Qiyamçı generalın “ayağına gedən” dövlət başçısı: Sarkisyan Paşinyanı kimlərə və niyə qurban verdibackend

Qiyamçı generalın "ayağına gedən" dövlət başçısı: Sarkisyan Paşinyanı kimlərə və niyə qurban verdi

Paşinyan iqtidarına yaxın media orqanlarının iddiası: prezident Armen Sarkisyan terrorla hədələnib; Qiyamçı generalitet Ermənistan prezidentini Baş nazirdən daha əvvəl “devirə” bilib…

Ermənistan hazırda dünyanın ən qarışıq dövlətlərindən biridir. Bu ölkəni kimin idarə etdiyi bilinmir. Bir müddət öncəyə qədər Ermənistanın üzləşdiyi situasiyanı siyasi böhran kimi dəyərləndirmək mümkün idi. Ancaq indi mövcud situasiya əsl siyasi xaos durumudur.

Paşinyan hakimiyyəti bu durumdan çıxa biləcəkmi? Hələlik bu suala birmənalı cavab vermək bir qədər çətindir. Çünki, baş nazir Nikol Paşinyan siyasi idarəçilik mexanizmlərinə nəzarəti tədricən itirməkdə davam edir. Hakimiyyətin digər legitim qolu da siyasi böhranın aradan qaldırılması istiqamətində real addımlar atmır.

Məsələ ondadır ki, Ermənistan prezidenti Armen Sarkisyan Paşinyan hakimiyyətinin yanında yer almağa cəsarət etmir. Əksinə, müxtəlif siyasi manevrlər ilə məsuliyyətdən yayınmağa can atır. Və bu, situasiyanın normallaşmasından daha çox ziddiyyətlərin dərinləşməsinə yol açır.

Məsələ ondadır ki, Ermənistan prezidenti A.Sarkisyan Paşinyan hakimiyyəti ilə qiyamçı revanşistlər arasında vasitəçilik etməyə çalışır. Yaxud da belə bir görüntü yaratmaq istəyir. Hər halda, hər iki qarşıduran tərəflə təmaslar quraraq, siyasi anlaşma əldə olunmasına cəhd göstərir.

thumbs_b_c_99ad214ea275fa5290e8739e0aba29f6.jpg (119 KB)

Halbuki, Ermənistan prezideninin bu davranışları ölkənin gələcək taleyini təhlükəyə atır. Belə ki, bir prezidentin əsas işi vasitəçilik missiyası ola bilməz. O, ölkənin maraqları çərçivəsində dövlətin qanunlarının icra olunmasını təmin etməyə borcludur. Və istənilən fərqli davranış hansı məqsədi daşımasından asılı olmayaraq, dövlətin maraqlarına zərbədir.

Məsələ ondadır ki, Ermənistan ordusu generalların timsalında seçki ilə hakimiyyətə gəlmiş baş nazir N.Paşinyana qarşı qiyama qalxıb. Çünki, baş qərargah rəisi Onik Qasparyanın rəhbərliyi altında generalların Ermənistan baş nazirinin istefasını tələb etməsi hərbi qiyam xarakteri daşıyır. Hər halda, ölkənin siyasi səhnəsində baş verənlərin orduya heç bir aidiyyatı yoxdur. Ordu neytrallığını qoruyaraq, müdaxilə etməməlidir.

İndiki situasiyada isə baş qərargah rəisi O.Qasparyanın təşəbbüsü ilə belə bir müdaxilə edilib. Üstəlik, bu, seçki faktorunu da nəzərə aldıqda, erməni xalqının iradəsinə qarşı da yönəlmiş bir müdaxilədir.

Hər hansı ölkədə ordunun siyasi proseslərə müdaxiləsi, hakimiyyət dəyişikliyinə cəhd göstərməsi hərbi qiyam kimi dəyərləndirilir. Bu isə olduqca ciddi dövləti cinayətdir.

Baş nazir N.Paşinyan da bu məqama istinadla, Ermənistan prezidenti A.Sarkisyana təqdimat göndərərək, baş qərargah rəisi O.Qasparyanın vəzifəsindən azad edilməsini istəyib. Prezident A.Sarkisyanın reaksiyası isə müəyyən şübhələrə yol açır. Belə ki, o, qanunvericilikdə yer alan təqdimatı geri qaytarmaq hüququndan yararlanıb.

pasinyan-gasparyan.jpg (36 KB)

Halbuki, bu hüquqdan yararlanmaq üçün erməni prezident ilk növbədə baş nazir N.Paşinyanın qanunlardan deyil, məhz şəxsi maraqlardan çıxış etdiyini təsbit etməyə borcludur. Baş qərargah rəisinin hərbi qiyama cəhd etdiyini və bunun isə dövləti cinayət olduğunu nəzərə aldıqda, Ermənistan prezidenti haqsız duruma düşmüş olur.

