1962-ci ilin avqust ayının 31-də əksəri bir-biri ilə tanış olmayan 120 gənc Moskvanın mərkəzində bir rəsmi binada toplaşdıq. Bizi avtobusa oturtdular və 101 saylı məktəbə apardılar. Bu məktəb şəhərdən əlli kilometr şimalda, meşədə yerləşirdi. Altmış gənc birillik kurs keçməliydi, o biri altmış gənc isə – ikillik. Ötənilki ikillik kursantlarla birlikdə biz iki yüzə qədər adam olduq. Mən bu məktəbdə olmağım üçün əhəmiyyətli dərəcədə qardaşımın tövsiyəsinə borcluydum. O, israr edirdi ki, mütləq DTK-nın təlim mərkəzində kurs keçməliyəm. Qardaşım deyirdi ki, kursu keçəndən sonra DTK-nın istənilən bölməsində işləmək hüququ verən vəsiqə alacağam, həmin vəsiqə olmadan isə mənim gələcəyim qeyri-müəyyən olacaq.

İndi etiraf edərkən xəcalət çəkirəm, amma o zaman 101 saylı məktəbi romantik müəssisə, orada keçirdiyim bir ili isə həyatımın ən yaxşı dövrü sayırdım. Sonralar, Yuri Andropovun vaxtında bu məktəbin bazası əsasında DTK-nın institutu yaradıldı və casusluq akademiyasına çevrildi, ancaq mənim dövrümdə bu, yalnız sadə bir təlim mərkəzi idi. Mərkəz meşənin ortasında üç taxta binadan ibarət idi. İki ev yaşayış üçün ayrılmışdı, biri isə tədris sinifləriydi. Hər iki adama biri düşən yataq otaqları çox sadəydi, ancaq məni burada bəzi başqa şeylər cəlb edirdi: birincisi, əla idman zalı, ikincisi, üzgüçülük hovuzu, üçüncüsü, tennis kortları və dördüncüsü, indiyədək gördüyüm hamamlardan ən yaxşısı. Hamam qüsursuz şəkildə təmiz idi, odun sobaları ilə qızdırılırdı. İri daşlarına su çiləməklə buxar əldə edilirdi. Ətraf meşəlik qaçmaq üçün ideal yer idi. Məktəb hündür hasarların arxasında yerləşsə də, onun ərazisini tərk etmək və meşədə bir neçə kilometr qaçmaq üçün icazə almaq çətin deyildi.
Məktəbə gəlişimizdən az sonra bizi zalda topladılar – qarşımızda fakültənin rəisi, polkovnik Vladık çıxış etməliydi. Onu görəndə heyrətləndim. Düşünürəm ki, bütün təzələr ürəklərində cantaraq və sərt zabitlərin tabeçiliyinə düşəcəklərindən qorxurdular, amma təəccübümə rəğmən önümüzdə bəstəboy və arıq, şıq kostyumlu kişi dayanmışdı. Onun xarici görünüşü, sakit, rəvan danışığı və xoşagələn ünsiyyət manerası tərbiyəli və ziyalı adam olmasının göstəricisiydi.

— Əziz dostlar, — o, səsində bu müəssisəyə xas olmayan istiliklə məlumat verdi. – Təlim-tədris dövründə siz öz əsl soyadınızı unutmalısınız. Sizə təxəllüs veriləcək, onları sizə ayrı-ayrılıqda xəbər verəcəyəm. Sizin əsl adınızı heç kəs bilməməlidir. Ona görə də bir-birinizin əsl adıyla maraqlanmağınız tövsiyə olunmur.
Daha sonra o, xəbərdarlıq etdi ki, məktəbin mövcudluğu, onun yerləşmə məkanı, burada nəyin öyrədildiyi barədə heç kimə, hətta valideynlərimizə də heç nə danışmayaq.
Sonra rəis bizi məktəbin qayda-qanunları və tədris proqramı ilə tanş etdi, ardınca bildirdi ki, silahlı qüvvələrə qəbul edilən hər kəs kimi biz də hərbi and içməliyik.
— Mən andın mətnini oxuyacağam, —o davam etdi. — sonra onun mətni yazılmış blanklar verəcəyəm, siz onu imzalayıb mənə qaytaracaqsınız.
