“Putini yalnız rus xalqı dayandıra bilər, əks halda Rusiya məhv olacaq” – ÖZƏL AÇIQLAMAbackend

“Putini yalnız rus xalqı dayandıra bilər, əks halda Rusiya məhv olacaq” – ÖZƏL AÇIQLAMA

ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin hesabatında bildirilib ki, Ukrayna ərazisinin bir hissəsinin uzun müddət işğalı Rusiya qoşunlarının tükənməsi və onların modernləşdirilmiş silah arsenalının azalması təhlükəsi yaradır. Müdafiə Kəşfiyyatının direktoru, general-leytenant Skott Barrier deyib ki, Ukraynanın güclü müqaviməti və iqtisadi sanksiyalarla qarşılaşan Rusiya həm daxili, həm də xarici auditoriyasına gücünü nümayiş etdirmək üçün daha çox nüvə arsenalına üz tutacaq.

Putin Ukraynada həqiqətən də nüvə silahından istifadə edə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını hərbi ekspert Abuzər Əbilov cavablandırıb.

O bildirib ki, hegemon rus ordusu mifi tamamilə dağılıb:

“Hegemon dövlətlərin kəşfiyyat məlumatları 99 faiz özünü doğruldur. ABŞ-ın kəşfiyyat sistemi təkcə vizual video və ya peyklərdən ibarət deyil. Onun Rusiya hökumətinə yaxın təşkilatlarında və ya silahlı qüvvələrində agentura şəbəkəsi mövcuddur. Bu vasitələr informasiyanı daha dəqiq ötürməyə qadirdir. Bu gün Putinin müharibədə nüvə silahından istifadə etməsi realdır. Çünki Putin generalların ona verdiyi yalan məlumatlardan ruhlanaraq Ukraynaya hücuma keçdi. O, 3-7 gün ərzində bütöv Ukraynanı işğal etmək istəyirdi. Lakin bu plan baş tutmadı və Putin kimi rus xalqı da aldadıldı. Ukraynanın ordusu ilə bərabər sadə vətəndaşları da öz ölkəsinin müdafiəsinə qalxdı. Müharibənin 24-cü günüdür və rus ordusunun çatışmayan cəhətləri ortaya çıxıb. Şişirdilmiş rus ordusu Ukraynada tamamilə rəzil oldu və alçaldıldı. Ukrayna xalqı əziyyət çəksə də, dünyaya yeridilmiş nəhəng rus ordusu anlayışı kiçik bir bölgədə rəzil oldu. Azərbaycanda da yeridilmiş hegemon rus ordusu mifi tamamilə dağılıb”.

Ekspert bildirib ki, bütün bunlardan sonra Rusiyanın qəddar lideri hansısa revanşist addımlar ata bilər:

“Müharibə dövründə Ukraynada Cenevrə Konvensiyasına görə qadağan olunan bir sıra silahların istifadəsinə şahid olduq. Lakin Ukrayna ordusu hələ də ciddi döyüşlərə girməyib. Ruslara vurulan ağır yaranı pərakəndə partizanlar və özünümüdafiə batalyonları vurub. Ukrayna ordusu bir neçə gün əvvəl döyüşlərə qatıldı. İndi rus ordusu Ukraynada irəliləməkdə çətinlik çəkir və itkilərinin sayı çoxdur. Rus ordusu hücumdan daha çox müdafiə xəttində dayanır. Bu da onlar üçün ölüm deməkdir. Putinin ən alçaq hərəkətlərə yol verəcəyinə inanıram. O hətta müharibədə kimyəvi və biloji silahdan istifadə etməkdən belə çəkinməyəcək. Putini yalnız rus xalqı dayandıra bilər. Bu olarsa, Rusiya dövləti yaşayacaq. Əks halda müharibədən sonra Rusiya məhv olacaq”.

Şəbnəm Mehdizadə,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*