Azərbaycanda ət məhsullarının qiyməti ilə bağlı gözləntilər yenidən gündəmə gəlib. Xüsusilə payız aylarında yem xərclərinin artması, otlaq imkanlarının məhdudlaşması və ətə tələbin yüksəlməsi qiymətlərə təsir edə bilər.
“Payız aylarına doğru ətin qiymətinin indiki səviyyədən bir qədər də yüksəlməsi ehtimalı var. Lakin artımın miqyası bazardakı təklifdən, yem və digər istehsal xərclərindən, həmçinin idxalın həcmi və dünya bazarındakı qiymətlərdən asılı olacaq”.
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, Azərbaycanda xüsusilə mal və qoyun ətinin bahalaşmasına təsir edən əsas amillər arasında yem xərclərinin yüksəlməsi, heyvandarlıq təsərrüfatlarının digər məsrəflərinin artması, otlaq imkanlarının məhdudluğu, kəsim və logistika xərcləri, eləcə də daxili tələbin mövsümi dəyişməsi dayanır.
“Payızda havaların soyuması ilə otlaq imkanlarının azalması fermerlərin yemə daha çox vəsait xərcləməsinə səbəb ola bilər. Bu da məhsulun maya dəyərinə təsir göstərir”, – deyə ekspert bildirib.
A.Nəsirlinin sözlərinə görə, hazırkı bazar tendensiyası davam edərsə, payız aylarında mal ətinin pərakəndə satış qiyməti 1 kiloqram üçün təxminən 19–22 manat, qoyun ətinin qiyməti isə 22–26 manat aralığında formalaşa bilər.
“Daha ciddi təklif problemi və ya yem qiymətlərində əlavə artım yaranarsa, bəzi satış nöqtələrində bu rəqəmlər daha yüksək ola bilər. Lakin bunlar dəqiq proqnoz deyil, mövcud amillər əsasında ehtimal olunan qiymət diapazonudur.
Digər tərəfdən, qiymətin kəskin bahalaşmasının qarşısını ala biləcək amillər də var. İdxalın artırılması, bazara kifayət qədər heyvan və ət məhsulunun çıxarılması, yem qiymətlərinin sabitləşməsi və dövlət tərəfindən heyvandarlığa dəstək mexanizmlərinin gücləndirilməsi qiymət artımını məhdudlaşdıra bilər”.
Ekspert qeyd edib ki, payız aylarında tələbin dinamikası da qiymətlərə ciddi təsir göstərə bilər.
“Toy və digər mərasimlərin intensivləşməsi, havaların soyuması ilə ətə tələbin artması qiymətləri yuxarı istiqamətdə hərəkətləndirə bilər. Əksinə, alıcılıq qabiliyyətinin zəifləməsi və istehlakçıların daha ucuz məhsullara, xüsusilə toyuq ətinə yönəlməsi qiymət artımını müəyyən qədər zəiflədə bilər”.
A.Nəsirli hesab edir ki, əsas risk ət qiymətlərindəki artımın mövsümi xarakterdən çıxaraq struktur problemə çevrilməsidir.
“Yerli heyvandarlığın məhsuldarlığı artırılmasa, yem bazası gücləndirilməsə və fermerlərin istehsal xərcləri aşağı salınmasa, uzunmüddətli perspektivdə ətin ucuzlaşması çətin olacaq. Buna görə payıza doğru 1–3 manatlıq əlavə bahalaşma ehtimalını real hesab etmək olar. Lakin ətin qiymətinin birdən-birə çox yüksək səviyyələrə qalxması üçün ciddi təklif şoku və ya idxal kanallarında problem yaranmalıdır”.
Aynurə İsmayıl
KONKRET.az