Vladıkin təntənəli tonda andın mətnini, sözləri vurğulayaraq oxumağa başladı. And bu sözlərlə başlayırdı:
— SSRİ-nin silahlı qüvvələinə daxil olarkən mən dövlət sirlərini qoruyacağıma və öz ölkəmi son damla qanıma qədər qoruyacağıma dair öhdəlik götürürəm…
Andın oxunuşunu bitirdikdən sonra o, bizə blanklar payladı, biz onu dərhal imzalayaraq ona qaytardıq. Vladıkin özünü bizimlə sadə aparırdı, demək olar ki, ata kimi davranırdı, nəzakətlə, rəis aplombu olmadan danışırdı. Sonra o, tək-tək onun kabinetinə gəlməyimizə dair göstriş verdi. Mənim təxəllüsüm əsl soyadımla oxşar oldu. Beləcə, Qvardeytsev oldum – bu, kifayət qədər yöndəmsiz soyad idi, ancaq bir halda ki, o mənim üçün hazırlanıb və siyahıya daxil edilib, barışmaq lazım gəldi. Hələ məni xoş bir sürpriz – rütbəmin qaldırılması gözləyirdi. İndi mən kursdakı leytenantlardan biri idim.

Birinci gözümə sataşan şey hərbi müəssisənin mülki obyekt kimi dahiyanə şəkildə maskalanmış olması oldu. Burada, məktəbdə DTK-nın 1-ci baş idarənin zabitlərini ilk dəfə gördüm və dərhal özüm üçün qeyd etdim ki, onlar digər kəşfiyyatçı əməkdaşlara heç oxşamırlar. Onlar heç vaxt hərbi forma geymir, yalnız mülki libasda olurdular.
DTK-nın operativ işlərindən aralanmış, amma sərəncamda qalan əməkdaşlarından olan müəllimlər və təlimatçılar öz işlərini əla bilirdilər. Onların hamısı kifayət qədər ziyalı adamlar idi, praktik işdə zəngin təcrübəyə malik idilər, bəzilərinin isə üstəlik, yumor hissi vardı. Görünürdü ki, onlar öz işlərindən zövq alırlar. Bir sözlə, məktəb yaxşı sazlanmış mexanizmi xatırladırdı.
Bir daha qeyd edirəm ki, tədris proqramında xarici dilin öyrənilməsinə birinci dərəcəli yer verilirdi.
Mən ingilis dili ilə məşğul olmaq arzumu bildirdim.
— İngiliscə? — rəhbərlik təəccübləndi. — Hamı ingilis dilini öyrənmək istəyir. Amma siz nə üçün İsveç dilini öyrənməyəsiniz, üstəlik, bu dillə tanışlığınız var artıq. Biz çətinlik çəkmədən sizi İsveç dili üzrə sonuncu kursa qəbul edərik.
Beləliklə, mən cəmi üç nəfərdən ibarət olan dil qrupunda yer aldım. Mənimlə bərabər qrupda Feliks Mayer (əsl soyadı Meyer idi) və Yuri Vesnin (gerçək soyadı – Voznesenski) məşğul olurdu. Bir-birinə bu qədər bənzəməyən iki başqa adamı təsəvvür etmək mümkün deyil. Yuri Petrozavodskdan gəlmiş tipik rus kəndlisi idi – enlikürək, tökməbədən, sadə və hiylə bilməyən. Feliks isə əksinə, hündürboy, zərif eston idi, bir az fleqmatik, ehtiyatlı, ölçü-biçiiliydi, uzun sözün kəsəsi, əsl avropalıydı. Feliks yazıçı Soljenitsının öz əsərlərindən birində estonlara verdiyi xarakterə çox uyğun idi: “Həyatımda heç vaxt pis adam çıxan estona rast gəlməmişəm”. Meyerin qeyri-adi bioqrafiyası vardı – Sibirdə doğulmuşdu (amma indi həmin rayon Şimali Qazaxıstana aiddir). Mənim anamın Orta Asiyada yerləşmiş qohumları tək, onun əcdadları da minlərlə isveçrəli, polyak, alman kimi 19-cu əsrdə bu yerlərlə köçüblər və orada məskunlaşıblar. Eston dilində sərbəst danışmağı bacaran və öz xalqının mədəniyyətini əla bilən Feliks sovet sisteminə o qədər sadiq idi ki, demək olar, öz tarixi mənşəyini unudurdu.
Biz onunla yaxşı yola gedirdik, ancaq buna baxmayaraq, bəzi siyasi məsələlərdə qızğın mübahisələr edirdik.
Partiyanın 1956-cı ildə keçirilən və Stalinin şəxsiyyətə pərəstişini kəskin şəkildə mühakimə edən XX qurultayı Stalin repressiyasının qurbanlarının xatirəsinə monument ucaldılması barədə qərar qəbul etmişdi. Ancaq partiyanın bir çox ortodoksal üzvləri hesab edirdilər ki, Xruşov öz tərəfdarları ilə birlkdə çox qabağa gediblər və öz-özünü bu qədər kəskin tənqid etmək lazım deyil. Feliks bu cür düşünənlərdən idi. Mən əksinə, qurultay tərəfindən qəbul edilən qərarları tam bəyənirdim.
