Osmanlı xəyalları ilə uyudulan xalq: ABŞ Türkiyəni niyə mühasirəyə alır?..backend

Osmanlı xəyalları ilə uyudulan xalq: ABŞ Türkiyəni niyə mühasirəyə alır?..

Aleksandropolis bazasından sonra, Krit adası da Amerika bazası olaraq istifadə edilməkdədir. İndi də Qərbi Trakiyada böyük təlim keçirilir. Görəsən bütün bunlar kimə qarşı edilir?.

 

Təxminən 20 ildir ki, ABŞ öz “bazalar zənciri” sayəsində bir tərəfdən Avropa ilə Rusiyanın arasına girir, cənubdan Çini mühasirəyə alır, digər tərəfdən isə Türkiyəni Balkanlar, Şərqi Aralıq dənizi, İraq və Suriyanın şimalından hava bazaları və terror təşkilatları ilə mühasirəyə almağa çalışır.

Türkiyənin mühasirəyə alınması müxtəlif zamanlarda Türkiyədəki siyasi kadrların ABŞ-la işbirliyi içində olması nəticəsində mümkün oldu. Məsələn, bu gün İraqın şimalındakı Bərzani dövlətinin təməlini qoyan “Çəkic Gücü” keçmiş Türkiyə prezidenti Turqut Özal və onun baş naziri Məsud Yılmaz tərəfindən ölkəyə dəvət edilmişdi. Müxalifət də bu prosesi təsdiqləmişdi. Milli Təhlükəsizlik Şurasının iclasları zamanı bu gücün səlahiyyət müddətinin uzadılması üçün tövsiyələr verilir və qərarlar Məclis tərəfindən qəbul edilirdi. “Çəkic Gücü” Türkiyəyə yerləşmiş və İraq hökumətinin İraqın şimalına girməsini qadağan edərək kürd muxtariyyətini qurmuşdu.

Suriyanın vətəndaş müharibəsi prosesinə daxil edilməsi ABŞ-ın “İslamdaxili qarşıdurma strategiyası”nın bir məhsulu idi. Həmin vaxt Türkiyəni idarə edən yeni siyasi kadrlar, yəni Abdullah Gül və Rəcəb Tayyib Ərdoğan hökumətiləri bu prosesə kömək etmiş, Suriyadakı vətəndaş müharibəsinin əsasını qoyan güclərin bir hissəsinin Türkiyədə təhsil almasını təmin etmiş, sonra da onlara logistik dəstək və silah vermişdi. Buna görə də ABŞ AKP hökumətinin daxili siyasətdə çətin vəziyyətə düşməməsini təmin etdi və guya qaçqınlara təhlükəsiz zona yaratmaq məqsədi daşıyan, ancaq türk əsgərlərinin 30 kilometr dərinlikdən keçməsinə icazə verilməyən əməliyyatlar həyata keçirdi. Beləliklə, 30 km-lik zonanın altındakı bölgədə PKK-nın Suriya qolunu da heç narahat etmədən bir dövlət qurmağı bacardı.

Bütün bunlar davam edərkən Türkiyədəki ictimaiyyət Osmanlı xəyalları və filmləri ilə aldadıldı, milli və dini həyəcan yüksəldildi və bəzən də “Kanal İstanbul” kimi aya getmək layihələri ilə xalq az qala yuxuya verildi.

Bu müddətdə əkinçilik də çökdü, Xəzinə boşaldıldı və ABŞ-dakı bir cəmiyyətin ümidinə qalan ordu və məhkəmə sistemi 15 İyuldan sonra siyasiləşdirildi. Ölkənin müqavimət qüvvələri olan dövlət qurumları bir-bir ələ keçirilərkən, milli hədəfləri olan bütün siyasi qurumlar dəyişdirildi. İndi isə yeni bir dövlət qurulmasından bəhs edilir.

Yunanıstan 2004-cü ildə AKP hökumətinin təsdiqi ilə 18 türk adasını işğal etdi. O dövrdə də xalq Avropa Birliyi ilə bağlı xəyallar qurmağa davam etdi.

