Yeni müharibə dalğası Azərbaycanda ərzağı bahalaşdıracaq? – Ekspertdən AÇIQLAMAbackend

Yeni müharibə dalğası Azərbaycanda ərzağı bahalaşdıracaq? – Ekspertdən AÇIQLAMA

Yeni ildən dünya iqtisadiyyatı üçün daha mürəkkəb dövrün başlayacağı ilə bağlı narahatlıqlar artır. Rusiya ilə Avropa arasında münasibətlərin daha da kəskinləşməsi hərbi qarşıdurma riskini artırmaqla yanaşı, enerji, logistika və ərzaq bazarlarında ciddi dəyişikliklərə səbəb ola bilər. Belə bir ssenaridə Azərbaycanın da xarici şoklardan təsirlənməsi istisna deyil.

Bəs mümkün yeni müharibə və geosiyasi gərginlik Azərbaycanda ərzaq qiymətlərinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, indidən mütləq yeni müharibənin başlayacağını demək düzgün deyil. Onun sözlərinə görə, əsas məsələ mümkün ssenarilərə iqtisadi baxımdan hazır olmaqdır.

Pensiya almaq istəyənlərin diqqətinə: Hər kəs bunu bilmir Gündəm24.az

Ekspert qeyd edib ki, Rusiya ilə Avropa arasında münasibətlərin daha da kəskinləşməsi enerji, logistika və ərzaq bazarlarına ciddi təsir göstərəcək:

“Yeni ildən dünya iqtisadiyyatı üçün daha mürəkkəb dövr başlaya bilər. Rusiya ilə Avropa arasında münasibətlərin daha da kəskinləşməsi hərbi qarşıdurma riskini artırmaqla yanaşı, enerji, logistika və ərzaq bazarlarına da ciddi təsir göstərə bilər. Amma indidən mütləq yeni müharibə başlayacaq demək düzgün deyil. Biz iqtisadiyyat baxımından mümkün ssenarilərə hazır olmalıyıq”.

Asif İbrahimovun sözlərinə görə, Azərbaycan üçün əsas risk ərzaq və kənd təsərrüfatı məhsullarının idxalında yaranacaq əlavə xərclərlə bağlıdır. Xüsusilə taxıl bazarında Rusiyanın xüsusi çəkisinin yüksək olması mümkün məhdudiyyətləri Azərbaycan üçün əhəmiyyətli riskə çevirir:

“Rusiya ilə bağlı logistika, ödəniş, sığorta və ixrac məhdudiyyətləri yaranarsa, bunun təsiri təkcə buğdanın qiymətində yox, unun, çörəyin, makaronun və digər məhsulların qiymətində də hiss oluna caq”.

Ekspert vurğulayıb ki, mümkün bahalaşma yalnız ərzaq idxalı ilə məhdudlaşmaya bilər. Enerji qiymətlərinin artması gübrə, yanacaq və nəqliyyat xərclərinin də yüksəlməsinə gətirib çıxara bilər. Bu isə nəticədə kənd təsərrüfatı məhsullarının maya dəyərini artıraraq istehlak bazarına təsir göstərə bilər.

“Gübrə bahalaşırsa, fermerin maya dəyəri artır. Yanacaq və logistika bahalaşırsa, məhsulun istehlakçıya çatdırılması bahalaşır. Yəni xaricdə başlayan bir geosiyasi böhran müəyyən müddətdən sonra gəlib Azərbaycan ailəsinin ərzaq səbətinə təsir edə bilər”, – deyə o, bildirib.

Bununla yanaşı, Asif İbrahimov mümkün qlobal böhranın Azərbaycan üçün müəyyən imkanlar da yarada biləcəyini qeyd edib. Onun fikrincə, təchizat zəncirlərinin dəyişməsi Azərbaycanın tranzit və logistika əhəmiyyətini artıra, Orta Dəhlizə marağı gücləndirə bilər.

“Eyni zamanda, xaricdən gətirilən məhsullar bahalaşdıqca yerli istehsal üçün də bazar imkanları genişlənir. Burada əsas məsələ budur: biz böhrandan yalnız şikayət edən ölkə olacağıq, yoxsa yaranan imkanlardan istifadə edən ölkə?”

Ekspert hesab edir ki, daxili kənd təsərrüfatının, emal sənayesinin, logistikanın və ərzaq istehsalının rəqabətqabiliyyətli olması xarici şokların təsirini əhəmiyyətli dərəcədə azalda bilər.

Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi yalnız məhsul ehtiyatlarının mövcudluğu ilə ölçülməməlidir:

“Ərzaq təhlükəsizliyi o deməkdir ki, toxum, gübrə, su, enerji, texnika, fermer, emal və logistika zəncirinin hamısı işlək və dayanıqlı olsun. Əks halda xaricdə baş verən hər bir böhran daxildə qiymət artımı kimi qarşımıza çıxacaq”.

Asif İbrahimov sahibkarların artan xərcləri məsələsinə də toxunaraq bildirib ki, bu amil çox vaxt problemin səbəbi deyil, nəticəsidir. Onun fikrincə, məhsuldarlığın artırılması, rəqabətin gücləndirilməsi, logistika xərclərinin azaldılması və daxili istehsalın idxalla rəqabət aparmaq imkanlarının genişləndirilməsi əsas prioritetlərdən olmalıdır.

“Çünki gələn il dünyada müharibə, enerji və ərzaq bazarında hansı şokun baş verəcəyini tam proqnozlaşdırmaq mümkün deyil. Amma bir şeyi bu gündən müəyyən etmək mümkündür: xaricdəki şokların Azərbaycan vətəndaşının süfrəsinə nə qədər böyük qiymət artımı kimi gələcəyi bizim daxildə qurduğumuz iqtisadi modeldən asılı olacaq”, – deyə ekspert əlavə edib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*