Qubanın füsunkar meşələri və otlaqları TƏHLÜKƏDƏ: Təbiəti məişət tullantılarından qorumasaq…backend

Qubanın füsunkar meşələri və otlaqları TƏHLÜKƏDƏ: Təbiəti məişət tullantılarından qorumasaq...

Azərbaycanın ən zəngin təbii bölgələrindən biri hesab olunan Quba rayonu son illərdə artan ekoloji problemlərlə gündəmə gəlir. Xüsusilə, rayonun Xucbala, Digah və ətraf kəndlərində yerləşən meşə sahələrinin məişət tullantıları ilə çirkləndirilməsi narahatlıq doğurur. Bir vaxtlar təmiz havası, sıx meşə örtüyü və biomüxtəlifliyi ilə seçilən bu ərazilərdə indi plastik, məişət və digər tullantıların yığılması həm təbiətin tarazlığını pozur, həm də insan sağlamlığı üçün risk yaradır. Problemin daha da dərinləşməsinə səbəb olan əsas amillərdən biri də tullantıların idarə edilməsindəki boşluqlar, nəzarətin zəifliyi və bəzi hallarda əhalinin məsuliyyətsiz davranışıdır. Mövcud vəziyyət yalnız estetik problem deyil, eyni zamanda vəhşi təbiətə, torpaq və su resurslarına, eləcə də kənd təsərrüfatına birbaşa təsir edən ciddi ekoloji təhlükə kimi qiymətləndirilir.

Bəs, meşə ərazilərinin bu şəkildə zibillənməsi ekosistemə konkret olaraq hansı zərərləri vurur?

Mövzu ilə bağlı “Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov KONKRET.az-a açıqlamasında bildirib ki, zibillənmənin ekosistemə vurduğu zərərlər çoxşaxəlidir:

Amin Məmmədov: Sərsəng su anbarının mövcud vəziyyəti ilə bağlı  qeyri-müəyyənlik var- ŞƏRH - AZƏRTAC

“Xüsusilə rayon yerlərində vəhşi təbiətin geniş yayıldığını nəzərə alsaq, bu problem daha ciddi xarakterə malikdir. Meşələrə atılan tullantılarla təmasda olan vəhşi heyvanlar onları qida kimi qəbul edə bilər ki, bu da sağlamlıqları üçün ciddi təhlükə yaradır. Hətta nəsli kəsilməkdə olan və “Qırmızı Kitab”a daxil edilən növlərin belə bu səbəbdən tələf olması mümkündür.

Problem yalnız fauna ilə məhdudlaşmır. Meşə və yaşayış məntəqələrinə yaxın ərazilərdə zibilliklərin yaranması insan sağlamlığı üçün də risklidir.
Xüsusilə, yay aylarında yüksək temperatur şəraitində bu cür tullantılar antisanitar vəziyyət yaradır, infeksiya və xəstəliklərin yayılma riskini artırır. Eyni zamanda, otlaq sahələrində zibillənmə mal-qaranın sağlamlığına da mənfi təsir edir. Heyvanlar zibillə çirklənən ərazilərdə otlayarkən zərərli maddələrlə qidalana bilər”.

Amin Məmmədov vurğulayıb ki, Azərbaycan qanunvericiliyində icazə verilməyən yerlərə tullantı atan şəxslərlə bağlı müəyyən cərimə və tədbirlər nəzərdə tutulub. Bununla yanaşı, yerli icra strukturları və bələdiyyələrin üzərinə də mühüm məsuliyyət düşür:

“Bələdiyyələr tullantıların atılması üçün xüsusi yerlər ayırmalı, əhali bu barədə məlumatlandırılmalıdır. Eyni zamanda icra orqanları nəzarəti gücləndirməli, müvafiq tədbirlər həyata keçirməlidir”.

Ekspert qeyd edib ki, Quba rayonunda bələdiyyə və meşə torpaqlarının zibillənməsi ilə bağlı məlumatlıdır və bu məsələnin yerli səviyyədə nəzarətə götürülməsi vacibdir:

“Rayon üzrə bələdiyyələr və icra nümayəndəlikləri bu problemi diqqətdə saxlamalı, aidiyyəti qurumlara müraciət etməlidirlər. Bununla yanaşı, yerli icmaların iştirakı ilə təmizlik aksiyalarının təşkili, maarifləndirici lövhələrin quraşdırılması və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin bu prosesə cəlb olunması müsbət nəticə verə bilər”.

Mütəxəssis hesab edir ki, problemin həlli üçün yalnız cərimələr kifayət deyil, ictimai nəzarətin gücləndirilməsi, ekoloji maarifləndirmə və yerli səviyyədə koordinasiyalı fəaliyyət əsas rol oynayır. Qubanın zəngin təbiətinin qorunması isə həm dövlət qurumlarının, həm də vətəndaşların ortaq məsuliyyəti kimi ön plana çıxır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*