Növbədənkənar prezident seçkiləri – Partiya sədrlərindən AÇIQLAMAbackend

Növbədənkənar prezident seçkiləri - Partiya sədrlərindən AÇIQLAMA

Gələn il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərin vaxtından əvvəl keçirilməsinə münasibət bildirən bəzi partiya sədrləri qərarın gözlənilməz olmadığını bildiriblər.

KONKRET.az xəbər verir ki, “Gələcək Azərbaycan” partiyasının sədri Ağasif Şakiroğlu da vurğulayıb ki, “Gözlənilməz heç nə yoxdur. Azərbaycan müharibədən çıxmış, qələbə qazanan dövlətdir və qələbəni ordusunun gücünə, xalqının iradəsinə uyğun təmin edib. İndi ölkədə bir postmüharibə dövrü başlayıb. Bu isə növbədənkənar prezident seçkisiylə ölkənin ictimai-siyasi həyatına yeni rəng qatacaq.

Məsələnin digər tərəfinə gəlincə, bilirsiniz ki, növbədənkənar prezident seçkiləri olmasaydı, seçkilər 2025-ci ilin aprel ayında keçirilməliydi. Eyni zamanda 2025-ci ilin fevral ayında parlament seçkiləri olmalıydı. İki seçki 3 ayın içində keçirilməsin deyə və ölkənin siyasi insitutlarının inkişafı, ölkənin siyasi həyatına rəng qatılması, eləcə də postmüharibə dövründə vaxtında və yerində verilən qərardır. Partiya olaraq biz seçklirə hazırlaşırıq. Müəyyən qərarlarımız var. Bunu partiyanın “Facebook” səhifəsində də elan etmişik. Dekabrın 23-də partiyanın növbədənkənar qurultayı olacaq və qurultay öz namizədi ilə prezident seçkilərində iştirak edəcək. Hər halda partiyanın namizədi mənim üçün məlumdur”.

Növbədənkənar prezident seçkilərinin keçirilməsinə daha bir partiya sədrinin münasibətini öyrəndik. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirdi ki, bu məsələyə şərh verilməsi hələ tezdir: “Bu sərəncamı cənab prezident verib. Deməli, nəyisə hesablayıb bu cür addım atıb. Sərəncam hüquqi baxımdan konstitusiyanın 101-ci maddəsinə uyğundur və prezidentin belə bir hüququ var. İndi bunu zəruri edən hansı siyasi, tarixi, texniki məsələlərdir, onu deyə bilmərəm. Yəqin yaxın vaxtlarda buna aydınlıq gələcək. Mən bu gün rəsmi şərh edilməyən məsələni ehtimallar, mülahizələr irəli sürməklə doğru hesab etmirəm”.

Öz partiyasından prezidentliyə namizədlik məsələsinə toxunan Pənah Hüseyn bildirib ki, bu məsələlərin müzakirəsi hələ tezdir və yaxın zamanlarda bəlli olacaq.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*