Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin xarici diplomatlarla Qarabağa səfəri Ermənistanda fəaliyyət göstərən “Hayakve” təşəbbüsünün təşvişinə səbəb olub.
KONKRET.az xəbər verir ki, təşkilat bununla bağlı beynəlxalq tərəfdaşlara üç müraciət ünvanladığını açıqlayıb.
Müraciətlər Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qronoya, Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyeroya, İran və Meksikanın xarici işlər nazirliklərinə, eləcə də digər yüksəkvəzifəli diplomatlara ünvanlanıb.
“Hayakve” xarici diplomatların Qarabağa səfərlərinin Azərbaycanın bölgədə apardığı siyasətin legitimləşdirilməsi vasitəsinə çevrilməməli olduğunu iddia edib. Təşəbbüs beynəlxalq tərəfdaşları Qarabağdakı qondarma “erməni dini-mədəni irsi” ilə bağlı mövqe bildirməyə və müstəqil beynəlxalq təşkilatların bölgəyə girişinə dəstək verməyə çağırıb.
Təşkilat həmçinin Qarabağı tərk etmiş erməni əhalinin dırnaqarası “təhlükəsiz, ləyaqətli və ilkin şərt olmadan geri qayıtmaq hüququ” məsələsinin beynəlxalq platformalarda gündəmdə saxlanmasını tələb edib.
Xarici diplomatların Qarabağa səfəri zamanı Azərbaycan dövlətinin təqdim etdiyi tutarlı faktlar, yerində göstərilən sübutlar erməni dairələrinin illər ərzində beynəlxalq arenada saxta yollarla təbliğ etdikləri dəyərlərin və iddiaların puç olmasına gətirib çıxarıb. Bu vəziyyət erməni dairələrində ciddi təlaş yaradıb və onları çıxılmaz vəziyyətə salıb. Artıq köhnə yalan, şər və böhtan metodlarına əl ataraq beynəlxalq aləmə yeni yalanlar sızdırmağa çalışırlar.
Bir daha xatırladırıq ki, 2023-cü ildə Azərbaycanın öz suveren ərazilərində keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin nəticəsində Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələsi gündəmə gəlib. Azərbaycan dövləti orada yaşayan ermənilərə qalıb yaşamaq, Azərbaycan qanunlarına tabe olmaq və ölkənin hüquqi sisteminə inteqrasiya olunmaq imkanlarının yaradıldığını açıqlayıb, bununla bağlı reinteqrasiya proqramı təqdim edib.
