, onda onlar qismən siyasi ortaq olduqları yəhudi dövlətini təmsil edəcəklər.

Lakin İsrail hələ Baydenin “nüvə anlaşması”na qayıtmaq niyyətindən qətiliklə məmnun deyil. Noyabr ayında İsrailin Baş naziri Benyamin Netanyahu onu açıq şəkildə fikrini dəyişməyə çağırıb. “Nüvə anlaşmasına qayıtmayın. İranın nüvə silahı istehsal etməməsini təmin etmək üçün güzəştsiz bir siyasətə riayət etməliyik”, – deyə İsrailin ilk Baş naziri bildirib.

İsrail mətbuatı bu mövzuda Baydenin seçki kampaniyası dövründə komandasının nümayəndələrinin verdiyi açıqlamaları xatırlayır. Beləliklə, avqust ayında onun köməkçisi Kəmalə Harris birmənalı şəkildə yəhudi dövlətini dəstəkləyib. “Açıq deyim, İranın nüvə silahı almasına icazə verməyəcəyik. İsrailə hər cür ABŞ dəstəyi verməyə davam edəcəyik”, – deyə Harris vurğulayıb.

Ancaq qeyd etmək lazımdır ki, Baydenin ölkəni Birgə Hərtərəfli Fəaliyyət Planına qaytarmaq niyyəti barədə dediyi sözlər yeni seçilmiş prezidentlə bir reportajda deyilib, başqa bir şey deyil. Eyni zamanda, Baydenin Fəxrizadənin qətlinə heç bir qiymət verməməsi də maraqlıdır. Tramp da susur. Fəxrizadə məsələsinə BMT Təhlükəsizlik Şurasında baxılsa, ABŞ-ın mövqeyi aydınlaşacaq. İransa bunu tələb edir.

“Nezavisimaya qazeta” 3 dekabr 2020.

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*