Türkiyə Ayasofiya barədə danışarkən ABŞ, Yunanıstan, Fransa və Almaniya Egey və Aralıq dənizində Türkiyənin qarşısında yeni səddlər inşa etdi. ABŞ 23 İyul 2020-ci ildə bir mərasimlə Aleksandroupolis hərbi bazasını açdı.
Milli Müdafiə Nazirliyinin keçmiş baş katibi, istefada olan polkovnik Ümit Yalım isə ABŞ-ın dəniz və hava bazası açdığı Aleksandroupolis bölgəsinin 1923-cü il tarixli Lozanna müqaviləsinə uyğun olaraq hərbisizləşdirmə vəziyyətində olduğunu və Lozanna razılaşmasının Trakiya Sərhədinə dair Konvensiyaya əsasən, Türkiyə ilə Yunanıstan və Bolqarıstan arasında olan sərhəddin hər iki tərəfində 30 km-lik bir qeyri-hərbi zona olduğunu xatırladıb. Onun sözlərinə görə, “Yunanıstan və ABŞ Lozanna Müqaviləsini pozarkən hökumət hadisələri eləcə izlədi. Yunanıstana “bir musiqi notası” belə verilmədi”.

Məlum olduğu kimi, Şərqi Aralıq dənizindəki bu yunan cəsarətinin arxasında Amerika şirkətlərinin bölgədəki təbii qaz qaynaqları üçün Kipr-Rum dövləti ilə imzaladığı müqavilələr var. Əslində, Fransa Türkiyəyə qarşı uğursuz olduqda ABŞ bölgədə güc göstərməyə başladı. ABŞ-Yunan hərbi əməkdaşlığı yeni qurulan Amerika bazaları ilə və Türkiyə sərhəddinnin yaxınlığında keçirilən hərbi təlimlərlə irəliləməyə başlamışdı. Aleksandroupolis bazasından sonra, Krit adası da Amerika bazası olaraq istifadə edildi. İndi də Qərbi Trakiyada böyük bir təlim keçirilir. Görəsən, kimə qarşı edilir?.. (pia.az)

 

 

 

  • Bəylər
    Fevral 28, 2021 - 09:32

    Təhlil Türkiyəyəyə qarşı təhdid formasında verilmiş, analiz güya Türkiyənin düzgün siyasət aparmaması fonunda isiqlandirilmisdir. Türkiyənin respublika quruluşundan sonra təxminən 100 il Türkiyə hərbi, siyasi və iqtisadi cəhətdən əsasən qərbin, Amerikanin nəzarətində olmuşdur. Amma sonda SSRİnin dağılmasından sonra Azərbaycandakı vəziyyət, Türkiyəyə qarşı birləşərək heç bir əsas olmadan əks həmlə siyasəti, Türkiyəni parçalamaq hədəfi Türkiyəni qəti şəkildə hərəkətə keçməyə məcbur etdi. Türkiyə həm daxildə, həm də xaricdə Amerikanin və qərbin dəstəklədiyi terrorçu dəstələri zərərsizləşdirməyə başladı və bu siyasət bu gün də davam edir. Müəllif kanal İstanbul proyesi və Türkiyənin uzay proyelərinin zərərli olması kimi təqdim etməyə çalışirl. Kanal İstanbul Türkiyə üçün milyardlar vəd edən layihədir. Amma muxalifət partiyaları bilərəkdən buna qarşı çıxmaqda davam edirlər. Türkiyə durmadan hərbi, iqtisadi gücünü artırmaqda davam edir. Əgər bugün Türkiyə güclü olmasaydı, Azərbaycan Qarabagda qarşısına qoyduğu hədəflərə çatmaq arzularıni həyata keçirə bilməzdi. Mən inanıram ki, Türkiyə 2023-ilə qədər öz qarşısına qoyduğu məqsədlərinə çatacaqdır. Bunlardan isə Azərbaycan ancaq qazana bilər. Amma yazı müəllifi kimi Azərbaycanda digər insanlar da var ki, heç də Türkiyənin güclənməsindən məmnun deyillər. Azərbaycanin dövlət səviyyəsində Pkk-nı terror təşkilatı kimi tanımamasi bunun sübutudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*