Qapalı yerlərdə siqaret çəkən şəxslərlə necə mübarizə aparaq? – Deputatdan AÇIQLAMAbackend

Qapalı yerlərdə siqaret çəkən şəxslərlə necə mübarizə aparaq? – Deputatdan AÇIQLAMA

Pandemiya ilə bağlı bəzi məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bir müddət əvvəl yaşadığımız sosial problemlər yenidən su üzünə çıxdı. Bunlardan biri də qapalı yerlərdə, ictimai iaşə obyektlərində siqaret çəkilməsi məsələsidir.

Təəssüf ki, cəmiyyət olaraq illərdir bu problemin öhdəsindən gələ bilmirik. Qanunlar sərtləşdirilsə də buna məhəl qoyanların sayı çox azdır.

Problemin çıxış yolu nədir? Həmin şəxslərlə necə mübarizə apara bilərik?

Mövzu ilə bağlı KONKRET.az-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, bu, əslində mənəvi məsələdir:

“Qapalı yerlərdə siqaret çəkməklə bağlı dəfələrlə xəbərdarlıq edilib. Əslində bu məsələ administrativ qaydada öz həllini tapa bilməz. Qapalı yerdə siqaret çəkmək mənəvi məsələdir. Mədəni münasibətlərin inkişaf etdiyi yerlərdə belə hallara rast gəlinmir. Biz problemi hər dəfə hüquqi şəxslərin üzərinə yıxırıq. Lakin bu düzgün deyil. Restoran sahibi bəzən belə şeylərə nəzarət edə bilmir. Müştərini kobud şəkildə çölə atmaq da olmaz. Təəssüf ki, qapalı yerlərdə siqaret məsələsi cəmiyyətimizin ən ciddi problemlərindən birinə çevrilib”.

Deputat təəssüflə qeyd edib ki, ölkəmizdə bu sahədə qanun işləmir:

“Qanunun işləmə mexanizmi də çox çətindir. Bu, əslində pandemiya dövründə maska taxmamaq kimi bir vəziyyətdir. Yoluxmanın pik həddə olduğu vaxtda belə maska taxmaq istəməyən insanlar var idi. Çünki mədəni münasibətlər və sosial məsuliyyət çox aşağı səviyyədədir. Qapalı yerlərdə siqaret çəkənlərlə bağlı cərimələrin yazılması müşküldür. Belə hallar aşkar olunduqda adətən sahibkar külli məbləğdə cərimələnir və ya onun müəssisəsi bağlanır. Bu isə sahibkarlıq fəaliyyətinə mane olur. Yaxşı olar ki, cərimələr təkcə həmin məkanlarda siqaret çəkən şəxslərə yazılsın. Bu, elə bir məsələdir ki, illərdir maarifləndirmə işləri aparılır. Lakin nəticə çox zəifdir. Ona görə də həmin şəxslərə cərimə yazılmalıdır ki, belə neqativ hallar aradan qalxsın”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*