Putinin 2014-cü ilin sentyabrında bağlı qapılar arxasında keçirilən görüşlərdə 5 ölkəni işğal edəcəyi ilə hədələdiyi bildirilib. Putin bildirib ki, Polşa, Rumıniya, həmçinin Estoniya, Latviya və Litva kimi ölkələri iki günə işğal edə bilər.
Latviyalı diplomat və Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovkis isə bir müddət öncə bildirib ki, Putin Ukraynadan qələbə ilə ayrılsa, hərbi hədəflərini artırıb Baltikyanı ölkələr – Litva, Latviya və Estoniyaya hücum edə bilər. Ukraynanı dəstəkləməsək, bu müharibə orada dayanmayacaq.
Bəs görəsən, bu iddialar öz təsdiqini tapa bilərmi? Putin, həqiqətən də, Ukraynadan sonra Avropa ölkələrini hədəf seçib?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Tofiq Abbasov cavablandırıb.
O bildirib ki, Putinin iddiaları emosinoal fikirlərdir:
“Müharibə dövründə informasiya və ideologiya sahəsində qarşıdurma çalarları pik həddə çatır. Firkimcə, bu iddialar hamısı söz davasıdır. Ukrayna müharibəsində də biz bunu müşahidə edirik. Hazırda Rusiya küncə sıxışdırılmış bir vəziyyətdədir. Qərb və digər dövlətlər Rusiyaya siyasi və iqtisadi təzyiqlər edir. Müharibə ilə bağlı çoxsaylı feyk xəbərlərin tirajlandığının şahidi oluruq. Əslində isə Putinin bu iddiaları heç bir halda mümkün deyil. Rusiyanın hansısa Avropa dövlətinin ərazisinə hücum etməsi inandırıcı deyil”.

Politoloq əlavə edib ki, Rusiya heç bir halda Avropa ölkələrinə hücum edə bilməz:
“Putin Rusiyanın potensialının və hərbi gücünün kifayət qədər olduğunu söyləyir. O, təkcə Ukraynanı yox, Avropanı da işğal edə biləcəyini düşünür. Bütün bunlar əslində bir növ Qərb ölkələrinə eyham, xəbərdarlıq və mesaj kimi qiymətləndirilə bilər. Putin indi bütün dünyaya “Rusiyaya qarşı gəlmək olmaz” mesajlarını verir. O, bu fikirləri səsləndirə bilər, lakin edə bilməz. Çünki Rusiya Avropaya hücum edərsə, bütün dünya xaoasa qərq olar. Bütün bunlar emosional fikirlərdir, reallaşa bilməz”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
