Nura Suridən Prezidentə və Vitse-prezidentə MÜRACİƏTbackend

Nura Suridən Prezidentə və Vitse-prezidentə MÜRACİƏT

Mövcud karantin vəziyyətilə əlaqədar toylara qoyulmuş qadağa müğənni və musiqiçilərin narahatlığına səbəb olub. Artıq bir neçə gündür ki, bu barədə bəzi müğənnilər sosial şəbəkələr üzərindən fikirlərini də əsaslandırırlar.

Müğənni Nura Suri də məsələ ilə bağlı Prezident İlham Əliyevə və Vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb.

KONKRET.az həmin müraciəti təqdim edir:

“Hörmətli cənab Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva!

Mart ayından etibarən işsiz qalmışıq. Düşünürdük ki, iyunda hər şey normala dönəcək. Bu müraciət tək müğənnilər və musiqiçilərə görə deyil. Ümumilikdə bütün şadlıq saraylarında, restoranlarda çalışanlar (ofisiantlar, xadimələr, aşpazlar və s.), gözəllik salonları, geyim mağazaları, avtomobil kirayəsi (gəlin aparmaq üçün), gül mağazaları, texniki avadanlıqlar, bazarlarda çalışanlar və bilavasitə işləri toylara bağlı olan günəmuzd işləyənlərin adındandır…

İşləri toy sektoruna bağlı olan hər kəsin işi dayanıb və gəliri yoxdur…

Kiminsə maşını, evi var, amma martdan indiyədək qazancı yoxdur. Bu insanlar necə dolansın? Onlara 190 azn yardım da düşmür…

Hər şey dayanıb. Avqustun sonunda isə Məhərrəmlik ayı girir. Buradan da iki ay iş olmayacaq. Hələ payızda ikinci dalğanın olacağı bildirilir. Bu qədər insan işsiz qalacaq. Bizim sağlamlığımızı düşünərək, bizi qorumaq üçün verilən qərarlar digər tərəfdən bizə maddi çətinlik yaradır.

Cənab Prezident, hörmətli Mehriban xanım!

Biz müğənnilər bütün dövlət tədbirlərində iştirak edir, xeyriyyə işləri görürük. Hər zaman dövlətimizin yanındayıq.

Xalq artistindən tutmuş ən sıravi müğənnisinədək öz hesabına ən ucqar rayonlara konsertlərə gedirik. Vaxtilə bununla bağlı pul ayrılsa belə, həmin ödənişlər ifaçılara çatmayıb. Biz dövlətimizin adı olan yerdə maddi maraq güdməmişik. Həmişə dövlətimizə, millətimizə yararlı olmaq istəmişik.

Bir neçə iş sahəsi də musiqiçilərə, müğənnilərə bağlıdır. Buradan menecerlər, prodüserlər, gözəllik salonları, atelyeler, mağazalar və digər yerlər də evinə çörək pulu aparır. İyunadək birtəhər keçinənlər var idi. Düşünülürdü ki, iyunda hər şey bitəcək. Lakin bu müddət uzadılsa, krediti olan sənətçilər, onlarla işçinin evinə maaş verən musiqiçilərin halı necə olacaq? Eləsi var ki, xəstə anasına yardım etmək üçün banka girib, pulları necə qaytarsın? Həmçinin, beş ay çalışmamaq növbəti beş ay ərzində də maddi sıxıntılar çəkməklə nəticələnəcək. Banka borcu olanların faizləri yüksələcək, zəncirvari bir-birinə bağlı olan şəxslər də istəmədən bir-birinə maddi zərər vurmuş olacaqlar. Bu, iqtisadiyyatımıza da ziyandır.

Yuxarıda da qeyd etdiyim kimi, bu müraciət təkcə mənim adımdan yox, bütün bu sahədə çalışan insanların adındandır…

Hörmətlə, Nura Suri”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*