“Payızda Paşinyanı devirmək planı var, erməni kəşfiyyatı təşkilatçıları axtarır” – Zərdüşt Əlizadənin PROQNOZUbackend

“Payızda Paşinyanı devirmək planı var, erməni kəşfiyyatı təşkilatçıları axtarır” - Zərdüşt Əlizadənin PROQNOZU

Ermənistanın ədliyyə naziri Qriqor Minasyan konstitusiya islahatları ilə bağlı referendumun 2027-ci ildə keçiriləcəyini deyib. Vurğulamaq yerinə düşər ki, Azərbaycan tərəfi Ermənistanla sülh müqaviləsi imzalamaq üçün əsas şərt kimi ölkə konstitusiyasının dəyişdirilməsini göstərib.

Maraqlıdır, sülhün əldə edilməsi 2027-ci ildən tez baş verməzsə, proseslər hansı məcrada inkişaf edəcək? Bu, yeni müharibə ehtimalını gücləndirirmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Zərdüş Əlizadə payızda Ermənistanda çevriliş ola biləcəyini deyib:

“Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistan konstitusiya islahatları keçirməyəcəksə, onlarla sülh müqaviləsi imzalanmayacaq. Görünən odur ki, məsələ 2027-ci ilə qədər uzanacaq. Ölkə başçısı İlham Əliyev qeyd edib ki, tərəflər arasında yalnız ümumi müddəaları özündə əks etdirən sənəd imzalana bilər. Baxın, hazırda qonşu ölkədə ciddi proseslər baş verir. Ehtimal olunur ki, Rusiyayönümlü müxalifət payızda Nikol Paşinyanı devirmək üçün çevrilişə cəhd etsin. Məlumdur ki, baş nazir mitinqlərlə postundan salına bilməz. Narazı qüvvələr qan tökülməsini istəyəcəklər. Bundan sonra isə revanşist hərbi birləşmələr Paşinyanı devirməyi planlaşdırır. Hazırda erməni kəşfiyyatı təşkilatçıları müəyyən etməyə çalışır”.

Ekspert vurğulayıb ki, Paşinyanın postunda qalacağı halda, sülh müqaviləsi daha tez imzalana bilər:

“Paşinyan çevrilişin qarşısını ala və postunda qala bilsə, ruspərəst qüvvələr ölkədən qovulacaq. Bundan sonra hətta 2025-ci ildə sülh müqaviləsinə imza atıla bilər. O, vaxt qazanmağa çalışır. Həmçinin ola bilər ki, növbədənkənar parlament seçkiləri baş tutsun və qısa müddət ərzində Bakıda Ermənistanın, İravanda isə Azərbaycanın səfirlikləri açılsın. Qeyd etmək lazımdır ki, proseslər Paşinyanın arzuladığı şəkildə gedərsə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) təmsilçilikdən də imtina edəcək. Türkiyə ilə münasibətlərin nizama salınması da planlar arasındadır. Yox, əgər müxalifət qalib gələcəksə, o zaman Ermənistana yenə böyük zərbə dəyəcək. Münasibətlərimiz normasında olmayacaq, Rusiyadan asılı qalacaqlar. Müharibə istəyəcəklərsə, yenə də qalib Azərbaycan olacaq. Çünki qüvvələr nisbəti hamıya məlumdur. Odur ki, proseslərin necə davam edəcəyi barədə payızdan sonra daha aydın fikir yürütmək olar”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*