“Nüvədən istifadə Putini tam məhv etmək üçün gözəl fürsətdir” – Kreml rəhbəri şərti intihara gedəcəkmi?backend

“Nüvədən istifadə Putini tam məhv etmək üçün gözəl fürsətdir” - Kreml rəhbəri şərti intihara gedəcəkmi?

“Ərazi bütövlüyümüzə təhdid olacağı təqdirdə nüvə silahından istifadə edəcəyik”. Rusiya Prezidenti Vladimir Putinin səfərbərlik qərarının ardınca belə bir açıqlama ilə çıxış etməsi ciddi müzakirələrə səbəb olub. Bir çox ekspertlər şəxsən Putinin dilindən belə bir fikirin səsləndirilməsini dünya üçün real təhlükə hesab ediblə. Bəs görəsən Kreml rəhbərinin bu açıqlaması sadəcə hədələməkdir, yoxsa Putin həqiqətən nüvə silahından istifadə edə bilər?   

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə bildirib ki, Putin iradəsi və əsəbləri zəif olan tərəfi qorxutmaq üçün belə bir fənd işlədir: “Kreml rəhbəri Ukraynanı bombalamaq və məhv etməklə hədələsə də, ancaq Rusiyaya toxunmamağı tələb edir. Bu isə mümkün deyil. Lazım gəlsə Ukrayna Rusiya torpaqlarında da öz hərbi əməliyyatlarını keçirəcək. Putin dünyanı nüvə silahı ilə hədələsə də, özünün bu addımından sonrakı aqibətini düşünür. Lakin hesab edir ki, iradəsi zəif dövlətlər ona qarşı heç bir addım atmayacaqlar. Amma Kreml rəhbəri yanılır. Putin bilməlidir ki, Ukraynada mülki obyektlərə və dinc insanlara qarşı endirilən zərbələrin cavabı Rusiya tərəfinə mütləq veriləcək”.

Zərdüşt Əlizadə:“Rusiya çürüyür, Qazaxıstandan da, Qarabağdan da....  çıxacaq”

Politoloq əlavə edib ki, öncəliklə Qərb Putinin nüvə silahından istifadə etmək qərarının həyata keçməməsinə çalışacaq: “Əgər Kreml rəhbəri taktiki nüvə silahından istifadə etmək qərarı versə, o zaman Rusiya bütün dünya cəmiyyətindən təcrid olunacaq. Dünyada Putinlə əlaqə yaratmaq istəyən bir siyasətçi də qamayacaq. Türkiyə, Çin, İran , Hindistan və hətta Belarusiya da Rusiya ilə münasibət yaratmayacaq. Çünki o, beynəlxalq cinayət törədən şəxs kimi tarixdə qalacaq. Hətta belə bir addım atsa, Ruisyanı BMT-dən də qovacaqlar. Çünki nüvə silahı olmayan dövlətə qarşı BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən birinin nüvə istifadəsi beynəlxalq cinayətdir”.

Zərdüşt Əlizadənin sözlərinə görə, Putin bu açıqlaması ilə sadəcə hədə-qorxu gəlməyə çalışır: “Ola bilər ki, Putin ağlını itirib və intihara cəhd edir. Çünki nüvə silahından istifadə etmək şərti intihardır. Yaxud da sadəcə olaraq Qərbi qorxutmağa çalışır. Amma Qərb onun təhdidlərindən qorxan deyil. Əvvəla bütün bu hadisələr Qərbin deyil, Ukraynanın ərazisində baş verir. İkincisi də nüvədən istifadə Putini tam şəkildə məhv etmək üçün çox gözəl fürsət ola bilər”.

Müşviq Tofiqoğlu,

KONKRET.az    

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*