Sumqayıtda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsinə 6 milyon manat ayrılıb.
Prezident İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Bu il şəhər statusu almasının 70 illiyini qeyd edən Sumqayıt ötən dövr ərzində parlaq inkişaf yolu keçərək, ölkənin aparıcı sənaye mərkəzlərindən birinə çevrilmiş, eyni zamanda elm, təhsil, mədəniyyət və digər sahələrdə böyük uğurlar əldə etmişdir.
Sərəncamda qeyd edilir ki, Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 6 milyon manat ayrılsın.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulmasına 5 milyon manat ayrılıb.
Prezident İlham Əliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən stadionun yenidən qurulmasının başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılır.
Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Sumqayıtda yeni məktəb binasının tikintisinə 2 milyon manat ayrılıb.
Prezident İlham Əliyev Sumqayıt şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Sumqayıt şəhərində 1 nömrəli şəhər tam orta məktəbi üçün 1800 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutacaq.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.
Sumqayıtda yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinə 1 milyon manat ayrılıb.
Prezident İlham Əliyev Sumqayıt şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Sumqayıt şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılsın.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən “ASAN xidmət” mərkəzinin tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.