Ermənistandakı siyasi dəyişikliklərdən sonra Rusiya ilə münasibətlər yeni bir dinamika qazanıb. KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovla görüşündə söyləyib.
“Baş nazir seçildiyimdən bəri münasibətlərimizdə yeni bir dinamika var. Bu yaxınlarda Rusiyaya rəsmi səfərimin gələn il baş tutacağı və bundan sonta Rusiya prezidentinin Ermənistana rəsmi səfəri ilə əlaqədar razılıq əldə olunub”, – deyən Paşinyan iki ölkə arasında ticarətin 2 milyard dollara çatacağına ümid etdiyini bildirib.
Onun sözlərinə görə, bütün bunlar Ermənistan və Rusiya arasında müttəfiq, strateji əlaqələrin daha da inkişafı üçün vacib imkanlar yaradır. “Əminəm ki, səfəriniz ikitərəfli münasibətlərə yeni təkan verəcək. Münasibətlərimizin gələcək inkişafına çox nikbin baxıram”, – deyə Baş Nazir qeyd edib.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bazar günü axşam Ermənistana rəsmi səfərə gəlib. Lavrovun İrəvana rəsmi səfəri noyabrın 11-dək davam edəcək.