Ancaq problem yalnız bununla da məhdudlaşmır. Belə ki, baş nazir N.Paşinyanın qiyamçı general ilə bağlı təqdimatının geri çevrilməsi, Ermənistan prezidentini qiyamın iştirakçısına çevirir. Yəni, son addımı ilə Ermənistan prezidenti A.Sarkisyan da hüquqi-psixoloji cəhətdən özünü hakimiyyət çevrilişi cəhdlərinə bulaşdırmış oldu.

Təbii ki, bu, baş nazir N.Paşinyanın qiyamçılar qarşısında tamamilə təklənməsi anlamına gəlir. İndi erməni baş nazirin yeganə ölkədaxili dayağı onun çağırışı ilə meydanlara toplanan onminlərlə tərəfdarıdır.

Amma təəccüblü də olsa, baş nazir N.Paşinyan geri çəkilmək niyyətində olmadığını bəyan edib, sona qədər mübarizə aparacağını vurğulayıb. Meydana toplaşan tərəfdarlarına isə baş qərargah rəisi O.Qasparyanın vəzifəsindən azad olunması barədə növbəti təqdimatı prezident A.Sarkisyana yenidən göndərəcəyini vəd edib.

Digər tərəfdən, baş nazir N.Paşinyan Ermənistan prezidentini küncə sıxışdıracaq eyhamdan da özünü saxlaya bilməyib. O, vurğulayıb ki, prezident A.Sarkisyan əvvəlki təqdimatı geri çevirməklə, qiyamçı generalların yanında yer aldığını göstərir. Və bu, yolverilməzdir.

pashsark.jpg (183 KB)

Göründüyü kimi, baş nazir N.Paşinyan hakimiyyətdə duruş gətirə bilərsə, prezident A.Sarkisyan üçün daha ağır günlər də başlaya bilər. Çünki, o, şübhəli davranışları ilə öz siyasi statusunu müzakirə mövzusuna çevirib.

Məsələ ondadır ki, prezident A.Sarkisyan öz siyasi statusuna nə qədər zidd olsa da, vasitəçilik missiyası bəhanəsi ilə qiyamçı generalların “ayağına” gedib və onlarla müzakirə aparıb. Halbuki, belə bir vasitəçilik müzakirələri üçün o, bir prezident kimi, qiyamçı generalları öz “ayağına” – iqamətgahına çağıra bilərdi. Və bu, hüquqi və subardinasiya qaydaları baxımından, daha anlamlı olardı.

Bütün bunlar onu göstərir ki, Ermənistanda baş nazir N.Paşinyanı devirməyə çalışsalar da, əslində, prezident A.Sarkisyan öz vəzifəsini ondan daha əvvəl itirib. Yəni, Ermənistanda prezident, baş nazirdən daha əvvəl “devrilib”. Bundan sonra ona hakimiyyətini qoruya biləcəyi təqdirdə, nə baş nazir Nikol Paşinyan, nə generallar, nə qiyamı dəstəkləyən revanşist müxalifət, nə də əhali hörmət etməz. Yəni kimsə Ermənistan prezidentini ciddiyə almaz.

Məsələ ondadır ki, A.Sarkisyan prezident postunda ilk dəfə ölkəsinin taleyində həlledici rol oynamaq şansı qazanmışdı. Ancaq o, bu şansı öz cəsarətsizliyinə qurban verdi. Belə durumda onun xarici siyasi dairələr ilə təmaslarda da sayğı gözləməsi tamamilə yersizdir.

Halbuki, ABŞ və Qərbin Ermənistanda baş verənlərə son reaksiyaları, erməni generalitetinə “həddinizi bilin” xəbərdarlıqları da prezident Armen Sarkisyana qanunlara uyğun davranmaq imkanları verirdi. Ancaq o, bu imkanları da boşuna xərclədi.

Əlbəttə, prezident A.Sarkisyanın kimlərdənsə qorxduğunu da istisna etmək olmaz. Belə ki, Ermənistan terrorizmin milli ideologiya olduğu ölkədir. Bu ölkədə dövlət rəhbərlərinin parlamentin iclas salonunda güllələnməsi ilə bağlı “təcrübə” mövcuddur.

Ola bilər ki, prezident A.Sarkisyan da onların taleyini təkrarlamaq istəməyib. Hər halda, Paşinyan hakimiyyətinə yaxın bəzi media orqanları prezident A.Sarkisyanın terror hədələri ilə üzləşərək, şəxsi həyatını qorumaq üçün qanuni səlahiyyətlərini icra etmədiyinə eyham vururlar.

Belə olduğu təqdirdə, onun sadəcə, istefa verib, bacarmadığı işdən imtina etməsi daha doğru olmazdımı? Şübhəsiz ki, bu sualın cavabı Ermənistan prezidentinə bağlı məsələdir.

Prezident A.Sarkisyanın bunu necə izah edəcəyindən asılı olmayaraq, onun qanunları heçə saydığı, baş nazir Nikol Paşinyanı “sataraq”, öz maraqları üçün qurban verdiyi inkaredilməz reallıqdır. Və belə reallıqlar Ermənistanı normal hüquqi dövlətə çevrilmək şanslarından da məhrum buraxır.

Elçin XALİDBƏYLİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*