Bir dəfə növbəti mübahisə zamanı o mənə dedi:
— Heç bir abidə qoyulmayacaq. Öz rejiminin qurbanlarına necə abidə qoymaq olar? Bu ki sağlam məntiqə ziddir.
Əlbəttə, Feliks haqlı çıxdı – tezliklə monument yaradılması sakitcə unuduldu.
Çox çəkmədən məşğələlər başladı, DTK haqqında az bilənlər özləri üçün xoşagəlməz tapıntılar əldə etdilər. Bu təşkilat barədə mən atamdan eşitmişdim, məlumatsızlar qismindən olan başqaları isə sadəcə şok olmuşdular ki, praktik olaraq kəşfiyyat xidmətinin bütün işi informasiya və şəkilçəkmə üzərində qurulur. Bunlar da ikinci dərəcəli iş idi, əsas iş agent cəlb etmək idi. Bundan ötrü bu və ya digər ölkənin rezidentləri sırasından münasib adam tapmaq və onları bu və ya digər şəkildə öz ölkələrinin qanunlarını pozmağa inandırmaq, ya da vadar etmək və sovet xüsusi xidmət orqanının casusuna çevirmək lazım idi.

Bizim müəllimlər təcrübədən bilirdilər ki, gələcəkdə görəcəkləri işə görə sarsılmış bəzi kursantlar düşdükləri şoku dəf edə bilməyəcəklər və kursdan xaric olunacaqlar. Adətən, lap başda bir və ya iki adam ələnirdi. Bizim yığmadan olan kursantlar arasında bu cür zəif əsəblisi çıxmadı və biz ilk çətinliyi itkisiz dəf etdik. Amma bəziləri xarici dili heç cür mənimsəyə bilmirdi, müəllimlər özlərini nə qədər həlak etsələr də, onlar yad dildə sürətli və rəvan danışmağı öyrənə bilmirdilər.
Bizim əsas tədris vəsaitimiz “Sovet kəşfiyyat işinin əsasları” adlanın kitab idi. Bu vəsaitdə casusluq peşəsinin bütün aspektləri nəzərdə tutulurdu: ünsiyyət qurulması, casusluğa cəlb etmək üçün namizəd seçimi, cəlbetmə, casusun idarə olunması, onunla əlaqə, şəxsi görüşlər, gizli yerlərin istifadəsi, siqnal verilməsi, ani ötürülüşlər, müşahidə, izlənmənin aşkarlanması, qiyabi əlaqə istifadəsi, qısa dalğalı radio rabitəsindən istifadə. Bizə, deyək ki, şərti siqnal qoyulması haqqında mühazirə oxuyurdular. Bundan sonra biz tədris vəsaitində müvafiq fəsili əzbərləyirdik, sonra bu məsələ haqqında müəllimlərimizin tövsiyə etdiyi, kitabxanamızda olan əlavə ədəbiyyatı oxuyurduq.
Bu ədəbiyyatın böyük hissəsi təcrübəli mütəxəssis-praktiklər tərəfindən hazırlanmışdı və surətçıxaran makinada çox pis kağızda üzü çıxarılmışdı. Kəşfiyyat fəaliyyətinin prinsiplərinə həsr olunmuş qısa mətnlər veteran zabitlər tərəfindən yazılmışdı. Onların gətirdiyi nümunələr əksrəiyyət etibarilə maraqlıydı. Ancaq köhnə kəşfiyyatçıların izhar etdikləri əhvalatlar elə ixtisar edilmiş olurdular ki, bu hadisənin hansı ölkədə baş verdiyini anlamaq olmurdu.
Bu mətnlər təxminən belə başlayırdı: “Bir Asiya ölkəsində böyük Qərb dövlətinin səfirliyi yerləşirdi…”. Və sənə bundan artıq heç bir təfərrüat verilmirdi. Hadisələrin iştirakçılarının soyadları uydurma idi, əksər materiallarda eyni şəxslər yer alırdılar: mister Conson və sovet kəşfiyyatçısı Mixail Krotov.
Biz axşamlar keçmiş kəşfiyyatçıların yazıdğı bu və digər materalları oxumalıydıq. Bu əhvalatlar tam uydurma idi, ancaq yenə də məxfi sayılırdı . Veteranların yazılarını yalnız kitabxanada oxumaq olardı və onları oradan çıxarmaq qadağan idi.
(Ardı var)
Tərcümə: KONKRET.az