Rejiminin süqutundan əvvəlki son günlərdə Bəşər Əsəd İranın hərbi yardımını çatdırmaq məqsədilə Hmeymim bazasından istifadəni müzakirə etmək üçün Putinə zəng etməyə çalışıb, lakin bu cəhdləri nəticəsiz qalıb.
KONKRET.az xəbər verir ki, bu barədə Əsədin keçmiş mətbuat xidməti rəhbəri Kamel Sakr “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə danışıb.
Əsəd bir neçə uğursuz cəhddən sonra Rusiya prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevə müraciət edib. Lavrentyev bildirib ki, Putin həmin vaxt Belarusda rəsmi səfərdə olub.
Sakrın sözlərinə görə, “təcrid olunmuş və tənha” qalan Əsəd 5 dekabrda televiziya ilə xalqa müraciət etmək niyyətində olub. Lakin o, çıxışını iki dəfə təxirə salıb və ölkəni tərk etməzdən əvvəl bu fikrindən tamamilə imtina edib.
Bildirilir ki, 8 dekabr gecəsi Rusiya hərbi attaşesi Əsədə ölkədən çıxmaqda kömək edib. Onun marşrutu Dəməşq hava limanı və Latakiyadakı Hmeymim bazası üzərindən keçib. Əsəd məhz bu bazadan Rusiyaya uçub.
KONKRET.az