Paşinyan Moskvaya getməyə məcburdur – AÇIQLAMAbackend

Paşinyan Moskvaya getməyə məcburdur – AÇIQLAMA 

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın paytaxtı Moskvaya rəsmi səfər edib.

Belə ki, Paşinyan Rusiya paytaxtında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iştirakçısı olan ölkələrin liderlərinin növbəti sammitində iştirak edəcək.

Bəs görəsən, Paşinyanın Moskva səfərinin arxasında hansı pərdəarxası məqamlar dayanır? İrəvanda başlayan etiraz aksiyaları ilə bağlı hansı məsələlər müzakirəyə çıxarılacaq?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Əlimusa İbrahimiov cavablandırıb. O bildirib:

“İrəvanda mitinq və iğtişaşların olduğu bir vaxtda Paşinyanın Moskvaya getməsi onu göstərir ki, Ermənistanda müxalifətin təşkil etdiyi nümayişlər hakimiyyət üçün ciddi təhlükə törətmir. Əgər ciddi təhlükə olsaydı Paşinyan İrəvandan Moskvaya getməzdi. Görünür etiraz aksiyaları Ermənistan hakimiyyətini qorxutmur. Əslində Paşinyan Moskvaya məcburiyyət qarşısında gedir. KTMT-nin 30 illik yubileyidir və üzv dövlətlərin hər biri bu toplantıya dəvət olunub. Ermənistan baş naziri isə təşkilata sədrlik edir. Buna görə də Paşinyan Moskvaya getməyə məcburdur. Onun əsas məqsədlərindən biri Rusiya-Ukrayna arasındakı müharibədə vəziyyətin nə yerdə olduğunu öyrənməkdir. Hesab edirəm ki, Ermənistan lideri Putinlə müzakirələr aparmaq əvəzinə Rusiyanın hazırki vəziyyətini öyrənmək istəyir. O, buna uyğun olaraq hərəkət trayektoriyasını müəyyən edəcək”.

Politoloqun fikrincə, Paşinyan müharibənin Putinin siyasi iradəsinə necə təsir etdiyini bilmək istəyir:

“Bu səfər əslində bir növ həm də kəşfiyyat məqsədlidir. Paşinyanın həm Rusiya Prezidenti, həm KTMT-ə daxil olan digər üzvləri ilə kulis arası söhbətləri olacaq. Lakin Kreml rəhbərinin Paşinyanla hansı məsələləri müzakirə edəcəyini proqnoz etmək çətindir. Səfərdən qayıtdıqdan sonra onun Azərbaycanla Ermənistan münasibətlərində tutduğu mövqeyindən çıxış edərək Moskvada müzakirə edilən məsələlər haqqında fikir söyləmək mümkündür. Hesab edirəm ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərində ciddi dəyişikliklər gözlənilir. Rusiya sülh müqaviləsinin imzalanması və kommunikasiya xətlərinin açılmasında Ermənistana təzyiqlər göstərir. Brüssel görüşündən sonra Paşinyan Azərbaycanın təklif etdiyi beş maddəni qəbul etdiyini açıqladı. Lakin Rusiya səfərindən sonra o, təkliflərə bəzi əlavələr etdi. Bütün bunlar onu deməyə əsas verir ki, məhz Rusiyanın təzyiqi və təsiri nəticəsində Ermənistan lideri öz mövqeyini dəyişir”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*