ABŞ-ın Yaponiyanın nüvə imkanlarından müdafiə məqsədilə istifadə etməsinə müsbət yanaşdığı halda, İranın nüvə proqramına qarşı sərt mövqe sərgiləməsi beynəlxalq müstəvidə müzakirələrə səbəb olur. Vaşinqtonun bu iki ölkəyə münasibətindəki fərq ikili standart kimi qiymətləndirilə bilərmi? İran bu siyasətə hansı addımlarla cavab verə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, ilk baxışdan ABŞ-ın Yaponiya və İrana münasibətdə fərqli mövqeyi ikili standart təsiri bağışlasa da, bu yanaşmanın arxasında müəyyən siyasi və təhlükəsizlik amilləri dayanır.
![]()
“ABŞ Yaponiyanın nüvə enerjisindən dinc məqsədlərlə istifadə planlarını dəstəkləyir. Eyni zamanda, bu proqram Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nəzarəti altındadır və Vaşinqtonun Tokio üzərində ciddi təsir imkanları mövcuddur.
Yaponiyanın İkinci Dünya müharibəsindən sonra qəbul etdiyi konstitusiyada da bu məsələlərlə bağlı mühüm məqamlar öz əksini tapıb”.
O.Qasımovun fikrincə, bu amillər nəzərə alındıqda, ABŞ-ın iki ölkəyə münasibətdəki siyasətini ilk baxışdan ikili standart kimi qiymətləndirmək mümkündür və bu yanaşmada müəyyən həqiqət payı da var.
Ekspert hesab edir ki, İranla bağlı vəziyyət isə fərqlidir. Belə ki, onun fikrincə, İrandakı rejimin aqressiv siyasəti, region ölkələrinə təsir göstərmək cəhdləri, proksi qüvvələrə dəstək verməsi və digər dövlətlərin daxili işlərinə müdaxiləsi beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur.
Şərhçi vurğulayıb ki, məhz bu amillər İranın nüvə proqramı ilə bağlı beynəlxalq müstəvidə əlavə suallar yaradır:
“Bu baxımdan İran və Yaponiyaya münasibətdə fərqlərin olduğunu görürük və bu da başa düşüləndir”.
Beləliklə, Oqtay Qasımovun qənaətinə görə, ABŞ-ın hər iki ölkəyə münasibətindəki fərqləri yalnız ikili standartlarla izah etmək düzgün olmazdı. Burada ölkələrin siyasi kursu, beynəlxalq öhdəlikləri və regional təhlükəsizlik məsələləri də mühüm rol oynayır.
Aynurə İsmayıl
KONKRET.az
