Praqada sülh əldə olunacaqmı? – Arzu Nağıyev: “Çox ciddi görüşdür…”backend

Praqada sülh əldə olunacaqmı? - Arzu Nağıyev: "Çox ciddi görüşdür..."

Prezident İlham Əliyev və Nikol Paşinyanın Çexiya paytaxtındakı görüşündə sülhlə bağlı irəliləyiş əldə olunacaqmı?

“Sentyabrdakı hadisələr, erməni təxribatları, avropalı parlamentarilərin tutduğu mövqe də müzakirə obyekti ola bilər”, – deyə açıqlama verən millət vəkili Arzu Nağıyev göruşün çox ciddi olduğunu vurğulayıb.

KONKRET.az-a eksklüziv açıqlamasında deputat görüş ərəfəsində sərhəddə atışmaların da olduğunu xatırladıb. Ermənistanın atəşkəsi pozması isə sülhün bərqərar olmasını istəməyən qüvvələrin addımlarıdır:

“Sülh istəməyənlərin çoxu Ermənistanın dövlət strukturlarında təmsil olunanlardı, Qarabağ klanıdır. Və onlar istəyir ki, belə görüşlərdə Azərbaycanı aqressiv, təxribatçı kimi qələmə versinlər. Lakin, bütün bunlara baxmayaraq bizim ortaya qoyduğumuz sənədlər, sübutlar var. Eyni zamanda bizim 5 təklifimiz mövcuddur. Bunların hamısı müzakirə oluna bilər”.

Millət vəkilinin fikrincə, hər görüş sülhün yaxınlaşması istiqamətində atılan ciddi addımlardır. Çünki görüşə yollanmazdan əvvəl Azərbaycan yenə humanizm göstərərək 17 hərbi əsiri Ermənistana qaytarıb:

“Əsas məqamlardan biri də odur ki, Paşinyanla Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında da görüş olmalıdır. Dolayısı ilə regional məsələlər, NATO-Rusiya, Ukrayna-Rusiya məsələlərinin hamısında Azərbaycanın öz yeri var. Taleyüklü məsələlərin həllini ortaya qoya biləcək görüşlər gözlənilir”.

Arzu Nağıyev Sankt-Peterburq görüşünə də toxunub:

“MDB məkanında qeyri-formal bir sammitdir. MDB dövlət başçılarının görüşü keçiriləcək. Bu görüşdə də müəyyən məsələlər müzakirə oluna bilər. Ələlxüsus da, Sankt-Peterburqdakı tədbirin Praqadakı görüşdən sonra keçirilməsi, yəqin ki, artıq müəyyən müzakirələrin predmetinin olduğu deməkdir”.

Deputat sonda bir daha qeyd edib ki, sülhün əldə olunması naminə belə görüşlərin əhəmiyyəti böyükdür.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*