“Crocus City Hall” ona görə seçilib ki, Rusiyanın Ukraynaya hücumunun başladığı gün orada konsert var idi”.
KONKRET.az-ın məlumatına görə, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Məlumatda deyilir ki, terror aktı törətməkdə təqsirləndirilən şəxslərin mobil telefonlarında məhz 24 fevral 2024-cü ildə paytaxt regionunda dinc sakinlərə hücum planlaşdırdıqlarına dair məlumatlar aşkar edilib. Həmin gün “Crocus”da “Lyube” qrupunun Vətən Müdafiəçiləri Gününə həsr olunmuş “Sənin uğrunda…” konserti keçirilib.
Mütəxəssislər təqsirləndirilən şəxslərin saxlanılarkən məhv etməyə çalışdıqları mobil telefonlarının məzmununu bərpa ediblər. Orada cinayətə hazırlığın təfərrüatlardan bəhs edən kifayət qədər maraqlı məlumatlar aşkarlanıb.
Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, terrorçuların kuratorunun göstərişi ilə hücum yeri kimi “Crocus City Hall” konsert zalı seçilib.
“2024-cü il fevralın 24-də səhər saatlarında, yəni xüsusi hərbi əməliyyatın başlanmasının ildönümündə iştirakçılardan biri internet resurslarından “Crocus City Hall” binasının girişlərinin və ona gedən yolların təsvirlərini taparaq skrinşotları kuratora göndərib. Təqsirləndirilən şəxs ifadəsində bütün bunları təsdiqləyib”.
O, həmçinin qeyd edib ki, terrorçulardan birinin telefonunda dağıdılmış evlərin fonunda Ukrayna bayrağı olan hərbi formada insanların fotoşəkilləri və nalayiq jest əks olunmuş Ukrayna poçt markası aşkar edilib.
Nədənsə, Petrenko ehtimal edir ki, bu məlumatlar törədilmiş terror aktı ilə xüsusi hərbi əməliyyatın keçirilməsi arasında əlaqəni göstərə bilər.
Xatirə SADİQ,
KONKRET.az
